Məhkəmə qərarları › İş №2(003)-1495/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1495/2024

16.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1495/2024 16.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmlakın müsadirədən çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmlakın müsadirədən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib müəyyən etdi ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının müsadirədən azad edilməsini istədiyi daşınmaz əmlaklar bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-427/2021 saylı hökmü ilə xüsusi müsadirə edilmişdir. Daha sonra məhkəmənin həmin hökmü Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-25/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, digər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə baxılıb qiymət verilmiş məsələyə hazırda yenidən baxılıb qiymət verilə bilməz. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarından görünür ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edildiyinə görə ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmlakın müsadirədən çıxarılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul İddiaçı geri qaytarılsın (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz). Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar