Məhkəmə qərarları › İş №2(003)-1968/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1968/2021

24.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1968/2021 24.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili X5, Cavabdehin, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair ilk, Cavabdeh İddiaçı və X2 qarşı əmlak tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus bir ədəd noutbuk-5000 manat, 3 ədəd fotoalbom, 5 ədəd video disk alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X6 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə oğlu X6 10 oktyabr 2020 il tarixində Füzuli rayonunda həlak olmuşdur. Oğlunun həlakından sonra onun arvadı Cavabdeh yaşadıqları evi tərk etmişdir və gedəndə özü ilə onlara məxsus bəzi əşyaları aparmışdır. Belə ki, onun evlərindən getməsi özünün qərarı olmuş və ailə üzvlərinin ona heç bir təzyiqi olmamışdır. Cavabdeh özü ilə apardığı əşyalar bir ədəd noutbuk, ailə fotoşəkillər albomları- 3 ədəd və 5 ədəd video disklər olmuşdur. Cavabdeh özünə məxsus əmlakını evdən çıxaran zaman, onlardan xəbərsiz göstərilən həmin əşyaları aparmışdır. Nəticədə oğlundan yadigar evdə heç bir foto şəkil və video disk qalmamışdır. Noutbuku o, ABŞ-da yaşayan qohumlarına sifariş etmişdir və onun dəyərinin ödənişini 5 000 beş min manatı ABŞ dollarına çevirərək şəxsən etmişəmdir. Cavabdeh İddiaçı və X2 qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və X1 ona məxsus qonaq otağı mebel dəsti (Türkiyə istehsalı, komod 2 güzgülü, künc divanı masa, 6 oturacaq)-2500 manat, yataq otağı dəsti (yataq, dolab, komod, 2 tumba)-2500 manat, mətbəx mebeli (yerli istehsal)-2500 manat, mətbəx üçün masa oturacaq dəsti-300 manat, mətbəx üçün divan- 200 manat, Samsung markalı paltaryuyan-850 manat, Samsung markalı soyuducu-1200 manat, Samsung markalı televizor-1200 manat, Samsung markalı DVD 60 manat 10 TCL markalı televizor-600 manat, mətbəx üçün Hoffman markalı televizor- 250 manat, soba- 350 manat, qaz plitəsi-300 manat, aspirator-120 manat, mətbəx üçün Kran-60 manat, bir ədəd şirəçəkən-60 manat, elektrikli samovar-80 manat, bir ədəd Panasonic markalı mikser-80 manat, qranit qazan dəsti 5 ədəd-330 manat, sadə güllü qazan dəsti 60 manat, 3 ədəd sadə qazan dəsti 60 manat, 5 ədəd, 2 qutu qaşıq dəsti-130 manat, 3 mərtəbə şirniyyat qabı-25 manat, tort qabı-25 manat, komod üstü üçün büllur qab dəsti- 220 manat, büllur stəkanlar 11 ədəd böyük, 12 ədəd armudu-150 manat, büllur konfet qabları 6 ədəd- 200 manat, yemək dəsti- 6 dəst-120 manat, çay dəsti 12 dəst- 2 ədəd-400 manat, şirniyyat qabı-25 manat, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəstləri, təktək çuqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri- 600 manat, xalça 8 ədəd (6 ədəd 2x3 ölçüdə, 2 ədəd 1.5x2 ölçüdə)-1420 manat, bir ədəd Gəncə xalçası- 500 manat 2x3 ölçüdə, çilçıraqlar 3 ədəd -920 manat, qonaq otağı, yataq otağı üçün pərdələr 580 manat, uşaq otağı üçün 120 manat, mətbəx üçün jalüz-70 manat, ona məxsus şəxsi geyim əşyaları, ayaqqabıları, paltarları-2000 manat, ona məxsus nikah haqqında şəhadətnamənin əsli, həyat yoldaşına məxsus Redmi markalı mobil telefon-900 manat, yataq dəstləri -4 dəst hər biri 25 manat olmaqla 100 manat, 2 ədəd 50 manat olmaqla 100 manat, bir ədəd 90 manat, bir ədəd taxt döşəyi-150 manat, 30 ədəd dəsmal- 300 manat 4 ədəd yastıq-süfrələr 10 ədəd- 400 manat, bir ədəd masaüstü ev telefonu modemlə birlikdə-100 manat, bir ədəd noitbuk çantası-50 manat, kitabları, dərs ləvazimatları və s., həyat yoldaşının hədiyyə aldığı ağ çərçivəli 3 aynalı güzgü-70 manat, həyat yoldaşının hədiyyə aldığı qırmızı qutuda daraq dəsti-60 manat, hərbi şəhərcikdə onların evinlərindən götürülən noutbuk stolu-50 manat, həyat yoldaşınının yadigar qoyduğu döyüş boyunbağısı, hərbi şəhərcikdə yerləşən evin açarından ibarət əşyaların, həmin əşyalar olmadıqda isə onların dəyərinin, həyat yoldaşı X6 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olması ilə əlaqədar X12 tərəfindən ödənilmiş 10000 manatın yarısı 5000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 06.08.2017-ci ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və özünə məxsus cehiz əşyalarını cavabdehlərə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən evə gətirmişdir. Həyat yoldaşı X6 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olmuşdur. Həyat yoldaşı şəhid olduqdan sonra cavabdehlər İddiaçı və X4 ona təzyiq edərək, yaşadığı evdən çıxmağa məcbur etmişlər. O, isə özünə məxsus cehiz əşyalarını və digər şəxsi əşyalaraı götürməyə imkanı olmadığından, həmin əşyalar hal-hazırkı vaxtadək həyat voldaşı X6 ilə birlikdə yaşadığı fərdi yaşayış evində qalmışdır. Həmin evdə hal-hazırda heç kim yaşamasa da, cavabdehlərə məxsus evin həyətində yerləşir və cavabdehlərin sahibliyində və istifadəsindədir. Cavabdehlərdən dəfələrlə ona məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdeh polis çağıraraq, əşyaları götürməsinə maneçilik törətmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin ondan tələb etdiyi noutbuku özünə məxsus Azərbaycan Bevnəlxalq Bankdan verilmiş debet kartı vasitəsilə 14.08.2019-cu il tarixdə Amazon.com internet saytı vasitəsilə almış və məbləği 2293.16 ABŞ dolları məbləğində pulu öz şəxsi vəsaiti hesabına kartından ödəmişdir. Cavabdeh noutbuku onun üçün özünün aldığını bildirsə də, hesabdan çıxarışda 2293.16 ABŞ dollarının onun tərəfindən ödənilməsi öz təsdiqini tapmışdır. Bundan başqa, həyat yoldaşı X6 10 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə Xocavənd rayonu Hadrut qəsəbəsində şəhid olması ilə əlaqədar X12 tərəfindən ödənilmiş 10000 manatın yarısı 5000 manat cavabdehlər tərəfindən onun razılığı və icazəsi olmadan alınaraq, geri qaytarılmamışdır. Lakin şəhid ailəsi o olmaqla, yalnız ona ödənilməli idi. Yalnız o, imza edərək həmin məbləği qəbul etsə də, cavabdehlər həmin 5000 manatı onun kartından onun icazəsi olmadan çıxararaq bölmüş və qalan 5000 manatı ona vermişlər. Hesab etmişdir ki, həmin 5000 manat da cavabdehlərdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı ilk iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi, qarşılıqlı iddia tələbini qismən etiraf edərək bildirdi ki, şəhid pulunun 5000 manat hissəsini Nigar özü könüllü olaraq onlara vermişdir. Qonaq otağı mebel dəsti, yataq otağı dəsti, mətbəx üçün masa və oturacaq dəsti, mətbəx üçün divan, şirəçəkən, elektrik samovar, qranit qazan dəsti, sadə güllü qazan dəsti, sadə qazan dəsti, 2 qutu qaşıq dəsti, 3 mərtəbə şirniyyat qabı, tort qabı, komod üstü üçün büllur qab dəsti, büllur stəkanlar, büllur konfet qabları 6 əd, yemək dəsti, çay dəsti, şirniyyat qabı, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəsti, çüqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri, xalça 8 ədəd, bir ədəd Gəncə xalçası, çilçıraqlar 3 ədəd, qonaq, yataq və uşaq otaqları üçün pərdələr jalüz istisna, geyim, ayaqqabılar, paltarlar, yataq dəsləri, bir ədəd taxt döşəyi, 30 ədəd dəsmal, 3 ədəd yorğan, 4 ədəd yastıq, süfrələr, bir ədəd noutbuk çantası, kitablar, dərs ləvazimatlarının verilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, hərbi şəhərcikdəki evin açarı verilmişdir. Eyni zamanda qeyd etdi ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan bəzi əmlaklar ona məxsusdur, onun vəsaiti hesabına alınmışdır, onların verilməsinə etiraz edir. Həmin əşyalar mətbəx mebeli, Samsunq paltaryuyan, Samsunq soyuducu, Samsunq televizor, Samsunq DVD 10. TCL markalı televizor, Hoffman televizor, soba, qaz plitəsi, aspirator, mətbəx üçün kran, mikser, nikah şəhadətnaməsi, Redmi mobil telefon, masa üstü telefon modernlə, ağ çərçivəli 3 aynalı güzgü, daraq dəsti, noutbuk masası, döyüş boyunbağısından ibarətdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 ilk iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ilk iddia üzrə iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh ilk iddia tələbini qismən etiraf edərək, disk və fotoalbomun surətinin çıxararaq ilk iddia üzrə iddiaçıya verilməsinə etiraz etmədiyi bildirdi. Lakin, noutbuku öz hesabına aldığından həmin hissədə ilk iddianı etiraf etmir. Qarşılıqlı iddia tələbinin tam təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, ona ərinin ölümü ilə bağlı imza etdirilib verilmiş 10000 manatı evdə stolun üstünə qoymuş ərinin valideynləri tərəfindən həmin puldan 5000 manatı götürülmüş. O da ərinin validynləri olduğu üçün razılaşmaqla buna etiraz etməmişdir. Lakin hazırda hesab edir ki, pul ona verilmişdir və buna görə də həmin pulunda 5000 manatı ona geri qaytarılmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və ilk iddia üzrə cavabdehin izahatına uyğun izahat verdi. Qarşılıqlı iddia üzrə cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirkaı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 04.06.1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası İddiaçı, anası X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 10.10.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növü ilə törədilmiş zədələnmələr, aşağı boş venanın travması səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 14.08.2019-cu il tarixdə Amazon.com şirkətinin hesabına 2293.16 ABŞ dolları köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə işin tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, ilk iddia ərizəsində göstərilən noutbuk, fotoalbom və video disk Cavabdeh tərəfindən götürülmüşdür. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, fotoalbom və video disklər şəxsi əşya olmamaqla onlar hər iki tərəfə aiddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1155.1-ci maddəsinə əsasən ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Məhkəmə hesab edir ki, qeyd olunan disk və fotoalbomlar ailə xronikası və vəfat edənlə bağlı xatirə olmaqla, onların dublikatları ilk iddia üzrə iddiaçıya təqdim olunmalıdır. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh disk və şəkillərin surətlərinin təqdim olunmasına etiraz etmədiyini bildirdi, lakin, noutbuku özü öz vəsaiti hesabına aldığından həmin hissədə ilk iddianı qəbul etməmişdir. İlk iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi hesabdan çıxarışdan görünür ki, noutbuk onun tərəfindən alınmışdır. İlk iddia üzrə iddiaçı həmin noutbukun onun tərəfindən alındığını bildirsə də buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, disk və fotoşəkillərin dublikatının təqdim olunması vəzifəsi ilk iddia üzrə cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməli, ilk iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən etiraf edilən və qaytarılmasına etiraz edilməyən məişət və şəxsi əşyalar ilk iddia üzrə iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Qalan əşyalara münasibətdə (mətbəx mebeli, Samsunq paltaryuyan, Samsunq soyuducu, Samsunq televizor, Samsunq DVD 10. TCL markalı televizor, Hoffman televizor, soba, qaz plitəsi, aspirator, mətbəx üçün kran, mikser, Redmi mobil telefon, masa üstü telefon modernlə, ağ çərçivəli 3 aynalı güzgü, daraq dəsti, noutbuk masası) isə onların Cavabdeh məxsusluğu onun tərəfindən sübuta yetirilmədiyindən (onun tərərindən alınması barədə sənəd) həmin əşyalara aid hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Hazırki iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin bu halına münasibətdə qeyd edilməlidir ki, hazırki iş üzrə ilk iddia üzrə cavabdeh iddiaçı tərəfin ona məxsus olmasını qəbul etdiyi əmlakların qanunsuz sahiblikdə olmasını sübut etmə yükün daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırki mübahisənin halları baxımından tərəflərin tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin 5000 manatın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlərə həmin pulu öz razılığı ilə verməklə (bağışlamaqla) bunu hər hansı bir öhdəliklə şərtləndirməmişdir. Əks halda, indiyədək həmin pulu cavabdehlərdən tələb etmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə qonaq otağı mebel dəsti, yataq otağı dəsti, mətbəx üçün masa və oturacaq dəsti, mətbəx üçün divan, şirəçəkən, elektrik samovar, qranit qazan dəsti, sadə güllü qazan dəsti, sadə qazan dəsti, 2 qutu qaşıq dəsti, 3 mərtəbə şirniyyat qabı, tort qabı, komod üstü üçün büllur qab dəsti, büllur stəkanlar, büllur konfet qabları 6 əd, yemək dəsti, çay dəsti, şirniyyat qabı, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəsti, çüqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri, xalça 8 ədəd, bir ədəd Gəncə xalçası, çilçıraqlar 3 ədəd, qonaq, yataq və uşaq otaqları üçün pərdələr geyim, ayaqqabılar, paltarlar, yataq dəsləri, bir ədəd taxt döşəyi, 30 ədəd dəsmal, 3 ədəd yorğan, 4 ədəd yastıq, süfrələr, bir ədəd noutbuk çantası, kitablar, dərs ləvazimatlarından ibarət məişət və şəxsi əşyalar qarşılıqlı iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə cavabdehə verilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi qismən təmin edilsin. Disk və fotoşəkillərin dublikatının İddiaçı təqdim olunması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İlk iddia tələbi qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qonaq otağı mebel dəsti, yataq otağı dəsti, mətbəx üçün masa və oturacaq dəsti, mətbəx üçün divan, şirəçəkən, elektrik samovar, qranit qazan dəsti, sadə güllü qazan dəsti, sadə qazan dəsti, 2 qutu qaşıq dəsti, 3 mərtəbə şirniyyat qabı, tort qabı, komod üstü üçün büllur qab dəsti, büllur stəkanlar, büllur konfet qabları 6 əd, yemək dəsti, çay dəsti, şirniyyat qabı, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəsti, çüqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri, xalça 8 ədəd, bir ədəd Gəncə xalçası, çilçıraqlar 3 ədəd, qonaq, yataq və uşaq otaqları üçün pərdələr, geyim, ayaqqabılar, paltarlar, yataq dəstləri, bir ədəd taxt döşəyi, 30 ədəd dəsmal, 3 ədəd yorğan, 4 ədəd yastıq, süfrələr, bir ədəd noutbuk çantası, kitablar, dərs ləvazimatlarından ibarət məişət və şəxsi əşyalar İddiaçı və X1 alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar