Məhkəmə qərarları › İş №2(003)-2686/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2686/2021

02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2686/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxslər - Bakı şəhəri Maraqlı şəxs) ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 27 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 19 mart 1983-cü il tarixdə ailə həyatı qurub və anası dünyasını dəyişənə qədər onlar ilə birlikdə yaşayıb. Mərhum anası X8 10 noyabr 1935-ci il tarixdə Lerik rayonu Veri kəndində anadan olmuşdur. Mərhum anası X8 27 may 2021-ci il tarixdə 86 yaşında Bakı şəhər, Binə qəsəbəsində vəfat etmişdir. Anası vəfat etdikdən sonra onu qohum və qonşuların iştirakı ilə Şağan qəsəbəsində yerləşən qəbirstanlığında dəfn ediblər. Hal-hazırda onun mərhum anasının ölüm haqqında şəhadətnaməsi sənədləşdirilmə ilə bağlı ona lazımdır. O, bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin orada onlar ona bu barədə məhkəməyə müraciət etməyi məsləhət görmüşdülər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, X2 3(üç) ildir yataq xəstəsi idi, gəzə bilmirdi, ayaqları tutulmuşdu və bu səbəbdən həkimlər evə gəlirdilər. X2 27 may 2021-ci ildə rəhmətə gedib. Mərhum Şağan qəsəbəsində dəfn olunub. Məhkəmədə şahid qismində X11 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Mərhum anası X8 27 may 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum Xəzər rayonu, Şağan qəsəbəsinin qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1962-ci ildə Lerik rayon, Veri kəndində doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 29 Nömrəli Birləşmiş Şəhər Xəstəxanasını Xəzər rayon məhkəməsin ünvanladığı 31 may 2021-ci il tarixli 181 saylı məktubundan görünür ki, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yaşamış 10.11.1935-ci il təvəllüdlü X3 27 may 2021-ci il tarixdə ev şəraitində təcili yardım tərəfindən ölüm faktı qeydə alınmışdır. X8 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olmadığına görə AZS 106 forma (ölüm haqqında tibbi şəhadətnamə) verilməsindən imtina edilmişdir. İş materiallarında olan Təcili və X7 Stansiyasının (TTTYS) tərəfindən verilmiş 27 may 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 27 may 2021-ci il tarixdə həkiməqədər ölümü baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin 31 may 2021-ci il tarixli 1592 saylı arayışından məlum olur ki, həqiqətəndə mərhum X10 rəhmətə gedənə qədər qızı X6 ilə birlikdə Bakı şəhəri, Xəzər rayon, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ünvanında qeydiyyatsız olaraq yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1). Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.8). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydanın 8.2-ci bəndinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi mərhum anası X3 27 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və digər sübutlarla tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar ərizəçiyə lazımdır. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi mərhum anası X3 27 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yatası yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” (maddə 217.4). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin olunsun. 10 noyabr 1935-ci il təvəllüdlü X3 27 may 2021-ci il tarixdə Bakı şəhərində ölməsi fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar