Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2276/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”-nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 20 fevral 2010-cu il tarixdə 183 nömrəli akt qeydiyyatına alınmaqla Bakı Nikah Evində rəsmi nikaha saxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişlər. Maraqlı şəxslə ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və məhkəmə qaydasında nikahları pozulmuşdur. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü və uşaqların saxlanılması üçün ödəniləcək aliment və onların təhsil haqlarının müəyyən olunması üçün aralarında yaranmış mübahisələri mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmiş və aralarında mübahisələrin həlli ilə bağlı barışıq sazişi bağlanmışdır. Barışıq sazişi Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən Bakı şəhərində bağlanmışdır. xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin üstündən 1 aydan çox vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs tərəfindən barışıq sazişinin tələbləri pozulur və barışıq sazişinin könüllü icrasından imtina edir. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində tərəflər razılığa gəlirlər ki, kimin gəlirləri hesabına əldə edilməsindən asılı olmayaraq, ər-arvad tərəfindən bu Saziş imzalandığı gündən birgə nikah dövründə əldə edilmiş əmlaklar (bu Saziş ilə müəyyən edilmiş istisnalar nəzərə alınmaqla) birgə mülkiyyət hesab edilir. Hazırki Sazişdə və ya bu Sazişə sonradan olan əlavələrdə xüsusi ilə qeyd edilmiş ayrı-ayrı əmlak növləri üzərində digər hüquqi rejim tətbiq oluna bilər. Tərəflərin hər birinə nikaha daxil olmamışdan əvvəl məxsus olan əmlak, eləcə də nikah dövründə onların biri tərəfindən hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, həmçinin digər əvəzsiz əqd üzrə əldə edilmiş əmlak hər birinin ayrıca mülkiyyəti hesab olunur və nikah pozulduqdan sonra yalnız həmin əmlakı əldə etmiş tərəfin istifadəsində qalır. Birgə nikah dövründə əldə edilmiş əmlaklara tərəflərin hər birinin əmək, sahibkarlıq və ya intelektual (əqli) fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər, aldıqları pensiya və s. müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri aiddir. Hər birinə aid olan qiymətli əşyalar və digər dəyərli əmlaklar istisna olmaqla, şəxsi istifadə əşyaları (bütün geyim əşyaları və o cümlədən zinyət əşyaları, qiymətli kağızlar və nəqliyyat vasitələri) birgə nikah dövründə ümumi gəlir hesabına əldə edilmiş olsa belə onların üzərində bu əşyaları istifadə edən tərəfin hüquqları tanınır və gələcəkdə bölünmür. Tərəflərin ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Tərəflərdən biri digərinin razılığı olmadan əmlak üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan tərəfin tələbi ilə məhkəmə tərəfindən etibarsız hesab oluna bilər. Tərəflərdən birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlərin bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Tərəflərdən birinin bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, o, əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən 1 (bir) il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Birgə nikah dövründə tərəflərin adına olan bank hesablarına qoyulmuş pul vəsaitləri birgə nikah dövründə əldə edilmiş hesab olunur və həmin pul vəsaitləri birgə nikah dövründə və birgə nikaha xitam. verildikdən sonra tərəflər arasında bərabər paylara bölünür. Tərəflər arasında olan nikaha xitam verildikdən sonra birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlaklar gələcəkdə satıldığı təqdirdə həmin əmlaklardan əldə edilmiş vəsaitlər tərəflər arasında yarıbayarı bölünəcəkdir. Daşınmaz və Daşınar əmlaklar: a) Bakı şəhəri, Xətai rayonu Yeryomenko küçəsi, 1143-ci məhəllə "xxxx" MTK tərəfindən inşa edilən 29 “D”, blok “C”, 2-ci giriş 20-ci mərətəbədə yerləşən ümumi sahəsi 467,01 kv.m olan, yaşayış sahəsi 265,25 kv.m və 20-ci mərtəbənin 2-ci səviyyəsində yerləşən 143 saylı dupleks mənzil, b) 24 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, ev 15/5 yerləşən 259.39 kv.m olan fərdi yaşayış evi, c) Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 1143-cü məhəllə "xxxx" MTK tərəfindən inşa edilən 29 “D” və 29”C” evin zirzəmisi mərtəbəsindən sahəsi 22.44 kv.m olan 10 saylı qaraj, d) Maraqlı şəxs mülkiyyətində olan “Lexus 5430” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı, e) Ərizəçi mülkiyyətində olan “Mercedes Benz G55” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı, f) Ərizəçi mülkiyyətində olan “Toyota Sequoia” minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar. 1.8. 24 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, ev 15/5 yerləşən 259.39 kv.m olan fərdi yaşayış evi "xxxx" ASC-də ipoteka edilmiş və hal-hazırda 160.000 manat borc qalmışdır. Həmin borcun tərəflər arasında bərabər olaraq bölünərək 80.000 manat hissəsini Ərizəçi və digər 80.000 manat hissəsini Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 1.9. Bakı şəhəri, Xətai rayonu Yeryomenko küçəsi, 1143-ci məhəllə "xxxx" MTK tərəfindən inşa edilən 29 “D”, blok “C”, 2-ci giriş 20-ci mərətəbədə yerləşən ümumi sahəsi 467,01 kv.m olan, yaşayış sahəsi 265,25 kv.m və 20-ci mərtəbənin 2-ci səviyyəsində yerləşən 143 saylı dupleks mənzil real bazar qiymətinə satıldığı təqdirdə həmin mənzildən əldə ediləcək vəsaitin yarısı Ərizəçi Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 1.10. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, ev 15/5 yerləşən 259.39 kv.m olan fərdi yaşayış evi real bazar qiymətinə satılıb-satılmamasından asılı olmayaraq Bakı şəhəri, Xətai rayonu Yeryomenko küçəsi, 1143-ci məhəllə "xxxx" MTK tərəfindən inşa edilən 29 “D”, blok “C”, 2ci giriş 20-ci mərtəbədə yerləşən ümumi sahəsi 467,01 kv.m olan, yaşayış sahəsi 265,25 kv.m və 20-ci mərtəbənin 2-ci səviyyəsində yerləşən 143 saylı dupleks mənzil satıldığı təqdirdə Maraqlı şəxs düşəcək paydan Bakı şəh., Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev Küçəsi, ev 15/5 yerləşən 259.39 kv.m olan fərdi yaşayış evindən Ərizəçi düşəcək payın dəyəri Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2, 32.2.1, 32.2.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intelektual fəaliyyəti nətcəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarəlrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir; Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Məhkəmə hesab edir ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinin, yəni barışıq sazişində şərtlə qeyd edilmiş müddəaların (mənzil real bazar qiymətinə satıldığı təqdirdə və dupleks mənzilin satıldığı təqdirdə) qanuna uyğunluğu məsələsinə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Mediasiya prosesində bağlanan barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.1). Bu halda da məhkəmə yuxarıda qeyd olunan prosessual şərtləri yoxlayaraq barışığı təsdiqləyir və ya bundan imtina edir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Sadalan qanunvericiliyin tələblərinə əsasən məhkəmə müqavilə münasibətlərinə tətbiq edilən normaları birtərəfli əqd münasibətinə analogiya üzrə tətbiq edərək belə qənaətə gəlir ki, tərəflərin mediasiya sessiyasında razılaşdıqları və daşınmaz əmlakların satılacağı təqdirdə ondan əldə edilən pul vəsaitlərinin tərəflər arasında bölünməsindən ibarətdir. Göründüyü kimi, daşınmaz əmlakın satılması notarial qaydada təsdiq tələb edən həmin ikitərəfli iradə ifadəsini əks etdirən əqddir. Bu səbəbdən, hər hansı şərtin baş verməsindən asılı olan və tərəflər arasında digər tərəfin gələcəkdə ikitərəfli əqd bağlamasını nəzərdə tutan razılaşma məhkəmə tərəfindən təsdiq edilə bilməz. Məhkəmə, sadalanan hallara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin hazırkı ərizəsi üzrə barışıq sazişi qanuna zidd olduğuna görə onun təsdiq edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00070 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-2276/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2276/2024
01.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver