Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-824/2025 06.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona məxsus olan brilliant dəstin, ya da dəyəri olan 2500 manat pul vəsaitinin, beşqaşlı nişan üzüyünün, ya da dəyəri olan 1150 manat pul vəsaitinin, 975 manat məbləğində analıq məzuniyyəti pulunun, Samsung A12 markalı telefonun, ya da dəyəri olan 480 manat pul vəsaitinin, qızıl sepin, ya da dəyəri olan 1500 manat pul vəsaitinin, habelə 60 manat mediasiya xərcinin və 86 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2022ci il tarixində X2 adında bir uşaqları dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan rəsmi nikah Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqları zaman cavabdeh tərəfindən ona nişan və toy hədiyyəsi kimi qızıl-zinət əşyaları verilmişdir. Belə ki, dəyəri 2500 manat olan brilliant dəst və dəyəri 1150 manat olan beşqaşlı nişan üzüyü ona toyda hədiyyə kimi verilmiş, bu fakt toy diskində və fotoşəkillərdə də əks olunmuşdur. Bundan əlavə, 1500 manat dəyərində qızıl sep birgə nikahdan əvvəl öz anası tərəfindən ona hədiyyə edilmişdir. Ailə qurduqdan sonra Ramana qəsəbəsində cavabdehə məxsus evdə yaşamışlar, bütün qızıl-zinət əşyaları da orada olmuşdur. Tələb etdiyi mobil telefonu isə cavabdeh ona hədiyyə etmişdir. Aralarında olan ən böyük mübahisələrdən biri onun hamiləliyi dövründə analıq məzuniyyətinə görə kartına ödənilmiş 975 manat pulun cavabdeh tərəfindən onun heç bir razılığı olmadan mənimsənilməsi ilə bağlı olmuşdur. Ümumiyyətlə, ailə qurduqları gündən cavabdeh onun əmək haqqı kartını əlindən almış və öz xərcləri üçün istifadə etmişdir. Həmçinin analıq məzuniyyəti pulunu da cavabdeh xx.xx.2022-ci il tarixdə onun kartından çıxarmış, həmin pulu sonradan uşağa xərcləyəcəyini bildirsə də, sözünə əməl etməmiş, uşaq anadan olan günü faktiki ayrılmışlar, həmin pulu bu günə kimi qaytarmamışdır. Belə ki, 07 iyul 2022-ci il tarixdə uşaq dünyaya gətirmək üçün qaynanası ilə birgə ağır sancılı vəziyyətdə ev paltarında xəstəxanaya getməli olmuşdur. Xəstəxanaya gedərkən cavabdehlə aralarında heç bir problem olmamış, münasibətləri yaxşı olmuş, xəstəxanaya onu qaynanası aparmışdır. Evdən gedərkən bütün cehiz əşyaları, əmək haqqı kartı, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları və telefon cavabdehin evində qalmışdır. Evdən uşaq dünyaya gətirmək üçün ağır sancılı vəziyyətdə və həyəcanla çıxdığından, iddia ərizəsində göstərilən əşyaları götürmək ağlına belə gəlməmişdir. Daha sonra cavabdehin bacısının xətəxanada yaratdığı münaqişə iki ailə arasında münasibətlərin pozulmasına gətirib çıxarmışdır. Uşaqla birgə öz atası evinə qayıtmalı olmuş, cavabdehlə faktiki ayrılmışlar. Cavabdehdən bütün əşyalarının və məzuniyyət pulunun qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Sonradan mənzilə köçürülmə barədə iddia tələbi irəli sürmüş, iddia tələbi təmin edilmiş, lakin qətnamə qüvvəyə minmədiyindən icra edilməmişdir. Dəfələrlə cavabdehdən tələb etsə də, indiyə kimi iddia ərizəsində qeyd etdiyi əşyalar və pul vəsaiti ona qaytarılmamışdır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçı qızıl-zinət əşyaları, analıq məzuniyyəti pulu və telefon barədə düzgün məlumat vermir. Həqiqətən, toy vaxtı iddiaçıya brilliant dəst və beşqaşlı nişan üzüyü hədiyyə olunmuşdur, lakin dəstin dəyəri 1500 manat, üzüyün dəyəri 700 manat olmuşdur. İddiaçının 1500 manat dəyərində olduğunu dediyi qızıl sepi isə birgə nikah dövründə heç vaxt görməmişdir. İddiaçı qızıl-zinət əşyalarını xəstəxanaya doğuşa gedərkən özü ilə aparmışdır. İddia ərizəsində qeyd olunan telefonu isə nisyə satış müqaviləsi üzrə 450 manata özü almış, ödənişlərini də özü etmiş, sonradan satmış, bu barədə arayışı məhkəməyə təqdim etmişdir, telefonun iddiaçıya məxsus olması barədə deyilənlər yalandır. Analıq məzuniyyətinə görə iddiaçının əmək haqqı kartına köçürülmüş, uşağa xərcləmək üçün 975 manat pulu isə həqiqətən 2022-ci ilin iyun ayında çıxarmışdır, lakin həmin pulu iddiaçı ilə birgə yaşadığı dövrdə ailənin ümumi ehtiyacları üçün xərcləmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, iddiaçı onun baldızının qızıdır, cavabdehi isə qonşu kimi tanımışdır. Ramana qəsəbəsində mağazada işləyərkən hər ikisi gəlib getmişdir. İddiaçı hamilə vaxtı həkimə qaynanası ilə gedirdi. Uşaq doğulan gün iddiaçının qaynanası ilə birgə təcili olaraq xəstəxanaya getdiyini gördülər. Bu zaman o da həyat yoldaşı ilə xəstəxanaya getmişdir. Fəridə xəstəxanaya ev köynəyində və gödəkçədə gəlmişdi, üzərində hər hansı qızıl-zinət əşyası yox idi. Xəstəxanada cavabdehin anası və bacısı iddiaçının atasının yaxasından yapışaraq xəstəxananın pulunu istəyirdi, bundan sonra xəstəxananın pulunu Fəridənin atası verdi. Bu hadisələr baş verən zaman cavabdeh orada yox idi. Tərəflərin bütün şad günlərində iştirak etmişdir, Fəridəyə toy zamanı nişan üzüyünün və komplektin verildiyinə şahid olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, iddiaçı onun bacısı qızıdır. Cavabdehi isə onların marketinə gedib-gələrkən tanımışdır. Uşaq doğulan gün iddiaçının qaynanası ilə birlikdə tələsə-tələsə xəstəxanaya getdiyini görüb, həyat yoldaşı ilə həmin xəstəxanaya getmişdir. Xəstəxana özəl xəstəxana idi. Xəstəxanada cavabdehin anası və bacısı iddiaçının atasından xəstəxananın pulunu istəyirdi. Hətta iddiaçının atasının 40 manatı çatmırdı, həmin pulu o, tamamlamışdır. Fəridəni xəstəxanaya qaynanası gətirmişdi, Fəridə özü ağır vəziyyətdə idi, üzərində heç bir qızıl-zinət əşyası yox idi. Fəridəyə toy vaxtı komplekt dəst, nişan üzüyü hədiyyə edilmişdi, anası isə ona qızıl sep vermişdi, Fəridənin bütün əşyaları cavabdehlə birgə yaşadıqları evdə olmuşdur. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş, X4 məxsus ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, həmin kart hesabından xx.xx.2022-ci il tarixdə 975 manat məbləğində pul vəsaiti çıxarılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 462993 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh 22 sentyabr 2021-ci il tarixində 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4165 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İV seriyalı, 820973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-595/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4165 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 sentyabr 2021-ci il tarixli nikahın pozulması, xx.xx.2022-ci il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6775/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və oğlu X1 Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozundakı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ******* nömrəli Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə doğuş üçün xəstəxanaya daxil olmuş, xəstəxanadan xx.xx.2022-ci il tarixdə çıxmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 07673 saylı arayışdan görünür ki, Cavabdeh 09 oktyabr 2021-ci il tarixli, BL628940 saylı 450 manat məbləğli nisyə satış müqaviləsi üzrə "xxxx" MMC-yə 12 fevral 2025-ci il tarixinə borcu yoxdur. İş materiallarına əlavə edilmiş diskin və fotoşəkillərin tədqiqi zamanı müəyyən edildi ki, toy mərasimi zamanı İddiaçı komplekt dəst və üzük təqdim edilmişdir. Qızıl sepin əks olunduğu fotoşəkil isə 2018-ci ilə aiddir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında ailə qurularkən həqiqətən iddiaçıya brilliant dəst və beşqaşlı nişan üzüyü hədiyyə edilmiş, iddiaçıya məxsus həmin əşyalar tərəflərin birgə yaşadığı evdə olmuşdur. Tərəflərin izahatlarına, şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara, mülki işin hallarına əsasən, iddiaçı həmin evi xx.xx.2022-ci il tarixdə uşaq dünyaya gətirmək üçün qaynanası ilə birlikdə xəstəxanaya gedərkən tərk etmişdir, ona görə də, ağlabatan mühakimə əsasında onun qızıl-zinət əşyalarını özü ilə birlikdə doğuş üçün getdiyi xəstəxanaya aparması barədə cavabdeh tərəfin etirazı əsaslı və ağlabatan hesab oluna bilməz. Qeyd olunanlara və mülki iş üzrə sübutlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi həmin əşyalara münasibətdə təmin edilməli, lakin həmin əşyaların dəyəri barədə hər hansı mötəbər sübut təqdim edilmədiyindən, onların dəyəri kimi cavabdehin etirafında göstərilən məbləğlər əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bununla yanaşı, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 1500 manat dəyərində qızıl sepin, habelə telefonun həqiqətən iddiaçıya məxsusluğu və hazırda cavabdeh tərəfdə olduğu barədə hər hansı mötəbər sübut təqdim edilməmiş və məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir, bu barədə iddiaçı tərəfin dəlilləri 2018-ci il tarixli fotoşəkil və xx.xx.2025-ci il tarixli arayış ilə təkzib olunur, ona görə də iddia tələbi qeyd olunan qızıl sepə və telefona münasibətdə təmin edilməməlidir. Beləliklə, tələb edilən əşyalarla bağlı iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 5.10-cu bəndinə əsasən, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının kart hesabına analıq məzuniyyətinə görə köçürülmüş və cavabdeh tərəfindən çıxarıldığı etiraf edilən 975 manat pulun tutulması hissəsində də əsaslıdır. Belə ki, tərəflərin uşağa xərcləmək üçün nəzərdə tutduğu həmin pul vəsaitini cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə əldə etmiş, tərəflər isə uşağın anadan olduğu xx.xx.2022-ci il tarixdən faktiki ayrılmışlar. Cavabdeh tərəf həmin pulu qeyd olunan vaxt dövrü ərzində ailənin ümumi ehtiyacları üçün xərclədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddia tələbi analıq məzuniyyətinə görə iddiaçının əmək haqqı kartına ödənilmiş və cavabdeh tərəfindən çıxarılmış 975 manat pulun tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.6-cı maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmin Qərarın 5.12-ci bəndinə əsasən, birgə nikah dövründə ərin (arvadın) hansının sahibliyində olmasından və ya adına qeydə alınmasından asılı olmayaraq, mübahisə halında həmin əmlakın ayrıca əmlak olduğu və ya ayrıca əmlak hesabına əldə edildiyi sübuta yetirilərsə, ərin (arvadın) tələbi ilə geri qaytarılmalıdır. Daşınar əşyalara münasibətdə bu cür mübahisələr üzrə iddia tələblərinin qanuni əsasını əmlakın qanunsuz sahiblikdən geri tələb olunması (Mülki Məcəllənin 157.2-ci maddəsi) təşkil edəcəkdir. Beləliklə, məhkəmə, mülki iş üzrə sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə müəyyən edir ki, iddia qismən təmin edildiyindən, mediasiya xərci və dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus 1500 manat dəyərində brilliant dəst və 700 manat dəyərində beşqaşlı nişan üzüyü, həmin əşyaların naturada verilməsi mümkün olmadıqda isə onların dəyəri, habelə analıq məzuniyyətinə görə ödənilmiş 975 manat pul alınaraq İddiaçı verilsin. Mediasiya xərcinə və dövlət rüsumuna görə Cavabdeh 70,18 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-824/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-824/2025
06.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver