Məhkəmə qərarları › İş №2(003)-1546/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1546/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1546/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın qanunsuz sahiblik və istifadədən alınaraq mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç ünvanında yerləşən bağ evindən cavabdeh Novruzova Veysəl qızının evdən çıxarılaraq bağ sahəsinin boşaldılması, həmin bağ sahəsi və evə cavabdehin qanunsuz müdaxiləsinə son qoyaraq mülkiyyət hüququnun bərpa edilməsi, bağ sahəsi və bağ evinin tam olaraq iddiaçının istifadə və sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç ünvanında olan bağ sahəsini 01 iyul 2015-ci il tarixdə X4 150000 manat ödəməklə almışdır. Alqı-satqı Bakı şəhəri 3 saylı Notariat Kontorunun AN-İ №0490573 müqaviləsi üzrə rəsmiləşdirilmişdir. Daha sonra işləri ilə əlaqədar olaraq həmin torpaq sahəsinin dövlət reyestrindən çıxarışının alınması üçün 2018-ci il tarixdə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi xx.xx.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamış və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, mülkiyyətində olan bağ sahəsi xəbəri olmadan hərrac yolu ilə başqa şəxsə satılmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsində mülkiyyətinə həbsin qoyulması ilə bağlı xx.xx.2018-ci il tarixli 8(011)-71/2017 saylı işlə tanış olmuşdur. Bütün bunlardan sonra iddiaçıya məlum olmuşdur ki, ona bağı satmış X2 borcu olmuş, bununla bağlı 2016-cı ildə Bakı şəhər Xətai rayon Məhkəməsində mülki işə baxılmış və pul tələbi təmin olunmuşdur. Həmin pul tələbinin onun bağ evi ilə heç bir əlaqəsi olmamışdır. Daha sonra Xətai Rayon İcra Şöbəsinin sifarişi ilə "X9 MMC iddiaçının mülkiyyətində olan 150000 manata aldığı bağ evini dəyərindən qat-qat aşağı 40000 manata Cavabdeh hərrac yolu ilə satmışdır. Mülkiyyət hüquqlarının kobud şəkildə pozulması səbəbindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, hərracın qanunsuz olması səbəbindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183 Ç ünvanında olan bağ evinə dair təşkilatçı "X10" MMC-nin 11 sentyabr 2017-ci il tarixli hərracın yekunları barədə 138 nömrəli protokolun və onunla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, "X10 MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183 Çünvanında olan bağ evinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə 138 nömrəli protokol və onunlar bağlı hərracın nəticələri etibarsız hesab edilməsi qət edilmişdir. "X10" MMC və üçüncü şəxs Cavabdeh apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsinin ləğv edilməsini, eləcə də iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli, 2(103)-5585/2019 saylı qətnaməsi ilə "X10" MMC-nin və Cavabdeh apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 2(005)-5233/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra "X10" MMC və üçüncü şəxs Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)- 7960/2019 saylı qərarı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh və "X10" MMC-nin kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cü il tarixli 2(103)-5585/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa qeyd etmişdir ki, Cavabdeh iddiaçının mülkiyyətimdə olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183 Ç ünvanında olan bağ sahəsində əşyaları vardır. Bunun nəticəsində o, xüsusi mülkiyyətindən sərbəst istifadə və ona sahiblik edə bilmir. Eyni zamanda bağ evinə sərbəst şəkildə daxil ola bilmir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç ünvanında yerləşən bağ evinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini etiraf edərək məhkəmədən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** saylı qəbzidən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikas şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AN-İ №0490573 saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 ünvan 1 ünvanında istifadədə olan 0,03416 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 284,7 kv.m, yaşayış sahəsi 148,5 kv.m, yardımçı sahəsi 136,2 kv.m olan 7 otaqlı bağ evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) alıcı İddiaçı mülkiyyətinə verir(lər): 1. X3 (tam hissə, 284,7 kv.m, 7 otaq) – alıcı İddiaçı verir. 2. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən X3na məxsusdur: - ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X6 verilmiş **********09-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 284,7 kv.m, 7 otaq. 4. Alıcı İddiaçı satıcı X1 tam hissəni (284,7 kv.m) ondan 150000 manat 00 qəpik (bir yüz əlli min manat sıfır qəpik) qiymətinə almışdır. Həmin müqavilənin 7,8 və 9-cu maddələrindən görünür ki, alqı-satqı müqaqviləsi tısdiq olunduqdan sonra satıcı daşınmaz əmlaka aid sənədləri alıcıya verməyə borcludur. Satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Satıcı həmin daşınmaz əmlakl əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Həmin müqavilənin 11-ci bəndindən görünür ki, X3 xx.xx.2015-ci il tarixinədək alıcı İddiaçı faktiki sahibliyinə verməsi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018ci il tarixli, 2(005)-5233/2018 saylı qətnaməsindən görünür ki, “X10” MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan, ev 183Ç ünvanında yerləşən bağ evinə dair tərtib edilmiş xx.xx.2017-ci il tarixli hərracın yekunları barədə 138 nömrəli protokol və onunla bağlı hərracın nəticələri etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cü il tarixli, 2(103)-5585/2019 saylı qətnaməsindən görünür ki, “X10” MMC-nin və Cavabdeh apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli, 2(005)-5233/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7960/2019 saylı qərarından görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X10” MMC-nin və Cavabdeh kassasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən “Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən (157.4,157.8) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcələsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarına əsasən “Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç ünvanında yerləşən bağ evini əldə etmişdir. Lakin cavabdehin iddiaçının daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və mülkiyyətində olan bağ sahəsinə buraxılmaması nəticəsində iddiaçı mülkiyyətində olan bağ sahəsindən qanunsuz olaraq məhrum olunmuşdur. Odur ki, iddiaçının mülkiyyətində olan bağ sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barəsində iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan bağ sahəsi daşınmaz əmlakın alqı-satqı müaviləsinə əsaən iddiaçının mülkiyyətində olduğundan və cavabdehin onu həmin bağ sahəsinə buraxmaması səbəbindən həmin bağ sahəsi üzrə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmədiyindən, bununla da onun mülkiyyətində olan bağ sahəsindən qanunsuz olaraq məhrum olunduğundan, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən iddia təmin edilərək, Cavabdeh tərəfindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsində yerləşən 7 otaqlı, ümumi sahəsi 284,7 kv.m olan 183Ç ünvanında yerləşən bağ evinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar