Məhkəmə qərarları › İş №2(003)-2763/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2763/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2763/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış evindən çıxarılma və yaşayış evinə köçürülmə" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış evindən çıxarılma və yaşayış evinə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən 0,0305 ha torpaq sahəsi və həmin torpaqdakı ev onun xüsusi mülkiyyətindir. Həmin torpaq sahəsi Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı qərarı ilə ona verilmişdir. Verilmiş torpaq sahəsinin bir hissəsini satdı, bir hissəsində isə 1997-ci ildə 20 kv.m sahədən ibarət təsərrüfat otağı və sanitar qovşaq tikdi. O, vaxtaşırı gedib həyətdə əkin işləri ilə məşğul olanda orda qalırdı. 2004-cü ildə isə həmin torpqda bir otaqlı yaşayış evi tikdi. Həmin evi tikdiyi vaxtı sonradan əlavə iki otaq da tikdi və 2013-cü ildə evin tikintisini tam başa çatdırdı. Həmin evi bir neçə torpaq sahəsini satıb onun pulu ilə tikib. O, eyni zamanda otuz beş il dövlət işində işləmiş və sonra da sahibkarlıq fəaliyyəti iklə məşğul olmuşdur. Evin bir otağın tikəndə Anar orta məktəb şagirdi idi, əlavə iki otağı tikəndə isə Anar İra adlı ukraynalı qadınla yaşamaq üçün Ukraynaya getmişdi və bir neçə ay orada qalmışdı. Oğlu Bakıya qayıdanda artıq evin tam tikintisini başa çatdırmışdı. Anar həmin evin tikintisinə kömək etməyib və heç bir xərc çəkməyibdir. Hətta evin tikintisini apardığı illərdə tikintisinə sərf etdiyi materialların və pulun qeydiyyatını aparmışdır. Anar Ukraynadan gələndən bir müddət sonra sonra Cavahir adlı xanımla ailə qurdu və həmin nikahdan bir qızları oldu. 2016-cı ildə qardaşı Məmmədov Bayram vəfat etdi. Qardaşının vəfatından sonra arvadı Cavabdeh2 oğlu Anarla yaxın münasibətdə olmasını öyrəndi, bu yaxınlarda öyrəndiyinə görə hətta qardaşının sağlığında Anarla Gülnarə yaxın münasibətdə olublar. Anar Gülnarə ilə münasibətinə görə 2019-cu ildə həyat yoldaşı Cəvahirdən boşandı. Mərhum qardaşı arvadı ilə olan münasibətinə görə o və qohumlar onlarla əlaqəni kəsdik. 2020-ci ildə pandemiya dövründə “SMS”lə icazə tətbiq edildiyindən Binə qəsəbəsindəki evə tez-tez gedə bilmirdi. 2020-ci ilin iyun ayında Binə qəsəbəsindəki evinə getdi, lakin darvazanın qapısını açarla aça bilmədi. Qonşulardan öyrəndi ki, oğlu Anar Gülnarə ilə may ayının axırlarında evinə giriblər və darvazanın qıfılını dəyişiblər. O, nə qədər cəhd etsə də qapını açmadılar. Bundan sonra məcbur olub Anarı Nizami rayonundakı evinə dəvət etdi və mərhum qardaşının arvadı ilə olan münasibətinə son qoymasını istədi. Anar bu sözündən hirslənib nəlayiq sözlərlə anasını təhqir edərək üzərinə gəldi bıçaqla hədələdi və əlinə aldığı şnurla onu boğmağa başladı.O, telefonla qonşunu çağırdı, qonşu gəldi, söhbət edəndən sonra Anar sakitləşib çıxıb getdi. O, bu barədə polis sahə müvəkkilinə şöbəsinə şikayət etdi, lakin oğlu olduğu üçün şikayətini geri götürdü. O, onun evdən çıxarılması üçün Xəzər rayon məhkəməsinə iddia ərizəsi verdi. Lakin pandemiya ilə əlaqədar iddiası baxılmamış saxlanılmışdır. Dəfələrlə gedib onları evindən çıxarmaq istəsə də, onu qapıdan içəri buraxmayıblar və həyətdə saxladıqları pitbull itini üstünə buraxmaqla hədə-qorxu gəliblər. Cavabdehlərin həmin evdə əşyası olmayıbdır. Evdəki paltar dolabı, taxt keçmiş gəlininindir, qalan əşyalar iddiaçının olubdur. Cavabdehlər evdəki əşyalarının çox hissəsini satıblar. O, 1997-ci ildən 2020-ci ilədək həm qeydiyyatda olduğu evdə və Binə qəsəbəsində tikdiyi evdə yaşamışlar.Cavabdehlər evini zəbt edib onu öz evinə buraxmır və evindən çıxmırlar. Onlar bu hərəkətləri ilə onun mülkiyyət hüququnu pozurlar. Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçının mülkiyyəti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən evdən və 0,0305 ha torpaq sahəsindən çıxarılmalarına, iddiaçının həmin evə və torpaq sahəsinə köçürülməyinə dair qətnamə çıxarılmasının xahiş etdi. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iddiaçının mülkiyyəti olan Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən evdən və 0,0305 ha torpaq sahəsindən çıxarılmalarına, iddiaçının həmin evə və torpaq sahəsinə köçürülməyinə və Cavabdeh1 4000,0 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmaını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qeyd olunan mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxusdur. Oğlu Anara evdən çıxarılması ilə bağlı 4000,0 manat kompensasiya verməyə razıdır. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və təmin edilməsinə etiraz etmədi. Digər cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən evdən və 0,0305 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Texniki Pasportun sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən evdən və 0,0305 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan İddiaçı məxsus qeyd kitabçasının sürətindən görünür ki, o, Binə qəsəbəsində tikilən evinin xərclərini qeydə almışdır. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-cı il tarixli, 135 saylı qərarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarın tələbinə uyğun olaraq İddiaçı 0,07 ha həyətyanı torpaq sahəsi ayrımışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 27 nömrəli hesabatından aydın olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun aylıq kirayə haqqı 150,0 manat məbləğində müəyyən olunur. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən ünvanında yaşayırlar. Hazırda iddiaçı cavabdehlərin ona məxsus evdən çıxarılmalarını xahiş edir. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, cavabdeh hazırki vaxtda mübahisə predmeti olan mənzildən qanuni əsaslarla istifadə hüququna malik olduğundan, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi kimi, həmin mənzildən istifadə hüququna malik olan cavabdeh və Cavabdeh1 4000,0 manat kompensasiya verilməklə mübahisəli mənzildən çıxarılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozubpozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilkin olaraq iddianın Cavabdeh1 kompensasiya verilərək mənzilə istifadə hüququnun itirilməsi ilə çıxarılması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən aşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarına hüquqi qiymət verərək hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olubolmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin mənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 150,0 manat təşkil edir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 1800,0 manat, iki il üçün 3600,0 manat təşkil edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 4000,0 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdehin təqribən 2 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilər, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Eyni zamanda iddia tələbi cavabdehin özü tərəfindən etiraf edilərək, cavabdeh iddia tələbini qəbul etmiş və 4000 manat kompensasiya verilərək, onun mübahisəli mənzilə istifadə hüququna xitam verilməsinə etiraz etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində və oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o yaşayış sahəsi ilə təminatlı olacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində ona 4000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüquqlarına görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçının bildirdiyi 4000 manat həcmində müəyyən edilməli və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna görə 4000,0 manat kompensasiya ödənilməklə, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13 saylı mənzildən istifadə hüququna xitam verilərək, Cavabdeh1 həmin mənzildən çıxarılmalıdır. Həmçinin, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən ünvanda yaşamış, lakin iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, cavabdehin həmin mənzilə istifadə hüququ olmadığından, mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı mənzili özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Mübahisəli mənzil hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddia bu hissədə təmin edilərək, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 6-cı Binə, 5-ci döngə, giriş 13 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 150,0 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub "xxxx" ASC, kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ******************** SWİFT PAHAAZ22, "xxxx" MMC VÖEN **********, AZ42PAHA40060AZNHC********** hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 4000,0 (dörd min) manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh1 Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi, 6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən evdən və 0,0305 ha torpaq sahəsindən istifadə hüququna xitam verilərək, həmin evdən çıxarılsın. Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən evdən və 0,0305 ha torpaq sahəsindən çıxarılsın. İddiaçı Bakı şəhəri,Xəzər rayonu, Binə qəsəbəsi ,6-cı Binə, 5-ci döngə, giriş 13-də yerləşən ev və 0,0305 ha torpaq sahəsinə köçürülsün. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutulub "xxxx" ASC, kod 505141, VÖEN **********, Müxbir hesab AZ82NABZ******************** SWİFT PAHAAZ22, "xxxx" MMC VÖEN **********, AZ42PAHA40060AZNHC********** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar