Məhkəmə qərarları › İş №2(002)-816/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-816/2024

29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-816/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş X1nın 16 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X8 onun anasıdır. X1 xx.xx.1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur, onlar Sahil qəsəbəsində birgə yaşamışlar. 16 yanvar 2024-cü il tarixdə onun vəziyyəti ağırlaşdığına görə təcili yardım çağırmışlar və həkim gələnə qədər anası artıq vəfat etmişdir. Anasını el adəti ilə Xızı rayonu, Yeni Yaşma qəbirstanlığında dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onun başı anasının dəfninə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin anasının poliklinika qeydiyyatı olmadığı üçün ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçi onun həm qardaşı, həm də qonşusudur. Mərhum anasının xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin uzun müddətir ki, qonşusudur. Ərizəçinin anasının xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1942-ci ildə Ermənistan Respublikasında anadan olmuş və xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etmiş X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 16 yanvar 2024-cü il tarixdə saat 20:55 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Sahil qəsəbəsi “Cümə” məscidi dini icma sədrinin xx.xx.2024-cü il tarixli arayışından və Xızı rayonu X10 arayışından görünür ki, X2 rayonu, Yeni Yaşma qəbiristanlığında xx.xx.2024-cü il tarixdə dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı, 05010199 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan İİ-SL seriyalı, 297830 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx.xx.1942-ci ildə doğulmuş X3 16 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1942-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş X3 16 yanvar 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar