Məhkəmə qərarları › İş №2(003)-1364/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1364/2024

08.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1364/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması, Maraqlı şəxs onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 210 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-644/2022 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar onun himayəsinə verilmişdir. Cavabdehlə Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatında mediasiya reyestrində MŞB/8/2023-02645 sayla qeydiyyatdan keçmiş, mediator X5 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-dək hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində aliment birinci tərəf Ərizəçi təqdim edəcəyi bank kartına ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs sazişdə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ərizəçi telefonoqramma göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, ərizəyə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində tərəflər birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 ananın himayəsində qalmalarına razıdırlar. Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-na dək hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində aliment pulunu Ərizəçi təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və Maraqlı şəxs qarşı digər tələblərinin olmadığını təsdiq edir. Cəfərov X7 2-ci bəndində göstərilən öhdəliklərini könüllü icra etmədikdə məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu Ərizəçi öz üzərində saxlayır (mediator: A.Ə.Rzayev). Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-644/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə iddiaçı X3 ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Əzizbəyov rayonu VVADQ Şöbəsində 271 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi xeyrinə övladları xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər növbəti ayın 10-na dək hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində aliment pulunu Ərizəçi təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair razılıq əldə edilməsinə baxmyaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, barışıq sazişinin şərtlərinin tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarına alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, həmin şərtlərin qanuna zidd olması müəyyən edilmədiyindən, eyni zamanda həmin şərtlərin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: - xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 ananın - Ərizəçi himayəsində saxlanılsın; - xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər növbəti ayın 10-nadək hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi təqdim edəcəyi bank hesabına (kartına) ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar