Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-797/2023 08.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma, evin boşaldılması və evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arxiv sənədlərində olan “Baş plan”dan görünür ki, ünvan 1 ünvanında “A”, “B”, “C”, “D” tikililərindən ibarətdir, həmin planda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv 9A adlı ünvan qeydə alınmamışdır.
2. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının 8/1432 nömrəli xx.xx.2014-cü il tarixli məktubunun məzmunundan görünür ki, Cavabdeh laçın rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin 4 saylı təsərrüfat başına kitabın 28-ci səhifələrində ayrı təsərrüfat kimi qeydə alınmış və Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 05 aprel 2014-cü il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** nömrəli Hüquqların Dövlət qeydiyyattı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən, əmlakın ümumi sahəsi 430.70 m2, torpaq sahəsi 0,06 ha olan fərdi yaşayış evi xüsusi mülkiyyət (tam pay hüququ) hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-188/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 3 saylı yaşayış sahəsinə köçürülməsi; iddia tələbinin Cavabdeh ailəsi ilə birlikdə həmin ünvandan çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir.
5. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli İcraata başlamaq haqqında Qərarın surətindən görünür ki, yuxarıda qeyd edilən qətnamə üzrə icra sənədinin icrasına başlanılmışdır.
6. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında su və çirkab su xidmətlərindən istifadəyə görə kod (**********001) İddiaçı adınadır, müqavilə xx.xx.2011-ci il tarixdə bağlanmışdır və ödənişlər İddiaçı adına təmin olunub.
7. İş materiallarında olan, Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, səhmdar çəmiyyətin elektron bazasında ünvan 5 ünvanında abonent olaraq Cavabdeh qeydiyyata alınmasına dair məlumat vardır.
İddia tələbi
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv nömrəsiz evdən ailə üzvləri ilə birlikdə çıxarılması, evin boşaldılması və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh Rəfayil oğlu onun oğludur, onlar Laçın rayonundan məcburi köçkün olmaqla ünvan 6 ünvandan əvvəl, yəni məcburi köçkünlüyün ilk vaxtlarında azyaşlı və yetkinlik yaşına çatmayan, o cümlədən cavabdeh Sadiq də daxil olmaqla 4 uşağı ilə bilrikdə Lökbatan qəsəbəsində yerləşən Qaradağ rayon xəstəxanasının zirzəmisində yaşamışlar. Yaşadıqları zirzəmi natəmiz, rütubətli, əlverişsiz şərait olduğundan müvafiq müraciətləri əsasında Qaradağ rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respulikası Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən mənə həmin ünvanda torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, birində 2 otaq, mətbəx və sanitar qovşağı, digərində bir otaq,mətbəx və sanitar qovşağı olan iki ev tikmiş və həmin evlərdə uşaqlarımla birlikdə yaşamışdır. Vaxt keçdikdə övladları ailə quraraq ayrılıb köçüb getmişlər. Övladlarının hər biri, yəni 4 övladı ayrı-ayrı təsərrüfat olmaqla müstəqil həyət kimi qeydiyyatdadırlar və onunla qalmamışlar. Cavabdeh Sadiq müxtəlif kirayələrdə yaşayarkən onun maddi və mənzil şəraitinin pis olmasını görüb Sadiqin ailəsi ilə birlikdə köçüb onunla otağın birində yaşamasına icazə vermişdir. Həmin otaqların üçünün də qapısı ayrı olmaqla çölə, yəni həyətə açılırdı. Xəstəliyi ilə bağlı İsmayıllı rayonunda olan qohumunun evinə getmiş, orada təxminən 1 (bir) ay qalmışdır. Sonra qayıdıb gələndə Sadiq onu evə buraxmamışdır. Bu hadisə 2019-cu ildə baş vermişdir. Cavabdehin onun öz vəsaiti ilə tikddiyi və uşaqlarını böyütdüyü evin daxili konstruksiyasında dəyişikliklər edərək onun orada yaşamaq imkanını əlindən almışdır. Belə ki, evlərin daxilində, yəni içində divarı yararaq qapı açmışdır. Halbuki həmin evin daxilində bir-birinə keçid qapısı yox idi. Hər evin həyətə açılan qapıları olmuşdur və hazırda da vardır. Nəticədə cavabdeh onu öz evinə buraxmır və evdə yerləşən bütün əşyaları da özününküləşdirmişdir. 1993-cü ildən kommunal xərcləri o özü ödəyir. Mənzildən məcburi çıxarılmasına baxmayaraq qaz, işıq və suyun kəsilməməsinə görə kommunal xərcləri də özü ödəyir. 10.İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13; Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1; 152.5; 157.2-ci maddələrinə istinad etmişdir.
11. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12.İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv nömrəsiz evi o, öz zəhməti ilə tikmiş və övladlarını böyütmüşdür. Sonradan bütün övladları ailə quraraq ayrılmış və cavabdeh qismində çıxış edən Cavabdeh isə şəraitsiz evdə yaşadığı üçün ona özü ilə yaşamasına icazı vermişdir. Lakin sonradan müvəqqəti başqa şəhərə gedib qayıdanda görmüşdür ki, Sadiq evin həyətinə it bağlamaqla onu evə buraxmır. Bir dəfə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək oğlunun həmin evdən çıxarılması və özünün köçürülməsini xahiş etsə də, onun tələbi tam təmin edilməmiş, o ünvan 7 ünvanına köçürülmüş, lakin cavabdehin həmin ünvanda yerləşən qanunsuz tikilidəki evdən çıxarılması təmin edilməmiş və nəticədə o, özünün tikdiyi evə köçə və cavabdehin həmin evdən çıxarılmasına nail ola bilməmişdir. Həmin qətnamənin icra edilməsi ilə bağlı icra məmurları da ünvanda olarkən bildirmişlər ki, məhz ev 8G ünvanına onu köçürə bilərlər. İddiaçı 8G ünvanının onun adına rəsmi qeydə alınsa da, əslində qardaşına məxsus olduğunu, ona qardaşının evində deyil, məhz öz tikdiyi evdə yaşamağın lazım olduğunu bildirərək qeyd etdi ki, işinə baxılmadığı, nəticəsiz qaldığı üçün hazırkı iddia ərizəsi ilə müraciət etmişdir, tələbinin təmin edilməsini xahiş edir. 13.İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iddia ərəzisini müdafiə edərək bildirmişd ki, hüquqlarını müdafiə etdiyi şəxsin əvvəlki iddia üzrə xahiş etdiyi ünvana köçürülməsi hissəsində iddia təmin edilmiş, cavabdehin ünvandan çıxarılması hissəsi ilə təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Lakin həmin iş üzrə yerli baxış keçirilməmiş, nəticədə icra mərhələsində anlaşmazlıq yaranmışdır. İddiaçı hazırda nömrəsiz evə olan hüquqlarının tanınmasını tələb edir. Hesab edirik ki, bu iddia vasitəsilə iddiaçı məhz istədiyi ünvana köçürülməsi və cavabdehlərin oradan çıxarılması təmin ediləcəkdir. 14.Cavabdeh məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, hazırkı iddia tələbi eyi tərəflər arasında eyni əsasla qaldırılmış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qəbul edilmişdir. Bakı şəhəri, Cavabdeh əlavə olaraq qeyd etdi ki, ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9A ünvanında yaşayır, oradan çıxarılmaları mümkün deyil, evin tikilməsində özü iştirak etmişdir. Həmin ünvanda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv 8G adlı ünvanın torpaq sahəsi üzərində tikilməsi barədə ekspert rəy vermişdir, 9A ünvanı isə kommunal xərclərin abonent kimi onun adına yazılması məqsədilə verilmiş rəsmi olmayan ünvandır. Hesab edir ki, məhkəmə artıq eyni iddiaya qiymət verdiyindən, hazırkı işə baxıla bilməz.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
25. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. b) Əsaslandırma
26. İş üzrə icraata xitam verilməlidir.
27. Belə ki, məhkəmə araşdırması nəticəsinə müəyyən olunmuşdur ki, iddiaçı eyni cavabdehə qarşı eyni tələblə, eyni əsaslarla əvvəl Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İşin qanuni və obyektiv araşdırılması məqsədilə, 2(002)-188/2021 nömrəli həmin mülki iş qaldırılmış və müəyyən edilmişdir ki, həmin iş üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbi aşağıdakından ibarət olmuşdur: “Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 saylı evdən ailə üzvləri ilə birlikdə çıxarılsın, ev boşaldılsın və iddiaçının həmin evə köçürülməsi təmin edilsin.”
28. Qeyd edilən mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 188/2021 nömrəli, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan, ünvan 3 saylı yaşayış sahəsinə köçürülməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir və qətnamə qanuni qüvvəyə minmişdir.
29. Hazırkı iş üzrə İddiaçı Cavabdeh qarşı eyni iddia tələbini irəli sürmüş, yalnız ünvanı dəyişərək, mülkiyyət hüququ əsasında ona məxsus olan “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, nömrəsiz ünvan” kimi qeyd etmişdir. Hər iki mülki iş üzrə iddia tələbində yeganə fərq - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv ünvanındakı “8G saylı ev” və “nömrəsiz ev” sözlərindən ibarətdir.
30. Məhkəmə tərəfindən mübahisəli evə baxış keçirilmiş və yerində müayinə əsasında müəyyən edilmişdir ki, baxış keçirilən sahədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 8G yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyət hüququnun rəsmi qeydə alındığı yaşayış sahəsidir, ünvan 10 (yəni ev 9A) isə cavabdehin yaşadığı tikilidir. Sonuncu yaşayış sahəsi darvazadan içəri daxil olarkən bir giriş qapısı və 3 otaqdan ibarətdir, Cavabdeh ailəsi ilə birlikdə həmin ünvanda yaşadığı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən 4 ədəd tikili müəyyən edilmişdir, ev 8G ünvanının giriş qapısı ilə ev 9A ünvanının giriş qapıları ayrıdır. İddiaçı özü yerli baxış zamanı ünvan 5 ünvanında yerləşən tikilini göstərərək iddia tələbində göstərdiyi “nömrəsiz ev”in məhz “9a” olduğunu bildirmişdir.
31. Məhkəmə araşdırması zamanı tərəflərə verilən suallara cavablarla, eyni zamanda yerli baxış keçirilməsi nəticəsində məlum olmuşdur ki, ünvan 10 ünvanı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 9a ünvanı eyni tikilini ifadə edir.
32. Göründüyü kimi, mübahisə iddiaçının özünün köçürülməsini və cavabdehin çıxarılmasını istədiyi yaşayış sahəsinin hansı ünvan – Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 8G yoxsa Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv nömrəsiz ev (ev 9A) olmasından ibarətdir.
33. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2(002)-188/2021 nömrəli mülki iş üzrə də həmin məsələ sual doğurduğundan fərdi yaşayış evinin hüdudlarının müəyyənləşdirilməsi üçün ekspertiza keçirilməsi barədə qərardad qəbul edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 1-ci küçə, ev 9A, mənzil 1 saylı yaşayış sahəsinin ərazisi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 8G yaşayış sahəsinin hüdudları daxilində yerləşirmi və ya həmin yaşayış sahələrinin əraziləri üst-üstə düşürmü? Məhkəmə ekspertiza mərkəzinin həmin iş üzrə, xx.xx.2021-ci il tarixli məhkəmə-tikinti texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-in mütəxəssis arayışına əlavə olunmuş sxemlərə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 617 kv.m, iddiaçı tərəfindən mübahisələndirilən tikilinin isə sahəsi 26 kv.m təşkil edir. İddiaçı tərəfindən mübahisələndirilən 26 kv.m sahəsi olan tikilinin 21.4 kv.m hissəsi xx.xx.2020-ci il tarixli **********54-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
34. Göstərilənlərdən aydın olur ki, iddiaçı əvvəlki tələbinə yalnız texniki dəyişiklik edərək iddianın obyektini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv ünvanında yerləşən “8G” əvəzinə “nömrəsiz ev” olaraq göstərməklə mahiyyət etibarilə eyni iddianı qaldırmışdır. ünvan 10 (yəni 9A) ünvan 1 ünvanına məxsus 0,06 ha torpaq sahəsində yerləşən və giriş qapısı ayrılmış tikilidir. Əvvəlki mülki iş üzrə isə iddiaçı 8G ünvanına köçürülmüş, yəni iddiaçının tələbi köçürülmə hissədə artıq təmin edilmiş, bununla da, iddiaçının hazırkı tələblə irəli sürdüyü hüquqi mübahisəyə artıq başqa qətnamə ilə qiymət verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının fərdi yaşayış evinə köçürülməsi məsələsinin icrasız qalması məhkəmə qərarlarının icrası üzrə icraat çərçivəsində həll edilməli məsələdir.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin – proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
36. Göründüyü kimi, iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas deyil. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.
37. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının 2(002)-188/2021 nömrəli mülki iş üzrə qaldırdığı iddia tələbi ilə hazırkı mülki iş üzrə iddia tələbinin predmeti və əsası eynidir və həmin iddialar eyni cavabdehə qarşı qaldırılmışdır. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir.
Məhkəmə xərcləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır.
39. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı məcburi köçkün olması ilə əlaqədar olaraq dövlət rüsumundan azad edilmişdir. Məhkəmə belə olan halda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyi üçün rüsumun geri qaytarılması üçün əsas yaranmamışdır.
Nəticə
40. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir.
41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv nömrəsiz evdən ailə üzvləri ilə birlikdə çıxarılması, evin boşaldılması və onun həmin evə köçürülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Gülnar Aslanova