Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-109/2022 22.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə istifadəyə maneənin aradan qaldırılmaqla həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və 17.7 kv.m fərdi yaşayış evindən istifadəyə edilən maneələrin aradan qaldırılaraq, həmin yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Buzovna qəsəbəsində 0,10 ha torpaq sahəsi və bu torpaq sahəsində 17,7 kv.m sahəsi olan yaşayış evi onun xüsusi mülkiyyətindədir. Bu faktı iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr idarəsi tərəfindən verilmiş 36131 reyestr nömrə ilə qeydə alınmış Qeydiyyat Vəsiqəsi tam təsdiq edir. Sözügedən torpaq sahəsi xx.xx.2003-cü il tarixdən, yəni 18 ildir ki, onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsindən maneəsiz şəkildə istifadə və sahiblik hüquqlarını həyata keçirmişdir. 2018-ci ildə o, öz mülkiyyətində olan torpaq sahəsinə gəldikdə divarların və hasarların sökülərək qanunsuz olaraq genişləndirildiyini və giriş qapısının yerinin dəyişdirildiyinin şahidi olmuşdur. Ətrafdakı qonşulardan bu qanunsuz əməlin kimin tərəfindən edildiyini öyrənməyə çalışmış, lakin heç kimin bu barədə dəqiq məlumatları olmamışdır. Həmin hadisədən sonra dəfələrlə öz sahəsinə gəlmiş, həmin şəxsin şəxsiyyətini müəyyənləşdirməyə çalışmış, lakin konkret dəqiqləşdirmə mümkün olmamışdır. Bir müddətdən sonra yenidən öz sahəsinə gələrkən orada tanımadığı şəxsi fəhlə kimi görmüşdür. Həmin fəhlədən soruşduqda onun Elnur adlı şəxsin göstərişi ilə burada işlədiyini öyrənmişdir. Onun vasitəsi ilə Elnurla telefonla əlaqə saxlamışdır, bu zaman Elnur bildirdi ki, ona məxsus torpaq sahəsini adının açıqlamadığı hansısa bir şəxsdən aldığını bildirmişdir. O, sənəd təqdim etməsini ondan xahiş etmiş, lakin o bundan imtina etmiş və bildirmişdir ki, bu torpaq sahəsi və ev onun mülkiyyətindədir. Onun torpaq sahəsinin boşaldılmasını xahiş və tələb etdikdə o qəti şəkildə bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, o, mübahisəli torpaq sahəsini 2014-cü ildə X1 almışdır. Aralarında alqı-satqı olmuşdur. Sənədləşdirmə üçün daşınmaz əmlakın Dövlət reyestrinə müraciət etməklə özəlləşdirməni 2019-2020-də etmişdir. Torpaq ümumilikdə 10 sotdur. Qeyd olunan əmlak onun xüsusi mülkiyyətindədir. Həmin əmlakla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışlı sənədlər alınıb. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etmiş və cavabdehin izahatına uyğun izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayonu Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Buzovna qəsəbəsində yaşayış sahəsi 17.7 kv.m bir otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanan məktubda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən, faktiki Cavabdeh istifadəsindəki 0,3131 ha torpaq sahəsinin 0,1000 ha hissəsi **********76-10302 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir (üzərindəki qeydiyyatdan keçmiş Süm =18,9 m2 olan fərdi yaşayış evi mövcud deyil, ərazidə əlavə həyət tikilisi inşa edilmişdir). Eyni zamanda bildirilmişdir ki, Abşeron Rayonu Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən İddiaçı adına verilmiş Süm =17,5 m2 olan fərdi yaşayış evinin texniki pasportunda istinad məlumatları göstərilmədiyindən sənədin həmin sahəyə aid olubolmamasını araşdırmaq mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin və evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını hazırki iddia tələbinin predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq sahəsinin və üzərində olan evin qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Belə ki, iddiaçının özünün mülkiyyətində olduğunu istinad etdiyi torpağın harada yerləşməsi və kimin tərəfindən istifadə edilməsi iş üzrə müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyi səbəbindən də təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə cavab verməli olan şəxs Cavabdeh deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi ev və torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədi və göstərilənlər işin araşdırılmış halları ilə müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə istifadəyə maneənin aradan qaldırılmaqla həmin torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-109/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-109/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver