Məhkəmə qərarları › İş №2(003)-2360/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2360/2020

26.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2360/2020 26.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtixyar Zeynal oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Xəzər rayonu, Şağan qəsəbəsində M- 35 saylı sahədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər (əvvəlki Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1999-cu il tarixli Sərəncamı ilə İddiaçı1 Xəzər rayonu, Şağan qəsəbəsində M-35 saylı sahədə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 2009-cu ilin avqust ayında İddiaçı1 qeyd edilən torpaq sahəsini ona- İddiaçı2 satmışdır. Lakin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, alqı-satqı rəsmiləşdirilməsi mümkün olmamış və bu alqı-satqı xx xxxxxxxx 2009-cu il tarixdə verilmiş etibarnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı2 həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Qeyd edilən torpaq sahəsində tikdirdiyi evi İddiaçı2 2019-cu ilin sentyabr ayında cavabdeh Şərur rayonu, Siyaqut kənd sakini Cavabdeh 75.000 (yetmiş beş min) manata satmışdır. Evinin mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından, alqı-satqı rəsmiləşdirilməsi mümkün olmamış və bu alqı-satqı xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş etibarnamə ilə rəsmiləşdirilmişdir. Cavabdeh ev əşyalarını gətirərək arvadı ilə birlikdə evə köçüb yaşamağa başlamış, və demişdir ki, onlar həmyerlidirlər evin pulunu tezliklə verəcəklər. Aradan bir neçə ay keçmişdir, Cavabdeh, ona satılan evin pulunu ödəməkdən yayınmış, ödəməli olduğu 75.000 manat məbləğində pulu ödəməmişdir. Cavabdehdən həmin pulun ödənilməsi dəfələrlə tələb edilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə pulu ödəmir. Ona görə də məcburiyyət qarşısında qalıb yaşayış evini boşaltmağı və ailəsi ilə birlikdə evdən çıxmağı tələb etmişdir. Cavabdeh isə “bu gün-sabah” deyir, ancaq evin pulunu vermir. Həmçinin məcburiyyət qarşısında qalaraq, xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehə-Cavabdeh verilmiş etibarnaməni də xx xxxx 2020-ci il tarixdə verilmiş ərizə əsasında ləğv etdirmişlər. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh ona məxsus olan fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq, məhkəmə qaydasında ailə üzvləri ilə birlikdə evdən çıxmağı cavabdehdən tələb etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa əlavə olaraq izahatında bildirdi ki, mübahisə predmetinə daxil olan torpaq sahəsini sərəncam əsasında İddiaçı1 almış, daha sonra Rövşən həmin torpaq sahəsini İddiaçı2 satmışdır. Fariz də həmin torpaq sahəsində 2 mərtəbəli ev tikmişdir. Daha sonra İddiaçı2 həmin evi satmaq istəyəndə Cavabdeh həmin evi almaq istəmiş və onlar evin 75000 manata alğı-satqısına dair razılaşmışlar. Evin alğı-satqısına dair danışıqlar Mirsəfərlə Rəsul arasında olmuş, pul isə Farizə verilməmişdir. Etibarnamə isə Cavabdeh adına ona görə verilmişdir ki, İddiaçı2la Mirsəfər Hüseynov arasında qohumluq münasibətləri mövcüddur və Fariz köçüb Naxçıvan Muxtar Respublikasına getmək istəmişdir. Bununla bağlı gələcəkdə pul verildikdən sonra evin Mirsəfərin adına rəsmiləşdirilməsinin mümkün olması üçün ona etibarnamə verilmiş, pul verilmədiyinə görə də etibarnamə ləğv edilmişdir. Hazırda cavabdeh tərəfindən evin alğı-satqısı ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamış və pulun verilməsi ilə bağlı heç bir sübut yoxdur. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirmişdir ki, o, 2019-cu ildə evi İddiaçı2 qardaşı Rəsul Hüseynovdan almışdır. Evin qalğı-satqısına dair danışıqlar da Rəsuldan aparılmış, həmin zaman o, bacı oğlu və Rəsul olmuşdur. Rəsul evi, mebellərlə birlikdə 80000 manata satırdı. Həmin zaman o, mebelləri istəmədiyini bildirmiş və bundan sonra onlar evin 75000 manata alğı-satqısına dair razılaşmışlar. Bir müddətdən sonra bacısı oğlu onunla telefonla əlaqə saxlayaraq Rəsulun yanında olduğunu bildirmiş və pulun ona verilməsi barədə soruşmuş, o da evin alğı-satqı barədə aralarında artıq razılaşma olduğundan pulun Rəsula verilməsini demişdir. Bundan sonra 75000 manat pul bacısı oğlu tərəfindən Rəsula verilmişdir. Bu şəkildə o, aralarında razılaşdırılmış 75000 manat məbləğində pulu bacısı oğlunun vasitəsilə Rəsula vermişdir. Rəsul evin ona məxsus olduğunu bildirmiş və uzun müddət tanış və həmyerli olduqlarından o, Rəsula inanmışdır. Rəsul ona İddiaçı2 adından 59 illik etibarnamə vermiş, hazırda isə həmin etibarnamə ləğv edilmişdir. 2020-ci ilin sentyabr ayında o,ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Onun yaşadığı bir il ərzində Fariz tərəfindən evə dair heç bir tələb ona qarşı irəli sürülməmişdir. Həmçinin bildirmişdir ki, 75000 manat məbləğində pulun Rəsula verilməsi ilə bağlı hər hansı bir sübutu yoxdur. Daha sonra evlə bağlı mübahisə ortaya çıxanda o, Rəsulla əlaqə saxlamaq istəmiş, lakin Rəsulu tapa bilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirmişdir ki, Cavabdeh 2019-cu ilin sentyabr ayında mübahisə predmeti olan evdə yaşayır və o, həmin evi Rəsuldan almışdır. Məhkəməyə təqdim olunmuş kommunal xidmətlərə dair qəbzlərdən də görünür ki, həmin xidmətlər Rəsul Hüseynovun adınadır. Evin alğı-satqısına dair danışıqlar Rəsulla aparılmış və 75000 manat məbləğində pul da Rəsula verilmişdir. Pul verildikdən sonra cavabdehə 59 illik etibarnamə verilmişdir. Etibarnamə Farizin adından cavabdehə verilmiş, belə ki, torpaq sahəsi Farizin adına olduğundan etibarnamə də onun adından cavabdehə verilmişdir. Mübahisə predmeti olan evə dair cavabdehin adına 59 illik etibarnamənin verilməsi ilə, evin cavabdehə təhvil verilməsi və cavabdeh ailəsi ilə birlikdə hal-hazıradək orda yaşaması ilə evin alınması təsdiq olunur. Məhkəməyə təqdim olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardada 75000 manat pulun verilməsi öz əksini tapmışdır. Ona görə də hesab etmişdir ki, iddia tələbi əsassızdır və rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh Bakı şəhəri Əzizbəyov rayonu, Şağan qəsəbəsində M-35 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsindən 300 kv.m hissəsinə və həminsahədə gələcəkdə tikiləcək tikilələrə aid sənədləri toplamağı, təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarış, forma 1, arayışı almağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, buna dair müqaviləni imzalamğı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edilməsi haqqında verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, Cavabdeh bacısı oğlu X1 vasitəsi ilə 75 000 manat məbləğində pulun X2 verilməsi xüsusatı öz təsdiqinin tapması nəzərə alınsın. İş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 1891 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncam İddiaçı1 Şağan qəsəbəsi M-35 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılması haqqında verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən İddiaçı2 xx.xx.2079-cu il tarixədək qüvvədə olan etibarnamə verilmiş və həmin etibarnamə Bakı şəhəri Əzizbəyov rayonu, Şağan qəsəbəsində M-35 saylı sahədə yerləşən 1200 kv.m torpaq sahəsindən 300 kv.m hissəsinə və həminsahədə gələcəkdə tikiləcək tikilələrə aid sənədləri toplamağı, təqdim etməyi, özəlləşdirməyi, reyestrdən çıxarış, forma 1, arayışı almağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, pulunu almağı, buna dair müqaviləni imzalamğı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar edilməsi haqqında verilmişdir. Mübahisəli ev özbaşına tikinli olsa da tikinti obyekti İddiaçı1 Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 1891 saylı sərəncamı ilə fərdi ev tikmək üçün ona ayrılmışdır və sonuncu da etibarnamə ilə özünə məxsus torpaq sahəsində digər İddiaçı2 tərəfindən evin tikililər aparılması sənədləşdirməişlərinin aparılması və sair səlahiyyətlər vermişdir. Bu işin mübahisələndirilməyən halıdır. İşin faktiki hallarından göründüyü kimi, həmin sahədə İddiaçı2 tərəfindən fərdi yaşayış evi tikilmişdir. Hazırda torpaq sahəsinin sahibi və orada ona verilmiş etibarnamə əsasında özbaşına tikili kimi fərdi yaşayış evi tikmiş iddiaçılar cavabdehin oradan çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. mülki qanunvericiliyin normaları baxımından da həmin əmlaka öz əmlakı kimi sahiblik edən şəxs kimi mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququ da təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsaəsn özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Həmin Məcəllənin 240-cı maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Şərh olunan maddədə torpaq mülkiyyətçisinin öz torpaq sahəsindən istifadə edərək, orada tikinti işləri aparmaq hüququ tənzim edilir. Torpaq sahəsi mülkiyyətçisinin bu hüququ sahədə binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə vermək səlahiyyətlərini ehtiva edir. Belə tikililərin inşası üçün qaydalara əməl etməklə mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsində ucaltdığı binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması xahiş edilən fərdi yaşayış evi özbaşına tikili olsa da, İddiaçı2 sahibliyində olmaqla cavabdehlə aralarında olan razılığa əsasən şifahi qaydada satılmış və Fariz tərəfindən ona etibarnamə verilmişdir. Razılığa görə işin mübahisələndirilməyən halına əsasən Cavabdeh İddiaçı2 75000 manat pul verməyi öhdəsinə götürmüşdür. Hazırda işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh həmin pul məbləğinin Farizin qardaşı Rəsul adlı şəxsə bacısı oğlu vasitəsi ilə veridiyini və evində Rəsula aid olmasını qeyd edir, İddiaçı2 isə həmin evin ona aid olmaqla razılığa əsasən cavabdeh tərəfidən ona evə köçdükdən sonra pulun ödənilməli olmasını lakin ödənilməməsi səbəbindən verilmiş etibarnaməni ləğv etdiyini bildirir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, həmi evin Rəsul adlı şəxs tərəfindən tikilməsi və onun sahibliyində olması təsdiqini tapmır. Həmin evə aid işıq sərfiyyatına görə verilmiş qəbzlərdə Rəsulun adının qeyd edilməsi evin onun olmasına əsası verən hal kimi qəbul edilə bilməz. Eyni zamanda Cavabdeh müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda Rəsul Hüseynovun ifadəsində sonuncu qardaşı Farizin evinin satılması barədə qərara gəlməsini bildirmişdir. Eyni zamanda həmin evə dair iddiaçıya İddiaçı2 da cavabeh tərəfindən evin qiyməti kimi razılaşdırılmış məbləğin ödənilməsi öz təsdiqini tapmamamışdır. Məhkəmə qeyd edir ki, hazırki halda məhz fərdi yaşayış evinin tikintisi üçün İddiaçı1 ayrılmış torpaq sahəsində etibarnamə əsasında faktiki sahibliyi həyata keçirməklə İddiaçı2 inşa etdiyi özbaşına tikiliyə öz əmlakı kimi sahiblik etmiş iddiaçının həmin əmlakı 3-cü şəxslərdən tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı2da öz növbəsində özbaşına tikilini əmlak kimi üzərində hüquqlarının qeydə alınması üçün müvafiq orqanlara müraciət etməyə hüququ (hazırda sübyektiv hüquqla əhatə olunmayan maraqları) olduğundan həmin tikilidən cavabdehin çıxarılması hissəsində iddiaçıların iddia tələbləri təmin edilməlidir. Tikintinin hazırda torpaqla birlikdə dövlət qeydiyyatına alınmaması, iddiaçılara qanunla ayrılmış olan torpaq sahəsində və orada İddiaçı2 tərəfindən inşa edilmiş və sahibliyində olan evdə digər şəxsin sahibinin iradəsi ziddinə orada yaşamasını təmin etmək qanuni və əsaslı hesab edilə bilməz. İddia tələbinin cavabdehin ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, prosessual qanunveriuciliyin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar və iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Hazırki halda isə iddia tələbində konkret olaraq Cavabdeh ailə üzvləri qeyd edilməklə cavabdehlərin dairəsi müəyyən edilməmiş, qeyrimüəyyən şəxslərin evdən çıxarılması qeyd edilmişdir ki, bu halda həmin hissədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində M-35 saylı sahədə yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar