Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1221/2020 08.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması barədə iddiaərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 qapı 1, 2 ünvanında yerləşən 102 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3590 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 4500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 2 Qapı 1, 2 ünvanında yerləşən, 102 saylı mağaza satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 3590 nömrəli aiqı-satqı müqaviləsinə əsasən 35000 (otuz beş min) manata alıcı Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 4500 (dörd min beş yüz) manat ödəmiş, digər hissənin, yəni 30500 (otuz min beş yüz) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks təqdirdə müqavilənin ləğv olunacağına dair xx.xx.2019-cu il tarixli, **********53 nömrəli bildiriş göndərilsə də, alıcı satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Eyni zamanda, alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Bundan əlavə, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qeyd olunanlara əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 qapı 1, 2 ünvanında yerləşən 102 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3590 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 4500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ona vaxt versə əmlakın qiymətini ödəyəcəkdir. Vaxt verilməsini istəyir. Müqavilənin ləğv edilməsinə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli 3590 saylı Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə keçirilən hərracda 31/02 saylı protokola əsasən satın aldığı ünvan 1 qapı 1, 2 ünvanında yerləşən 102 saylı mağazanı Cavabdeh 35000 manata satmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, satılmış müəssisənin satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən, alıcı alınmış müəssisənin dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 faiz də nəzərə alınmaqla 35000 manatını müqavilə bağlandığı andan 30 bank günü müddətindən gec olmayaraq və yaxud xx.xx.2017-ci il tarixədək satıcının hesabına köçürməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1. maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, mübahisə predmeti olan əmlakın dəyərini ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqaviləsi üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilələr bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində obyektin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə keçməyi qeyd olunmuş, alıcı tərəfindən əmlakın dəyərinin ödənilmədiyi məhkəmə tərəfindən müəyyən edilmiş, alıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcının verilmiş əşyanın qaytarılmasını tələb etmək hüququ qanunvericiliklə təsbit edildiyindən, iddia tələbi xx.xx.2017-ci il tarixli, 3590 saylı müqavilənin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda, ünvan 1 qapı 1, 2 ünvanında yerləşən 102 saylı mağazanın cavabdeh tərəfindən boşaldılaraq təhvil verilməsi hissəsinə dair məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi ləğv edildiyindən, iddiaçı dövlətin mülkiyyətində olan əmlakı cavabdehin sahibliyindən geri tələb edə bilər və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5. maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İdda tələbindən eyni zamanda görünür ki, iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 4500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilənin 2.2.2-ci bəndindən göründüyü kimi alıcı tərəfindən hərracdan əvvəl beh kimi əmlakın dəyərinin 10 faizi ödənilir. Odur ki, məhkəmə cavabdeh tərəfindən əvvəlcədən ödənilmiş pul məbləğinin 3500 manat olduğu qənaətinə gəlir. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndindən görünür ki, əgər alıcı aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 30 bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və alıcı tərəfindən ödənilmiş beh qaytarılmır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş beh məbləğinin ona dəymiş zərərin əvəzi kimi qəbul edilməsini xahiş etsə də, iddia tələbini müqavilənin dəyərinin ödənilmədiyi halda iddiaçıya maddi zərər dəyməsi hissəsində əsaslandıra bilməmişdir. Bununla belə, məhkəmə müqaviləyə və qanunvericiliyə nəzər salaraq, iddiaçı tərəfindən ödənilmiş 3500 manat behin qaytarılmamasının işin hallarına uyğun olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 qapı 1, 2 ünvanında yerləşən 102 saylı mağazanın alqı-satqısına dair xx.xx.2017-ci il tarixli, 3590 nömrəli müqavilə ləğv edilsin. ünvan 1 qapı 1, 2 ünvanında yerləşən 102 saylı mağaza Cavabdeh tərəfindən boşaldılaraq, Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1221/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1221/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver