Məhkəmə qərarları › İş №2(002)-531/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-531/2022

17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-531/2022 17.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 11.05.2013-cü il tarixdə X13 ilə rəsmi nikaha girməklə ailə qurmuşlar və bu nikahdan dörd övladları - 02.03.2014-cü il təvəllüdlü X8, 17.02.2015-ci il təvəllüdlü X9, 03.03.2016-cı il təvəllüdlü X10, 16.07.2018-ci il təvəllüdlü X10 və 16.07.2018-ci il təvəllüdlü X7 doğulmuşdur. Həyat yoldaşı X1 rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda valdeynləri ilə birlikdə yaşamışdır. 2014-cü ilin oktyabr ayının 6-da həyat yoldaşı Güleymanov Murad ərizəçini və böyük oğlu Mücahidi işləmək adı ilə Türkiyə Respublikasına aparmışdır. Oktyabr ayının 19-da isə onlar Suriyaya getmişlər. Digər üç övladı isə Suriyada doğulmuşdur. Yoldaşı Suriyada təlimlərə getmiş, ərizəçi isə övladları ilə evdə qalmışdır. Daha sonra Murad döyüşlərə qatılmış və 26 oktyabr 2018-ci ildə döyüş vaxtı snayperlə vurularaq öldürülmüşdür. Murad Suriyada ölərkən dostu onun olü halda şəklini telefona çəkmiş və Muradın qanlı paltarını ona gətirmişdir. O, isə həmin şəkli öz telefonuna köçürmüş və WhatsApp vasitəsilə atası X14 məxsus və baldızı X5 işlətdiyi (050) 630-41-33 saylı nömrəsinə və qaynı Samirə göndərmişdir. Bundan sonra Qobustan qəsəbəsində Muradın valideynləri yas mərasimi keçirmişlər. Muradın vəfatından sonra o və uşaqları X25 Partiyası PKK-nın kampına yerləşdirilmişdir. 2021-ci ilin iyun ayında Azərbaycan Dövləti tərəfindən o və dörd azyaşlı övladı Azərbaycana gətirilmişdir. Övladları 17.02.2015-ci il təvəllüdlü X9, 03.03.2016-cı il təvəllüdlü X10, 16.07.2018-ci il təvəllüdlü X10 və 16.07.2018-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsi olmadığına görə o doğum faktının müəyyən olunmasına dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 17.08.2021-ci il tarixli, 2(002)-2348/2021 saylı qətnaməsi ilə övladları 17.02.2015-ci il təvəllüdlü X9, 03.03.2016-cı il təvəllüdlü X10, 16.07.2018-ci il təvəllüdlü X10 və 16.07.2018-ci il təvəllüdlü X2 Suriyada doğulması faktı, miliyyətlərinin azərbaycanlı, atasının X13, anasının Ərizəçi olması müəyyən edilmişdir. Hal-hazırda dörd azyaşlı övladı onun himayəsindədir, lakin övladları körpə olduğuna görə işləyə bilmir və onları valideynlərinin yardımı ilə saxlayır. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununa əsasən övladların öz ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin mərhum əri X6 ölümü haqqında şəhadətnamə olmadığına görə övladlarına ailə başçısını itirməyə görə sosial müavinətlər ala bilmir. Göstərilənləri nəzərə alaraq, 15.01.1991-ci il təvəllüdlü əri X6 26.10.2018-ci ildə Suriyada ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki oğlu X1 rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda onlarla birlikdə yaşamışdır. 2014-cü ilin oktyabr ayının 6-da oğlu həyat yoldaşını və böyük oğlu Mücahidi işləmək adı ilə Türkiyə Respublikasına aparmışdır. Oktyabr ayının 19-da isə onlar Suriyaya getmişlər. Digər üç övladı isə Suriyada doğulmuşdur. Oğlu Suriyada təlimlərə getmiş, yoldaşı isə övladları ilə evdə qalmışdır. Daha sonra Murad döyüşlərə qatılmış və 26 oktyabr 2018-ci ildə döyüş vaxtı snayperlə vurularaq öldürülmüşdür. Murad Suriyada ölərkən dostu onun olü halda şəklini telefona çəkmiş və Muradın qanlı paltarını yoldaşına gətirmişdir. O, isə həmin şəkli öz telefonuna köçürmüş və WhatsApp vasitəsilə qızı X5 işlətdiyi (050) 630-41-33 saylı nömrəsinə və oğlu Samirə göndərmişdir. Bundan sonra Qobustan qəsəbəsində yas mərasimi keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum X13 onun oğlu olmuş, 30.10.2006-cı il tarixdə Suriyada gedən döyüşlərdə snayperlə vurulmuşdur. Gəlinlərindən ölüm xəbərini aldıqdan sonra isə mərhuma yas mərasimi verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Qaradağ Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli, 1149/69 seriyalı nikahın bağlanılması haqqında şəhadətnamədən görünür ki, X13 və X15 11 may 2013-cü il tarixdə nikaha daxil olmuş, bu barədə 441 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsinin 10 dekabr 2021-ci il tarixli, 05/Q-1784/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X13 həqiqətən də Suriyada gedən döyüşlərə qatılmış və 26 oktyabr 2018-ci ildə döyüş vaxtı snayperlə vurularaq öldürülmüşdür. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X6 26.10.2018-ci il tarixdə Suriyada ölüm faktının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15.01.1991-ci il təvəllüdlü X6 26.10.2018-ci ildə Suriyada ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar