Məhkəmə qərarları › İş №2(002)-718/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-718/2025

11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-718/2025 11.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X11 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Seriya AZE 05515834 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X4 xx.xx.1966-ci il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 13 Nömrəli Şəhər Poliklinikası tərəfindən ərizəçiyə verilmiş №18-1-1- 80/3-120/2024, xx.xx.2024-cü il tarixli məktubda bildirilir ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5q, mənzil 103-də yaşayan 1966-cı il təvəllüdlü mərhum (xx.xx.2024-cü il tarixdə vəfat etmiş) X2, 13 nömrəli Şəhər Poliklinikası tərəfindən “Ölüm haqqında Tibbi Şəhadətnamə” (Forma AZS-106 saylı) verilməsinə imtina edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktub ilə ərizəçinin ölümün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddəyə əsasən, ölümün qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümü dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Abşeron rayonu Hökməli qəsəbəsi “X12 Cümə” məscidi dini icmasının xx.xx.2024-cü il tarixli 17№-li arayışına əsasən, X5 xx.xx.2024-cü il tarixində Abşeron rayonu Hökməli qəsəbəsi qəbiristanlığında dəfn olunmuşdur.

5. Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, Nardaran, Ləhic bağları, dalan 26 xx.xx.2024-cü il tarixdə X1 həkimə qədər ölümü müəyyən edilmişdir. İddia tələbi

6. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək xx.xx.1966-ci ildə Abşeron rayonu, Hökməli kəndində anadan olmuş X1 xx.xx.2024cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizə bununla əsaslandırılmışdır ki, X5 onun həyat yoldaşı olmaqla xx.xx.1966-cı ildə Abşeron rayonu, Hökməli kəndində anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə həyat yoldaşının vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X13 çağırış etməklə həkim çağırmışdır. Həkim gələnə qədər artıq yoldaşı vəfat etmişdir.Həyat yoldaşı X3 el adəti ilə Abşeron rayonu, Hökməli qəsəbə qəbirstanlığında dəfn etmiş və yas mərasimini keçirmişlər. Onun başı dəfnə və sair dəfinlə əlaqədar işlərə qarışdığına görə onun ölməsinə dair ölüm şəhadətnaməsi həmin vaxt almamışdır. Sonradan ölüm şəhadətnməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

8. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 36, 307-309-cu maddələrinə istinad etmişdir.

9. İddia tələbinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Ərizəçi məhkəmə baxış iclasında ərizəni müdafiə edərək bildirdi ki, vəfat edən əridir, ürəyində problem vardı. Poliklinikada qeydiyyatı yox idi. Onun vəfat etməsini görən şahidləri var. Odur ki, ərizənin təmin edilməsini xahiş edir.

11. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək ərizəçinin qonşusu olduğunu, mərhumun xəstə olmadığını və ürəyində problem olduğunu, halı pisləşən zaman təcili yardım maşını gəlsə də, əcəli ilə öldüyünü bildirdi. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən, insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patolojianatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi “Qayda”ları 4-cü bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə”nin mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.

17. Azərbaycan Respublikası nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. b) Əsaslandırma

18. İddia əsaslıdır.

19. Belə ki, işə əlavə edilmiş sənədlər əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X5 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.1966-ci il təvəllüdlü X5 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir.

20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

21. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

22. Göründüyü kimi, X5 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhum həyat yoldaşının ölümü barədə tibbi şəhadətnamə əldə edə bilməmiş, həmin sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsi də müvafiq qeydiyyat orqanı tərəfindən təmin edilməmiş, göstərilən sənədlərin əldə edilməməsinin mümkünsüzlüyü barədə sənədlər ərizəyə əlavə edilmişdir. Belə olan halda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktı məhkəmə tərəfindən təsdiq edilə bilər. Məhkəmə xərcləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

24. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar.

25. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə

26. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.

27. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1966-cı il tarixdə Abşeron rayonu, Hökməli kəndində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar