Məhkəmə qərarları › İş №2(002)-92/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-92/2023

19.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-92/2023 19.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «cehiz və qızıl-zinət əşyalarının qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində sadalanan cehiz əşyalarının, geyimlərinin və qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını 23 iyul 2019-cu il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Ənənələrə uyğun olaraq nikahdan əvvəl valideynləri və qohumları bütün cehiz əşyalarını almışlar. Ailə qurduqdan sonra o, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür və cehiz əşyalarını həmin evə gətirmişlər. Cavabdehlə aralarında problemlər günü-gündən çoxalmış, cavabdeh onu dəfələrlə döymüş, səbəbsiz yerə onu təhqir və təhdidlər etmiş, ən sonda xx.xx.2020-ci il tarixdə onu cavabdehlə birgə yaşadıqları evdən səbəbsiz yerə qovmuşdur. Həmin vaxtdan bu günədək onu həyatı ilə dəfələrlə təhdidlər etmişdir. Onu evdən qovduğu üçün bütün cehiz apardığı əşyalar, şəxsi geyim əşyaları, nikahdan əvvəl ailəsi tərəfindən ona alınmış zinət əşyaları, toyda ona hədiyyə olunan qızılzinət və bütün əşyaları həmin evdə qalmışdır. Qeyd etmək istəyir ki, dəfələrlə cavabdehə əşyalarını götürmək üçün müraciət etmiş olsa da, cavabdeh hətta geyim əşyalarını belə götürməsinə şərait yaratmamışdır. Cehiz əşyaları bu gün də həmin mənzildədir və cavabdeh cehiz əşyalarını bu günədək götürməsinə imkan vermir. Cehiz əşyalarının və qızıl-zinət əşyalarının siyahısı aşağıdakı kimidir: Cehiz əşyaları: Ətçəkən – 1 ədəd 150 manat; Tefal çaydan – 1 ədəd 50 manat; Ütü – 1 ədəd 120 manat; Saç feni – 1 ədəd 50 manat; Meyvə qabı – 2 ədəd cəmi 300 manat; Büllur stəkan – 12 ədəd cəmi 120 manat; Büllur armudu stəkan – 12 ədəd cəmi 100 manat; Büllur konfet qabı – 4 ədəd 320 manat; Büllur qənd qabı – 6 ədəd 120 manat; Nəlbəki – 24 ədəd 50 manat; Şirniyyat qabı – 4 ədəd 200 manat; Böyük və kiçik boşqablar – 72 ədəd cəmi 500 manat; Qaşıq-çəngəl dəsti (xüsusi çanta tipli qutuda) – 150 manat; Qazan dəsti – 200 manat; Qırmızı rəngli qazan dəsti – 250 manat; Bulud boşqablar – 4 ədəd cəmi 40 manat; Servis boşqab dəsti yığma – 600 manat; Məcməyi – 5 ədəd cəmi 130 manat; Göy rəngdə geyim-kostyum – 1 ədəd 150 manat; Kostyum – 1 ədəd 80 manat; Ağ rəngli köynək (kofta) – 2 ədəd cəmi 70 manat; Şəxsi geyim – don – 1 ədəd 50 manat; Gecə paltarları – 5 dəst cəmi 180 manat; Ləpik (domaşnik) – 4 ədəd; Su qabı – 2 ədəd cəmi 50 manat; Tava dəsti – 120 manat; Çay servis dəsti – 2 ədəd cəmi 250 manat; Mətbəx masası – 600 manat; Süfrə – 4 ədəd cəmi 180 manat; Hamam dəsmalı – 4 ədəd cəmi 120 manat; Əl-üz dəsmalı – 12 ədəd 120 manat; Əl çantası – 2 ədəd 100 manat; Qızıl-zinət əşyaları: Rusiya istehsalı olan qızıl qolbaq 8 qr. – 800 manat; Rusiya istehsalı olan qızıl boyunbağı kulonu ilə birlikdə – 900 manat; Rusiya istehsalı olan qızıl üzük sırğa dəsti – 1.150 manat; Brilyant qaşlı nişan üzüyü – 2.000 manat; Brilyant zinət dəsti (sırğa, boyunbağı, üzük, bilərzik) 21 qr. – 300 manat; İtaliya istehsalı olan sırğa 750 əyyar – 600 manat. O, cavabdeh və sonuncunun ailəsindən ona məxsus olan əşyalarını dəfələrlə geri qaytarmalarını istəsə də, cavabdeh tərəf onun xahişlərinə məhəl qoymamışlar. Hesab edir ki, ona məxsus olan cehiz və qızıl-zinət əşyaları ona geri qaytarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçıya evlilik vaxtı 570 manat dəyərində üzük almışdır. Pandemiya vaxtı satıb iynədərmanına xərcləmişdir. Üzüyün pulunu qaytarmağa etiraz etmir. Digər tələb etdiyi əmlakları özü gəlib evdən aparmışdır. Məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qismən qəbul etdi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, iddiaçı ilə qapı qonşusudurlar. O, ailə üzvləri ilə birlikdə 2020-ci ilin fevral ayından həmin binada kirayə qalır. İddiaçının bir dəfə əşyalarını qonşu olduqları mənzilə daşıdığını görmüş və yaxınlaşaraq ona köməklik göstərmişdir. Əşyaları yük maşını gətirmişdi. O, yorğan-döşəyi yuxarı qaldırmışdır. İddiaçının əlində hər hansı qızıl-zinət əşyalarının olmasının şahidi olmamışdır. Bundan başqa o, cavabdehi tanımır və onun heç vaxt görməmişdir. X3 ifadəsində bildirdi ki, tərəflərin hər ikisinin dayısıdır. Bacısı qızı zəng vurmuşdur ki, gedib Ədalətgildən əşyalarını gətirməyə. O da Gülşəni götürüb Ədalət gilə getmişdir. Ədalət Gülşənə demişdir ki, nə əşyaları varsa apara bilər. Gülşən mansarda qalxıb əşyalarını çantalara yığmağa başlamışdır. 3-4 ədəd çanta var idi. Ədalət qızıl qutusunu da gətirib Gülşənə təqdim etmişdir. Qutunun içində üzük və sırğa var idi. Əşyaları götürdükdən sonra o, Şəfa stadionunun yanında düşmüşdür. Məhkəmə vurğulayır ki, X3nun ifadəsinin qızıl-zinət əşyalarına dair hissəsinə tənqidi yanaşılmalıdır. Belə ki, həmin hissədə ifadə mötəbər deyil. Çünki, cavabdeh məhkəmə iclasında iddiaçıya aldığı üzüyü sataraq iynə-dərman almağa sərf etdiyini bildirmişdir. Bundan başqa, iddiaçı da izahatında ona əşyaları aparanda cavabdeh tərəfindən hər hansı qızıl-zinət əşyası təqdim edilmədiyini bildirmişdir. Eləcə də, əşyaları evə yığan qonşu X4 da qeyd olunan halı təsdiq etmişdir. Digər tərəfdən, cavabehin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən də bu hal müəyyən edilmir. Belə ki, cavabdeh iddiaçının onun mənzilində olan əşyaları götürmək anının şəkillərini çəksə də, qızıl-zinət əşyasının qaytarılma anının şəkili mövcud deyil. Bu səbəbdən şahid İ.Fətəliyevin cavabdehin iddaçıya qızıl-zinət əşyalarından üzük və sırğanı qaytarması barədə dedikləri mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə iclasında istər cavabdehin, istərsə də iddiaçının verdiyi izahatlar, istərsə də məhkəməyə təqdim olunmuş digər sübutlarla təsdiq olunur ki, cavabdeh iddiaçıya hər hansı qızıl-zinət əşyası qaytarmamışdır. X1 ifadəsində bildirdi ki, o, nahar vaxtı əmisi oğlu gilə gəlmişdir. Görmüşdür ki, yükdaşıyan, 166 xidmətinin maşını qapının girişində dayanmışdır. Maşının nömrəsi **-JR- *** idi. Həmin maşına əşyaları yığmağa o da kömək etmişdir. Özü də kömək edib yığmışlar. Qızın adamları soruşmuşlar ki, əşyaların hamısını götürmüşdürmü. Cavabdeh də cavab vermişdir ki, xırda para əşyaları qalıb. Sonra da eşitmişdir ki, dayısı ilə gəlib bazar çantalarına yığıb aparıblar. X2 məhkəməyə göndərdiyi 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, o, nahar vaxtı əmisi oğlu gilə gəlmişdir. Görmüşdür ki, yükdaşıyan, 166 xidmətinin maşını qapının girişində dayanmışdır. Maşının nömrəsi **-JR-*** idi. Həmin maşına əşyaları yığmağa o da kömək etmişdir. Özü də kömək edib yığmışlar. Qızın adamları soruşmuşlar ki, əşyaların hamısını götürmüşdürmü. Cavabdeh də cavab vermişdir ki, xırda para əşyaları qalıb. Sonra da eşitmişdir ki, dayısı ilə gəlib bazar çantalarına yığıb aparıblar. O, işdə olduğuna görə gəlib şahidlik edə bilmədiyi üçün gördüklərini və eşitdiklərini yazılı sürətdə yazıb bildirir. X6 məhkəməyə göndərdiyi 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, evdə olarkən bacısı qızı İddiaçı zəng vurub Lökbatanda bir az əşyaları qaldığını bildirmiş və ondan həmin əşyaları birlikdə gətirmələrini xahiş etmişdir. Onlar Lökbatana, bacısıoğlu Ədalətgilə gəlmişlər. Qapını döyürək, içəri keçmişlər. Salamlaşıb görüşmüşlər. Söhbətləşmişlər. O, bildirmişdir ki, eldən-obadan ayıbdır, barışsınlar, böyük kimi, ağsaqqal kimi o da buradadır. Həmin vaxt bacısı oğlu Cavabdeh 1 üzük qabında 1 cüt sırğa və 1 ədəd üzük gətirib İddiaçı vermişdir ki, Gülşənin qızılıdır, burada qalıb. Gülşən də qızılı götürüb çantasına qoymuşdur. Bir çox məsləhətdən, öyüd-nəsihətdən sonra bir az sakitçilik yaranmışdır. Barışan kimi olub evdə qaldılar. O da öz evinə getmişdir. 3 gündən sonra bacısı oğlu demişdir ki, dayı, bəs qız yenə öz evlərinə gedib. Bir müddət keçəndən sonra bacısı qızı ona yenə zəng etmişdir ki, bir yerdə gedib qalan əşyalarını gətirsinlər. O dayanacağa çıxmış, bacısı qızı taksi ilə gələrək onu da dayanacaqdan götürmüş, bacısı oğlugilə getmişlər. Qapını döyüb, əşyaları yığmaq üçün içəri keçmişlər. Birdən bacısı qızı səs-küy, qışqırıq salaraq söz-söhbət etməyə başlamışdır. Bacısı oğlu da demişdir ki, ayıbdır, qonşular var, səs-küy salmaq lazım deyil qapısında, sözü varsa evə keçsin, sakit danışsınlar, məsələni həll etsinlər. Bacısı oğlu demişdir ki, keçib harda nəyi varsa götürüb getsin, ona bacısı qızının heç nəyi lazım deyil. Bacısı qızı da evə girərək, damdan öz əşyalarını nəyi var götürüb, 3 bazar çantasına yığaraq yapışqanlı şəridlə bağlamış və yenidən taksi çağırmışdır. Onlar taksiyə minmişlər. Birinci onu evinə düşürmüş, sonra bacısı qızı taksi ilə yoluna davam edərək öz evinə getmişdir. Bir müddətdən sonra eşitmişdir ki, bacısı oğlunu məhkəməyə verib. O, oğlunu da götürüb bacısı qızıgilə getmiş və bacısı qızına etdiyi hərəkətə görə öz iradını bildirmişdir. Bacısı qızı ona kobud cavab vermişdir. O da, bacısı qızına haqqın tərəfdarı olduğunu, məhkəmə olanda gəlib gördüklərini söyləyəcəyini bildirib, evlərinə qayıtmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, QXM/302 saylı qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, qiymətləndirməyə təqdim edilmiş məişət əşyalarının 2022-ci il üçün birgə analoji bazar dəyəri 5.825 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli QXM/301 saylı qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, qiymətləndirməyə təqdim edilmiş qızılzinət əşyalarının 2022-ci il üçün birgə analoji bazar dəyəri 8.000 manat müəyyən edilmişdir. Qolbaq 583 əyyarlı 750 manat, sep kulonla 583 əyyarlı 700 manat, dəst qızıl 583 əyyarlı 1.000 manat, nişan üzüyü 585 əyyarlı 1.950 manat, qızıl dəst (ağ qızıl, qaşları brilyantdır) 585 əyyarlı 3.000 manat, sırğa 750 əyyarlı 600 manat, cəmi 8.000 manat. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6685 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4.244 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini, sayını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Rəydə olan cədvələ əsasən:

1. Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat;

2. Rusiya istehsalı olan 583 əyyarlı, brilyant qaşlı 4,3 qram çəkisi olan qızıl üzük, 344 manat;

3. İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat;

4. İtaliya istehsalı olan, brilyant qaşlı ümumi 21 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 2.100 manat;

5. Rusiya istehsalı olan 8 qram çəkidə, 583 əyyarlı qızıl qolbaq, 640 manat olmaqla, cəmi 4.244 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası «Azərekspertiza» Birliyinin 24 avqust 2023-cü il tarixli 89 saylı ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş siyahıda sadalanan qızıl-zinət əşyalarının ümumi məbləği 6.867 manat təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 18 iyun 2022-ci il il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/11-00325 saylı arayışdan göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməmişdən öncə mediatora müraciət etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İddiaçı mediasiya sessiyasına gəlsə də, cavabdeh həmin sessiyaya gəlməmişdir. Tərəflərin birgə nikahda olmaları, iddiaçının cavabdehin yaşadığı mənzilə gəlin köçməsi və həmin mənzilə cehiz əşyalarını gətirməsi, eləcə də, iddiaçıya qızıl-zinət əşyalarının hədiyyə edilməsi işin mübahisəsiz hallarıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, yaşadığı mənzili tərk edərkən qızıl-zinət və cehiz əşyaları cavabdehlə yaşadığı mənzildə qalmışdır. Həmin əşyaları götürə bilməmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İkincisi, məhkəmə vurğulayır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçıya məxsus hər hansı cehiz əşyası, geyim və s. bu kimi əşyalar cavabdehin yaşadığı mənzildə qalmamışdır. İddiaçı yaxın qohumları ilə birgə bir neçə dəfəyə mənzildə olan cehiz əşyalarının hamısını götürmüş, yük maşını və taksi ilə hazırda yaşadığı yerə aparmışdır. Bu səbəbdən, iddia cehiz əşyalarına dair hissədə təmin edilə bilməz. Qızıl-zinət əşyalarına dair hissədə iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin mənzilini tərk edərkən qızıl-zinət əşyaları da cehiz əşyaları kimi həmin mənzildə qalmış, sonradan iddiaçı tərəfindən cehiz əmlaklar aparılsa da, qızıl-zinət əşyaları iddiaçıya təqdim edilməmişdir. Bu səbəbdən, həmin qızıl-zinət əşyaları, onlar mövcud olmadıqda isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə təyin edilmiş dəyərləri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini daha obyektiv və mötəbər sübut kimi qəbul edir. Belə ki, iddia ərizəsində iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qiyməti 5.750 manat kimi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə həmin əşyaların dəyəri 4.244 manat müəyyən edilmişdir. Adətən, bu qəbildən olan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, iddiaçılar qızılzinət və digər dəyərli əşyaların qiymətini daha artıq göstərirlər. Bu, obyektiv səbəblərlə də bağlı ola bilər (məsələn, qızıl-zinət əşyası alınarkən daha baha satılan zərgərlik məmulatları satılan dükandan, ticarət mərkəzindən və s. alınması). Lakin ümumi tendensiya bu cürdür. Məhkəməyə təqdim olunmuş 3 rəydən yalnız birində real bazar dəyərinə uyğun qiymətlər qeyd olunmuşdur. Digər iki rəydə müəyyən olunan qiymətlər iddiaçının iddia ərizəsində göstərdiyi qiymətlərdən də baha göstərilmişdir (bir rəydə 6.867 manat, digərində isə 8.000 manat). Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyini əsas götürür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 134 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ümumi dəyəri 4.244 manat olmaqla - 1). Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat; 2). Rusiya istehsalı olan 583 əyyarlı, brilyant qaşlı 4,3 qram çəkisi olan qızıl üzük, 344 manat; 3). İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat; 4). İtaliya istehsalı olan, brilyant qaşlı ümumi 21 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 2.100 manat; 5). Rusiya istehsalı olan 8 qram çəkidə, 583 əyyarlı qızıl qolbaq, 640 manat dəyərində olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılmalı; yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 34 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Ümumi dəyəri 4.244 manat olmaqla - 1). Rusiya istehsalı olan 583 əyyarlı, çəkisi 6 qram, adi qaşlı qızıl üzük-sırğa dəsti, 480 manat; 2). Rusiya istehsalı olan 583 əyyarlı, brilyant qaşlı 4,3 qram çəkisi olan qızıl üzük, 344 manat; 3). İtaliya istehsalı olan brilyant qaşlı, ümumi 6,80 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 680 manat; 4). İtaliya istehsalı olan, brilyant qaşlı ümumi 21 qram çəkisi olan qızıl komplekt dəsti (komplektə daxildir: sırğa, üzük, bilərzik, boyunbağı), 2.100 manat; 5). Rusiya istehsalı olan 8 qram çəkidə, 583 əyyarlı qızıl qolbaq, 640 manat dəyərində olan qızıl-zinət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Yuxarıda göstərilən qızıl-zinət əşyalarından hər hansı biri mövcud olmadıqda onların qeyd edilən dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilsin. İş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 34 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar