Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-828/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 1965-ci il tarixdə Abşeron rayonunda doğulmuş həyat yoldaşı Xalıqov Əlövsət Əliheydər oğlunun xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, o, Xalıqov Əlövsət Əliheydər oğlu ilə xx.xx.1997-ci il tarixdə ailə qurmuş, birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamışlar. Həyat yoldaşı ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkmiş, xx.xx.2019-cu ildə vəziyyəti ağır olduğuna görə Bakı şəhəri X7 çağırış etməklə iki dəfə həkim çağırmışlar. İkinci dəfə həkim gələnə qədər həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Qobu qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan poliklinikaya müraciət etmiş, lakin ərinin orada qeydiyyatı olmadığından ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Xalıqov Əlövsət Əliheydər oğlu yataq xəstəsi olmaqla vəziyyəti xx xxxxx 2019-cu il tarixdə ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, mərhum Xalıqov Əlövsət Əliheydər oğlunun bacısıdır. Qardaşı Xalıqov Əlövsət Əliheydər oğlu onkoloji xəstə olmaqla vəziyyəti xx xxxxx 2019-cu il tarixdə ağırlaşdı və həkim gələnə qədər vəfat etdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının 282 saylı, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Xalıqov Əlövsət Əliheydər oğlu 19 saylı Birləşmiş Şəhər Xəstəxanasında dispanser qeydiyyatda olmamışdır və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Xalıqov Əlövsət Əliheydər oğluna məxsus AZE No 19120296 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Xalıqov Əlövsət Əliheydər oğlu xx xxxxx 1965-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçsının Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi AR-İ seriyalı, 072395 saylı, xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 8 ünvanında qeydiyyatsız yaşayır. Həyat yoldaşı mərhum Xalıqov Əlövsət Əliheydər oğlu xx.xx.20020-ci il tarixli akta əsasən, xx.xx.2019-cu il tarixədək Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 8 ünvanında həyat yoldaşı ilə birlikdə yaşamışdır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-530/69 saylı nikah haqqında arayışdan görünür ki, Xalıqov Əlövsət Əliheydər oğlu ilə X2 30 sentyabr 1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Xalıqova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxx 2019-cu il tarixdə saat 11:45 radələrində Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 8 ünvanına Xalıqov Əlövsət Əliheydər oğlunun adına çağırış daxil olmuş, sahə poliklinikasına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Təcili və X4 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, xx xxxxx 2019-cu il tarixdə saat 12:22 radələrində Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 8 ünvanına Xalıqov Əlövsət Əliheydər oğlunun adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Qobu qəsəbəsi “X9” məscidinin imamı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Xalıqov Əlövsət Əliheydər oğlu xx xxxxx 2019-cu il tarixində vəfat etmiş və Qobu qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkoloji Mərkəzin Patositomorfologiya şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli sitoloji müayinənin cavabından görünür ki, Xalıqov Əlövsət Əliheydər oğluna sağ plevral boşluğun punksiyası klinik diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1965-ci il təvəllüdlü Xalıqov Əlövsət Əliheydər oğlunun xx xxxxx 2019-cu il ildə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı xx.xx.1965-ci il tarixdə anadan olmuş Xalıqov Əlövsət Əliheydər oğlunun xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-828/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-828/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver