Məhkəmə qərarları › İş №2(002)-815/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-815/2023

10.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-815/2023 10.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi halda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, 1935-ci ildə Zəngilan rayonunda doğulmuş X3 27 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, X4 onun anasıdır. X2 1935-ci ildə Zəngilan rayonunda doğulmuş, məcburi köçkün kimi onunla birlikdə yaşamışdır. 27 dekabr 2022-ci il tarixdə anasının vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gələnə kimi anası vəfat etmişdir. Onu el adəti ilə Lökbatan qəbirstanlıqda dəfn etmiş, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün ölüm haqqında şəhadətnamə almamışdır. Sonradan anasına ölüm haqqında şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmiş, lakin həmin orqan ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Hazırda anasının ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, anası X1 pisləşdiyini və həkim gələnə kimi vəfat etdiyini bildirdi və hazırkı ərizə ilə məhkəmə müraciət etməsində məqsədinin müvafiq hüquqi sənədləşmələrin aparılması üçün anasının adına ölüm haqqında şəhadətnamənin əldə edilməsi olduğunu qeyd etdi. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı ərizə ünvanlanaraq məhkəmə iclaslarının Bakı şəhər Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin faktiki halları bundan ibarətdir ki, faktın müəyyən edilməsi tələb edilən şəxs - X4 ərizəçinin anasıdır. X4 24 yanvar 2023-cü il tarixdə ünvan 2 ünvanında 24 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Təcili və X5 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış üzrə xx.xx.2022-ci il tarixdə saat 14:58-də qeyd edilən ünvanda olmuş və X3 barəsində “həkimə qədər ölüm, qadın cinsli meyit” qeydi aparılmışdır. Ərizəçi anasına ölüm haqqında tibbi şəhadətnamə əldə etmək məqsədilə müraciət etmiş, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 Nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən ona 20 №li xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki, 1935-ci il təvəllüdlü X4 ASM-də qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs 05/Q- 120/15 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin anasının ölümünün qeydə alınması barədə ərizəsinə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarınn qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarına əlavə edilmiş Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 02 saylı arayışın məzmunundan görünür ki, X4 27 dekabr 2022-ci il tarixində Lökbatan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək Ərizəçi oğlu olduğunu, X3 ərizəçinin anası olduğunu, ölüm tarixinin 27 dekabr 2022-ci il, saatının isə dəqiq yadında olmadığını, Şəkər Quliyeva evdə vəfat edərkən digər qohumlarının da orada olduğunu, halı pisləşəndə həkim çağırdıqlarını, lakin təcili yardım briqadası gələnə kimi Ş.Quliyevanın vəfat etdiyini, sonra el adəti və dini qaydalar üzrə mərhumun dəfn edildiyini, özünün də dəfndə və yas mərasimində iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, işə əlavə edilmiş sənədlər, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında təsdiq olunur ki, 1935-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salmanov küçəsi ev 7 nömrəli evdə vəfat etmişdir. Belə ki, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1935-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.8, 311, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. 1935-ci il tarixdə Zəngilan rayonun anadan olmuş X3 27 dekabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar