Məhkəmə qərarları › İş №2(003)-2330/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2330/2023

14.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2330/2023 14.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması, Maraqlı şəxs onun xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü il tarixdə 180 nömrəli nikah qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra aralarında soyuqluq yaranmış və bu da ailənin faktiki olaraq dağılmasına gətirib çıxarmışdır. Bu səbəbdən mübahisənin məhkəməyə qədər həll yolu olan mediasiya prosesinə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişində qarşılıqlı olaraq nikahın pozulmasına, uşağın onun himayəsinə verilməsinə və cavabdeh tərəfindən uşaq üçün hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə razılıq əldə etmişlər. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1235/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Maraqlı şəxslə barışıq sazişində göstərilən tarixdən 3 aydan çox müddət keçməsinə baxmayaraq o, ödəniş etmir. xx.xx.2023-cü il tarixdə ödəniş etsə də, az miqdarda etmişdir. Əvvəlki tarixlərdən yığılıb qalan aliment borcunun məbləği çoxdur. Məhkəmə iclasında Maraqlı şəxs izahatında göstərdi ki, ödənişlər barədə məlumatı olmamışdır. Aliment ödənişlərinin müddətinin nə zamandan başlandığını bilməmişdir. Bu səbəbdən aliment ödənişlərini etməmişdir. Bundan sonra ödənişləri vaxtlı-vaxtında ödəyəcəyini bildirdi. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində tərəflər Naxçıvan MR Şərur rayonu qeydiyyat şöbəsində qeydiyyata alınmış xx.xx.2014-cü il tarixli 180 nömrəli qeyd ilə təsdiq edilmiş nikahın davam etdirilməməsi barədə, övladları X1 ananın-Ərizəçi yanında himayəsinə verilməsi barədə və Maraqlı şəxs Ərizəçi xeyrinə övladları X1 yetkinlik yaşına çatanadək saxlanması və yaşayışı üçün 220 manat sabit pul məbləğində aliment tutulması barədə razılıq əldə etmişlər. (mediator: Ş.S.Məmmədrzalı) Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1235/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2014-cü il tarixdə Naxçıvan MR Şərur rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 180 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi xeyrinə övladları X1 yetkinlik yaşına çatanadək saxlanması və yaşayışı üçün 220 manat sabit pul məbləğində aliment tutulması barədə razılıq əldə edilməsinə baxmyaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, barışıq sazişinin şərtlərinin tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarına alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, həmin şərtlərin qanuna zidd olması müəyyən edilmədiyindən, eyni zamanda həmin şərtlərin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilsin: - X3 ananın - Ərizəçi himayəsinə verilsin; -xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar