Məhkəmə qərarları › İş №2(002)-610/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-610/2022

17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-610/2022 17.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun atası olmaqla, 10 avqust 1949cu ildə Cəbrayıl rayonunda doğulmuşdur. O ərizəçi ilə ünvan 1 ünvanında yaşamışdır. Atası xəstə olmuş, 28.12.2021-ci il tarixdə vəziyyəti ağırlaşdığından, təcili yardım çağırmış, lakin həkim gələnə kimi vəfat etmişdir. Onu el adəti ilə Lökbatan qəbistanlığında dəfn etmiş və yas mərasimi keçirmişlər. Onun başı dəfnə və dəfnlə əlaqədar işlərə qarışdığına görə mərhumun ölümünə dair şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan ölüm şəhadətnaməsi almaq üçün Qaradağ rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda ölüm şəhadətnaməsi ona bəzi sənədləri əldə etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 10.08.1949-cu ildə Cəbrayılda doğulmuş X1 28.12.2021-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur, ərizəçinin atası 2021-ci ilin dekabr ayında vəfat etmiş, mərhumun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, ərizəçi onun iş yoldaşıdır. Ərizəçinin atası 2021-ci ilin dekabr ayında vəfat etmiş, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Qaradağ Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X4 Stansiyası ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 28 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X1 adına çağırış olmuş, ünvana gəldikdə evdə kişi cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının 11 yanvar 2022-ci il tarixli məktunundan görünür ki, 10.08.1049-cu ildə Cəbrayıl rayonunda doğulmuş və 28 dekabr 2021-ci ildə Bakı şəhərində vəfat etmiş X2 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Buna səbəb mərhumun yaxınlarının ölümü təsdiq edən xəbərdarlıq vərəqəsi ilə xəstəxanaya müraciət etməmələri olmuşdur. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat Şöbəsinin 11 yanvar 2022-ci il tarixli, 05/Q-29/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 28.12.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10.08.1949-cu ildə Cəbrayıl rayonunda doğulmuş X1 28.12.2021-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar