Məhkəmə qərarları › İş №2(003)-2019/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2019/2020

13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2019/2020 13.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1970-ci il təvəllüdlü X5 onun doğma anasıdır. X6 birlikdə ünvan 1 «a» 5 ünvanında yaşamışdır və orada pasport qeydiyyatında olmuşdur. Anası ömrünün son illərində ürək xəstəliyindən əziyyət çəkmişdir. Sözügedən xəstəliklə əlaqədar ara həkimlərdə müalicə olunmuşdur. Anası xx xxxxxx 2014-cü il tarixdə evdə olarkən ürəyinin ağrımasından şikayətlənmişdir və bir müddətdən sonra evdə vəfat etmişdir. Anası vəfat edərkən o, qohumların və qonşuların iştirakı ilə Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Həmin vaxt qanunları lazımi qaydada bilmədiyinə, başları yas mərasiminə qarışdığına və onlara lazım olmadığına görə anası üçün ölüm haqqında şəhadətnaməni almağa əhəmiyyət verməmişlər. Hazırda anasının ölüm haqqında şəhadətnaməsi ona müəyyən sənədləşdirmə işlərini həyata keçirmək üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə əlavə olaraq bildirmişdir ki, o, dövlət orqanına işə düzəlmək üçün müəyyən sənədlərin təqdim etməsi tələb olunmuş və həmin sənədlərdən biri də anasının ölüm haqqında şəhadətnaməsidir. Ona görə də anasının ölməsi faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Anaları xx.xx.2014-cü ildə evdə olan zaman ölmüşdür. Anaları ölən zaman onun 12 yaşı olmuşdur. xx.xx.2014-cü ildə tarixdə atası, o və qardaşı olan ərizəçi yaşadıqları evə yaxın məsafədə yerləşən torpaq sahələrində əkinçiliklə məşğul olmuşlar və həmin zaman evdə olan kiçik qardaşları ora gələrək onlara analarının özünün pis hiss etdiyini bildirmişdir. Onlar yaşadıqları evə çatanda artıq analarının öldüklərini müəyyən etmişlər. Anasının ürəyində problemləri olmuş və qan təyiziqi hər zaman yuxarı olmuşdur. Ölən günü də anası, həmin problemlərə görə özünü pis hiss etmişdir. Anasını Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X15 ifadəsində bildirmişdir ki, o, ərizəçi onun bacısı oğludur. O, ərizəçi ilə yaxın qonşudur. X9 ürəyində problemləri olmuş və yuxarı qan təyiziqi olmuş və ona görə səhhətində problemlər yaşamışdır. Bacısı Yasəmən xx.xx.2014-cü ildə evdə olan zaman ölmüşdür. Həmin zaman bacısı kiçik oğlu ilə evdə tək olmuş, əri və digər iki oğlu özlərinə məxsus yaşadıqları evə yaxın məsafədə yerləşən torpaq sahəsində olmuşdur. Bacısının ölməsi ilə bağlı xəbər alan kimi onlara gəlmiş və bacısının öldüyünü görmüşdür. Daha sonra qonşular və qohumlar gəlmişlər. Bacısını Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər və o, yaxın qohum kimi bütün yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin əmisidir. O, ərizəçi yaşadığı evdən bir az aralı məsafədə yerləşən evdə yaşayır. Qardaşının arvadı Yasəməndə hər zaman yuxarı qan təzyiqi müşahidə olunmuş və ürəyində problemləri olmuşdur. Hesab edir ki, həmin problemlərə görə də Yasəmən ölmüşdür. Yasəmən Atakşiyeva xx.xx.2014-cü ildə ölmüş, o, həmin günü Yasəmənin özünü pis hiss etməsi barədə xəbər alandan sonra onlara gələndə artıq qonşuların və qohumların ora yığışdığını görmüş və Yasəmənin öldüyünü görmüşdür. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin anası 2014-cü ildə avqust ayının ortalarında ölmüşdür. O, həmin günü işdə olmuş və evə gələndən sonra bilmişdir ki, ərizəçinin anası ölmüşdür. Bundan sonra ərizəçinin yaşadığı evə gəlmiş və digər qonşuların da orda olduğunu görmüşdür. Ərizəçinin anası Türkan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olmuş, o da qonşu kimi bütün yas mərasimlərində iştirak etmişdir. Bildiyinə görə ərizəçinin anasında qan təzyiqi problemi olmuşdur. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X4, anası isə X3r. İş materiallarına əlavə edilmiş 17 №-li şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 15 saylı arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X5 17 saylı şəhər poliklinikasında tibbi qeydiyyatda olsa da heç bir xəstəliklə Poliklinikaya müraciət etməmişdir. xx.xx.2014-cü il tarixində evdə vəfat etdiyinə görə, ölüm səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi poliklinikanın səlahiyyətləri daxilində deyil. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/15-463 saylı məktubundan görünür ki, ölüm haqqında həkim arayışı olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeydiyat şöbəsinə həkim arayışını təqdim etmədiyi üçün, ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi anası X1 xx.xx.2014-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı, şahid ifadələri və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeydolunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 xx.xx.2014-cü il il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar