Məhkəmə qərarları › İş №2(003)-1607/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1607/2022

07.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1607/2022 07.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evindən Cavabdeh çıxarılması, bağ evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh ilə qeyri-rəsmi münasibətləri olmuş və ara-sıra qonaq qismində onun mülkiyyətində olan bağ sahəsində yaşamışdır. Əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Cavabdeh ailəlidir və ailədaxili problemlər olduğu üçün 2014-cü ildə ona məxsus, qanuni mülkiyyətində olan bağda müvəqqəti yaşamaq üçün xahiş etmiş və həmin bağ evinə köçmüşdür. Hazırda mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ sahəsi uzun illər daimi istifadəsində olmuş və xx.xx.2008-ci il tarixində DT və XK-nin A-№ 098590 saylı, X3 kitabında 10680 nömrə ilə uçota alınaraq plan, ölçü verilmişdir. Bakı şəhəri İHB-nin X2 İnkişafı və İstismarı Birliyinin BTK-55 saylı orderi ilə bağ sahəsində tikdiyi yaşayış evinin qeydiyyata alınmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayonu (keçmiş Əzizbəyov) RİH-nin 349 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə həmin bağ evinə çıxarış və texniki pasport verilməsi öz təsdiqini tapmışdır. İlkin olaraq 2012-ci ildə həmin bağ sahəsindəki mülkiyyətə dair onun adına texniki pasport və çıxarış verilmiş, 2019-cu ildə həmin bağ sahəsini qızına bağışlama yolu ilə hədiyyə etsə də, qızı xarici ölkədə vətəndaşlıq almaq və orada yaşamaq üçün getməli olduğundan həmin bağı 2021-ci ildə yenidən ona bağışlamışdır.DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli ********** saylı tam paya malik yeni elektron çıxarış və texniki pasport verilmişdir. Cavabdehlə hər hansı qaydada müqavilə imzalanmamış, rəsmi qeydiyyatı, mülkiyyətinə dair heç bir hüquqi əsası olan sənədi yoxdur və bağ sahəsi onun şəxsi vəsaiti hesabına uzun müddətə tikilmişdir. Hazırkı cavabdehə qanuni mülkiyyətində olan özünə aid kiçik daşınar əşyaları ilə birlikdə bağından çıxmasını dəfələrlə xahiş etsə də, müsbət nəticə olmamış, əksinə cavabdeh onu hədələyərək qanuni mülkiyyətindən məhrum etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Cavabdeh iddiaçı ilə 1988-ci ildən nikahdan kənar ailə münasibətlərində yaşamış və onların birgə münasibətlərindən 2 övladları var. Maraqlı şəxs hazırda öz ailəsi ilə birlikdə cavabdehin yanında qalır. Cavabdeh və övladı uzun illərdir ki, atası tərəfindən onlara verilmş, lakin İddiaçı mülkiyyəti sayılan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 51 saylı bağ evində yaşayırlar. Orada cavabdeh və oğlunun ailəsindən başqa orada heç kim yaşamır və həmin mənzildən başqa yaşayış yerləri yoxdur. Maddi imkanları kirayə mənzil tutmağa imkan vermir. İddiaçı və cavabdeh ailə münasibətləri quranda həmin bağ evində yaşamışlar. Bağ evi təxminən 1988-ci ildə dövlət tərəfindən cavabdehin atasına verilib. Mübahisəli evin tikilməsində və təmirində cavabdehin iştirakı olmuşdur. Cavabdeh bağ evinə xeyli xərc qoymuşdur, 40 ilə yaxındır ki, orada yaşayır, həmin vaxtdan mənzilə istifadə hüququ vardır. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 349 saylı sərəncamının surətindən görünür ki, xx.xx.2008-ci il tarixində DT və XK-nin A-№ 098590 saylı, X3 kitabında 10680 nömrə ilə uçota alınaraq plan, ölçü verilmiş İddiaçı Bakı şəhəri İHB-nin X1 İnkişafı və İstismarı Birliyinin BTK-55 saylı orderi ilə bağ sahəsində tikdiyi yaşayış evinin qeydiyyata alınması xahiş edilmiş, həmin bağ evinə çıxarış və texniki pasport verilməsi DƏDRX Bakı Ərazi İdarəsindən xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin texniki pasportunun surəti əlavə edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********62 nömrəli məktubundan görünür ki, İddiaçı Ağarza qızının adına Bakı şəhər İK-nin xx.xx.1992-ci il tarixli 120 nömrəli qərarına əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ sahəsinin ayrılmasına dair 101 nömrəli order tərtib edilmişdir. Həmin order ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İK-nin xx.xx.1992-ci il tarixli 120 nömrəli qərarına əsaəsn tərtib edilmiş xx.xx.2008-ci il tarixli 098290 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon İH-nin başçısının 345 nömrəli xx.xx.2009-cu il tarixli sərəncamı və razızlaşdırılmış eskiz layihəyə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evi xx.xx.2012-ci il tarixdə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə iddiaçı və cavabdehlər qeyri-rəsmi nikah münasibətlərində olmaqla mübahisəli evdə birlikdə yaşamışlar. Mübahisəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evində cavabdeh onunla birlikdə yaşamış, lakin hazırda iddiaçı öz qanuni mülkiyyətindən cavabdehin çıxmasını tələb etsə də, o, evdən çıxmaqdan imtina edir. Cavabdeh tərəf mübahisəli torpaq sahəsinin Cavabdeh ayrıldığını, formal olaraq iddiaçının adına rəsmiləşdirildiyini bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olduğundan, əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı bağ sahəsini özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli əmlak hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evindən çıxarılmalı, bağ evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdehlər hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozubpozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 51 saylı bağ evində yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin bağ sahəsinə istifadə hüququ olmadığından, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evindən çıxarılmalı, həmin bağ evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli bağ evinin mülkiyyətçisi olduğundan, mübahisəli bağ evinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 0.09 ha torpaq sahəsi olan 51 saylı bağ evindən çıxarılsın və bağ evi boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar