Məhkəmə qərarları › İş №2(003)-1156/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1156/2021

15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1156/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi Quliyeva Zibeydə Kazım qızının iştirakı ilə, Ərizəçi Quliyeva Zibeydə Kazım qızının maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Quliyeva Zibeydə Kazım qızı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Quliyev Fərəməz Oruc oğlunun 25.11.2020-ci ildə ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 30 may 1990-cı ildə Quliyev Fərəməz Oruc oğlu ilə evlənmişdir. Hazıra kimi də ünvan 1 ünvanında yaşamışlar. Quliyev Fərəməz Oruc oğlu 15.07.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 25 noyabr 2020-ci ildə yoldaşının vəziyyəti qəflətən pisləşdi, o təcili tibbi yardım çağırdı, lakin tibbi yardım gələnə kimi onun həyat yoldaşı dünyansını dəyişdi. Onu el qaydası ilə Şüvəlan qəbirstanlığında dəfn etdik. O təcili tibbi yardımın verdiyi sənədlə Bakı şəhər Xəzər rayon Qeydiyyat şöbəsinə ölüm kağızı almaq üçün müraciət etsə də, ordan ona imtina məktubu verdilər və məhkəməyə müraciə etməyimi məsləhət gördülər. Ona görə də o məhkəmyə müraciət etmək məcburiyyətinqdə qaldı. Məhkəmə iclasında ərizəçi Quliyeva Zibeydə Kazım qızı ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Fərəməz Oruc oğlu ilə Məmmədova Zibeydə Kazım qızı 30.05.1990-cı ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin 12.03.2021ci il tarixli 61 nömrəli məktubunda qedyd edimişdir ki, Quliyev Fərəməz Oruc oğlu 25.11.2020-ci il tarixdə vəta etmiş və Şüvəlan qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinin Quliyeva Zibeydə Kazım qızına ünvanladığı 27.01.2021-ci il tarixli, 05/15-74 nömrəli məktubunda qeyd edilmişdir ki, Quliyev Fərəməz Oruc oğlunun ölümünün qeydiyyatı ilə əlaqədar qeydiyyat şöbəsinə həkim arayışı təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi məsələsi ilə ilə əlaqədar məhkəməyə müraciə etməsi məqsədi müvafiq hesab edilmişdir. İş materiallarında olan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Quliyev Fərəməz Oruc oğlu 25.11.2020-ci il tarixdə ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Quliyev Fazil Oruc oğlu ifadəsində bildirdi ki, Quliyev Fərəməz Oruc oğlu onun qardaşıdır. Onun qardaşının ürəyi xəstə idi, təcili yardım gələnədək qardaşı ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Aslanov İskəndər Sabir oğlu ifadəsində bildirdi ki, Quliyev Fərəməz Oruc oğlu onun qaynıdır. O 25.11.2020-ci il tarixdə evdə ürək tutmasından ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə Quliyev Fərəməz Oruc oğlunun 15.09.2013-cü il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi Quliyeva Zibeydə Kazım qızı göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Quliyev Fərəməz Oruc oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi Quliyeva Zibeydə Kazım qızının Quliyev Fərəməz Oruc oğlunun 25.11.2020-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15.07.1956-cı il tarixdə Bakı şəhərində doğulmuş Quliyev Fərəməz Oruc oğlunun 25 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar