Məhkəmə qərarları › İş №2(003)-1815/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1815/2020

20.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1815/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçinun hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxx 1991-ci il təvəllüdlü X4 onun doğma qızıdır. Qızı Güldanə onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır və orada pasport qeydiyyatında olmuşdur. Qızı onun himayəsində olmuşdur. Qızı Güldanə xx.xx.2009-cu il tarixdə evdə olarkən axşam radələrində elektrik qızdırıcısının üstündən dəmir çayniki götürərkən onu elektrik cərəyanı vurmuşdur. Hadisə yerində qızı elektrikvurmadan dərhal vəfat etmişdir. Qızı vəfatından sonra qohumların və qonşuların iştirakı ilə Türkan kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt qanunları lazımi qaydada bilmədiklərinə, başları yas mərasimlərinə qarışdığına və onlara lazım olmadığına görə qızı üçün ölüm haqqında şəhadətnaməni almağa əhəmiyyət verməmişlər. Hazırda onun ölüm haqqında şəhadətnaməsi ona pensiyasını sənədləşdirməkdən ötrü lazımdır. Qızına dair ölüm haqqında şəhadətnaməni almaqdan ötrü Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsindən isə ona imtina edilərək, həmin şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə yaxın qonşu, həmdə qohumdurlar. 2009-cu ilin sentyabr ayının birinci günü idi, ramazan ayı idi və iftar vaxtı ərizəçinin yaşadığı evdən səs-küy eşitdim. Bundan sonra onlara keçdim və ərizəçinin huşunu itirərək yerə yıxıldığını görmüş. Həmin zaman digər qonşular da orda olmuş və ərizəçinin qızının iftar zamanı çay dəmləmək üçün mətbəxə getdiyini, həmin zaman elektrik qızdırıcı tərəfindən onu cərayan vurduğunu müəyyən etmişdir. Bir müddətdən sonra təcili yardım gəlmiş və həkim ərizəçinin qızının nəbzini yoxladıqdan sonra artıq öldüyünü bildirmişdir. Ərizəçinin qızı Türkan kənd qəbiristanlığında dəfn olunmuş, o da yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə 30 ilə yaxındır hasar qonşusudurlar. xx.xx.2009-cu il tarixdə onun qızının doğum günü olmuş və o, qızı üçün əncir dərmək üçün həyətə çıxmış, bu zaman ərizəçinin yaşadığı evdən qışqırıq səsi eşitmiş və dərhal onlara getmişdir. Onun arxası ilə digər qonşuluqda yaşayan Pirxan ərizəçinin yaşadığı evin həyətinə daxil olmuşdur. Ərizəçinin yaşadığı evdə olan zaman ərizəçinin huşunu itirərək yerə yıxıldığını və ərinin ağladığını görmüşlər. Həmin zaman nə baş verməsi ilə bağlı ərizəçinin ərindən soruşada qızının mətbəxdə cərəyan vurduğunu bildirmişdir. Bu zaman o, mətbəxə getmiş və ərizəçinin qızı Güldanənin döşəməyə yıxılmış vəziyyətdə görmüşdür. Cərəyan insanı vurandan sonra həmin şəxsi nəm torpağa yerləşdirmək lazım olduğunu eşitdiyindən o da Güldanəni qucağına götürərək həyətdə nəm yeri olan torpağın üzərinə qoymuşdur. Bundan sonra təcili yardım gəlmiş və həkim Güldanəni müayinə edəndən sonra onun öldüyünü bildirmişdir. Bu zaman ərizəçinin vəziyyəti pis olduğundan ancaq onunla məşğul olmuşlar, təcili yardım isə çıxıb getmişdir. Güldanə Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı qızıdır, həmdə qonşudurlar, yaşadıqları evlərin arasında az məsafə vardır. xx.xx.2009-cü il tarixdə ramazan ayı olmuş, iftar zamanı ucadan qışqırıq səsi eşitmiş və küçəyə çıxandan sonra həmin qışqırığın ərizəçinin yaşadığı evdən gəldiyini müəyyən etmiş və onlara getmişdir. Həmin zaman ondan qabaqda digər qonşu İradə ərizəçinin yaşadığı evə daxil olmuşdur. Bu zamanərizəçinin huşunu itirərək yerə yıxıldığını və ərinin isə özünü vura-vura “öldü” dediyini görmüşlər. Həmin zaman nə baş verməsi ilə bağlı ərizəçinin ərindən soruşanda qızının mətbəxdə cərəyan vurduğunu bildirmişdir. Bu zaman qonşu İradə mətbəxə getmiş və ərizəçinin qızı Güldanənin döşəməyə yıxılmış vəziyyətdə görmüş, sonra İradə Güldanəni qucağına götürərək həyətdə nəm yeri olan torpağın üzərinə qoymuşdur. Bundan sonra təcili yardım gəlmiş və həkim Güldanəni müayinə edəndən sonra onun öldüyünü bildirmişdir. O isə cəsəddən qorxduğundan oranı tərk etmişdir. Daha sonra isə Güldanə Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuş, o da bütün yas mərasimlərində iştirak etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X7, anası isə Ərizəçidır. İş materiallarına əlavə edilmiş 17 №-li şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 13 saylı arayışdan görünür ki, X4 xx.xx.2009-cu il tarixində evdə vəfat etmiş, lakin vaxtında valideynlər tibb müəssisəsinə müraciət etmədiklərinə görə ona ölüm haqında tibbi şəhadətnamənin verilməsi poliklinikanın səlahiyyətinə daxil deyildir. İş materiallarında olanBakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-205 saylı məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçinun anası X1 xx.xx.2009-cu il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar