Məhkəmə qərarları › İş №2(003)-2702/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2702/2021

27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2702/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi) ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 21.01.1944-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində anadan olmuşdur. Ərizəçinin atası mərhum X3 Bakı şəhər 7 saylı vərəm əleyhinə dispanserdə 01.02.2002-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X3 01.02.2002-ci il tarixdə vəfat etdikdən sonra Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kənd qəbristanlığında dəfn edilmişdir. Bu halla bağlı ərizəçinin atası X1 qəbrinin fotoşəkli və Binə qəsəbəsi icra nümayəndəliyi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 1846 saylı arayış təqdim edilmişdir. Həmçinin, ərizəçinin atası X1 dəfn mərasimində iştirak edən şəxslərin də bu halı təsdiq edə biləcəkləri qeyd edilmişdir. Ərizəçi vərəsəlik hüququnu həyata keçirmək üçün tələb X1 ölüm haqqında şəhadətaməsini Xəzər rayon Qeydiyyat Şöbəsindən tələb etsə də, 25.05.2021-ci il tarixli 535 saylı məktubla məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Daha sonra ərizə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, 21.01.1944-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində doğulmuş X1 01.02.2002-ci il tarixdə Bakı şəhəri 7 saylı vərəm əleyhinə dispanserdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş və o, məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 7 saylı vərəm əleyhinə dispanserinin 29.07.2015-ci il tarixli, 205 nömrəli arayışda qeyd edilmişdir ki, X3 21.01.2002-ci ildə 7 saylı vərəm əleyhinə dispanserə stasionar müalicəyə daxil olmuş, 01.02.2002-ci ildə vəfat etmişdir. Xəstəyə 2 nömrəli ölüm şəhadətnaməsi verilmişdir. İş materiallarında olan Xəzər rayon İcra Hakimiyyəti başçısının Binə qəsəbəsi İƏD üzrə nümayəndəsi tətərfindən verilən 20.05.2021-ci tarixli 1846 saylı arayışdan görünür ki, X3 01.02.2002-ci il tarixdə vəfat etmiş və Binə qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, X3 onun qohumudur. Ərizəçinin atası 01.02.2002-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X2 Binə qəsəbəsində basdırıılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, X3 onun qohumudur. Ərizəçinin atası 01.02.2002-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X2 Binə qəsəbəsində basdırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə X1 01.02.2002-ci il tarixdə ölməsi tam sübuta yetirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası X1 01.02.2002-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiklərindən, habelə onun ölməsi ərizəçilərin izahatı, şahid ifadələri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21.01.1944-cü il tarixdə Lerik rayonun Kələxan kəndində doğulmuş X1 01.02.2002-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar