Məhkəmə qərarları › İş №2(002)-647/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-647/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-647/2021 17.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qızı Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, X2 mənim həyat yoldaşım olmuşdur. Həyat yoldaşım X2 xx xxx 1955-ci ildə Bakı şəhərində doğulmuşdur, mənimlə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Həyat yoldaşım xəstə olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşımı el adəti ilə Abşeron rayonu, Güzdək qəsəbə qəbirstanlığmda dəfn etmişik. Lakin həyat yoldaşım xəstəxanada qeydiyyatda olmadığından həmin vaxtı ölüm haqqında şəhadətnaməsi almamışıq. Belə ki, həmin vaxt başımız dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişik. Sonradan bu barədə poliklinkaya müraciət etsəm də mənə ölum şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda həyat yoldaşım müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi mənə bəzi hüquqi sənədləri, o cümlədən anama ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ölüm haqqında şəhadətnamənin ona bəzi hüquqi sənədlərin əldə edilməsi üçün lazım olduğunu bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X3 məhkəmə iclasında öz ifadəsində vəfat etmiş şəxsin onun bacısı olduğunu, X1 xəstə olduğunu, xəstəliyi ilə əlaqədar vəfat etdiyini, dəfn və yas mərasimində iştirak etdiyini bildirmişdir. İş materiallarında olan İcbari Tibbi Sığorta üzrə Dövlət X6 Bölmələrinin İdarəetmə Birliyi 19 saylı BŞX-in 748 № li xx xxxxxx 2021-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 19 saylı BŞX-da ölümə səbəb olan diaqnozla dispenser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 05/Q- 43/15 saylı məktubundan görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə mərhum şəxsin adına tərtib edilməli olan ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 qızı xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Belə ki, Ərizəçi həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalı, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar