Məhkəmə qərarları › İş №2(003)-2716/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2716/2024

11.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2716/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, o, maraqlı şəxslə nikahlarını xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan fikirləri uyğunlaşmamış və problemləri çoxalmışdır. Ailə münasibətlərinin pozulması səbəbilə nikahları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 2666/2023 saylı qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Maraqlı şəxs barışıq sazişinin tələblərinə əməl etmir. Təxminən 1 ilə yaxındır ki, uşaqları görmür, onlarla maraqlanmır. Maraqlı şəxs məhkəməyə gəlməkdən də imtina edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində tərəflər xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 Ərizəçi himayəsində saxlanmaları, Maraqlı şəxs həftənin istirahət günləri hər gün, gün ərzində uşaqlarla istənilən ünvanda və istənilən saatlarda şəxsən görüşərək ünsiyyətdə olması, bayram tətilləri günləri onun uşaqlarla ünsiyyəti razılaşma ilə tətil günlərinin istənilən günü gün ərzində görüşərək ünsiyyət saxlaması, uşaqların saxlanması üçün Maraqlı şəxs Ərizəçi hər uşağa görə hər ay 150 manat olmaqla cəmi 300 manat aliment verilməsi, alimentin məbləğinin hər il minimum yaşayış həddinə uyğun və ya inflyasiyaya uyğun olaraq dəyişdirilə bilməsi, aliment ödənişlərinin hər ayın sonunda edilməsi, uşaqların səyahəti, istirahəti, təhsili, sağlamlığı, idman yarışları və sair səbəblərə görə digər valideyninin müşayiəti ilə və ya müstəqil şəkildə Azərbaycan Respublikası hüdudlarından kənara çıxmaları üçün notariat qaydasında razılıq verməyi barədə razılıq əldə etmişlər (mediator: F.F.Məmmədzadə). Həmin Sazişin 6-cı bəndinə əsasən Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Sazişin 8-ci bəndinə əsasən sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi xeyrinə övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulması barədə razılıq əldə edilməsinə baxmayaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, barışıq sazişinin şərtlərinin tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarına alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, həmin şərtlərin qanuna zidd olması müəyyən edilmədiyindən, eyni zamanda həmin şərtlərin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı qaydada hissəvi təsdiq edilsin: - xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar