Məhkəmə qərarları › İş №2(002)-482/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-482/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-482/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş X7 xx.xx.2021-ci ildə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X7 onun oğludur. X3 xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Oğlu xx.xx.2021-ci ildə evdə qəflətən həyat yoldaşının qucağında vəfat etmişdir. Hadisə baş verən zaman yanında qayınanası X2, qaynının həyat yoldaşı X4 var idi. Oğlunu el adəti ilə Səngəçal qəsəbə qəbirstanlığında dəfn etsələr də həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımı orqana müraciət etməmişdir. Sonradan bu barədə yaşayış yeri üzrə poliklinikaya müraciət etsə də, ona ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda oğlunun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs rəisi vəzifəsini icra edən N.Rəşidova məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində qeyd etmişdir ki, o, ərizəçinin qonşusu olmuş, uşaq rəhmətə gedən vaxt evlərinə gedib ailə üzvlərinə başsağlığı vermişdir. Bundan başqa, uşağın dəfn mərasimində iştirak etmiş, nəşi Səngəçal qəsəbəsində yerləşən qəbirtanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində qeyd etmişdir ki, o ərizəçinin qonşusudur. Təxminən 2021-ci ilin mart ayının 9-da qonşuluqdan səs-küy səsi gəldiyini eşitmiş, gedib görmüşdür ki, ərizəçinin övladı vəfat edib. Dəfn və yas mərasimində iştirak etmiş, nəşi Səngəçal qəsəbə qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1813/15 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” X16 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 213 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Gülbaxt massivində qeydiyyatda olan X5 ölümü haqqında 9 nömrəli BŞX-nın Poliknikaya şöbəsində heç bir məlumat daxil olmamışdır. Belə ki, uşağın anası X1 deməsinə görə xx.xx.2022-ci il tarixdə uşaq süni qidanı içdikdən sonra uşağı çarpayısına qoymuş, bundan təxminən 5 dəqiqə sonra uşağın hıçqırtısını eşitmiş, uşağı qucağına götürəndə isə görmüşdür ki, uşaq artıq keçinib. Bu zaman X17 çağırılmış, ölüm faktı təsdiqlənmişdir, lakin bu haqda poliklinikaya məlumat verilməmiş, uşaq 9 nömrəli BŞX-nın poliklinika şöbəsində xəstəliklə bağlı heç bir dispanser qeydiyyatında olmadığından, ölüm haqqında şəhadətnamə alınması üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2020-ci ildə Bakı şəhərində doğulmuş X7 həqiqətən də xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar