Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2766/2020 16.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 2030 manat məbləğində cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxx 2017-ci il tarxidə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə bir müddət normal ailə həyatı yaşamışlar, sonradan münasibətləri pozulmuşdur. 2017-ci ilin iyun ayından cavabdehlə ayrı yaşayırlar. Cavabdeh onu qovub atası evinə göndərdiyi vaxtdan ona məxsus olan, ata evindən gətirdiyi cehiz əşyaları cavabdehin evində qalmışdır. Cehiz əşyaları tozsoran – 150 manat, elektrik sobası – 100 manat, çılçıraq – 300 manat, ütü – 50 manat, 9 hissəli qazan dəsti – 200 manat, 5 hissəli gümüş qazan dəsti – 200 manat, 3 hissəli gümüş podnus – 60 manat, 4 hissəli aşsüzən dəsti – 20 manat, 7 hissəli plastik ləyən dəsti – 50 manat, jurnal stolu – 150 manat, çemodanda gümüş qaşıq-bıçaq dəsti – 150 manat, 4 dəst stol örtüyü – 200 manat, 12 ədəd dəsmal – 120 manat, ləyən dəsti – 50 manat, vedrə dəsti – 30 manat, 5 hissəli boyalı qazan dəsti – 200 manat, cəmi 2030 manat dəyərində əşyalardan ibarətdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi, 2030 manat məbləğində cehiz əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı ilə xx xxx 2017-ci il tarxidə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Münasibətləri pozulduqdan sonra iddiaçı körpə uşağı ilə birlikdə evi tərk edib valideynlərinin yanına getmişdir. 2017-ci ilin 07 iyul tarixində cavabdehə məxsus cehiz əşyaları Xəzər rayonu, Qala qəsəbəsində yaşayan X1 şəxsi forduna yığılmış, qardaşı X2 və həmkəndlisi X3 iştirakı ilə Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yaşadığı evdə Rəvanəyə təhvil verilmişdir. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin 2(110)-324/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. İddia ərizəsində göstərilən cehizlər onun qızına verilmiş və cavabdehin evinə yığılmışdır. Həmin əşyalar hal-hazırda cavabdehin evindədir və qaytarılmır. Digər şahid X5 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşının qızıdır. Cehiz əşyaları onun yanında yığılıb. İddia ərizəsində göstərilən əşyaların hamısı cavabdehin evindədir, hamısı qaytarılmayıb. Digər şahid X8 ifadəsində göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Rəvanə gəlin gələndə cehiz gətirmişdir. Lakin boşanma olduqda onlar Azər adlı şəxsin maşını ilə iki dəfəyə aparıb bütün cehizləri Rəvanənin yaşadığı Binədəki evə boşaltmışlar. Qardaşının evində Rəvanənin heç bir əşyası yoxdur. İddia ərizəsində qeyd eidlən əşyaların ümumiyyətlə dəqiq olub-olmamasını deyə bilmir. Evdə olan bütün əşyaları qutularla birlikdə iddiaçının anasının evinə aparıb vermişlər. Otaqlar boşdur. Digər şahid X9 ifadəsində göstərmişdir ki, o, cavabdehin 25 illik dostudur. O, Ramin və sürücü Azər cavabdehin evinə gedib cehizlərin hamısını yığıb maşına aparmışlar. Onlar evi tər-təmiz boşaldıb iddiaçının yaşadığı yerə aparıb təhvil vermişlər. O, əşyaları xatırlamır, lakin evdəki bütün cehiz əşyalarını çıxardıqlarını xatırlayır. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh xx xxx 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, aralarında olan nikah pozulmuşdur. İddia tələbindən görünür ki, İddiaçı Cavabdeh ilə ailə qurduqdan sonra hazırkı iddia ərizəsi ilə qaytarılmasını tələb etdiyi ona məxsus cehiz əşyalarını cavabdehlə birlikdə yaşadıqları evə yerləşdirdiyini, evi tərk edərkən həmin əşyaları özü ilə aparmadığını, əşyaların hazırda cavabdehdə olduğunu bildirərək, həmin əşyaların geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, həmin əşyaların iddiaçıya qaytarıldığını bildirmiş, onun bu etirazını təşəbbüsü ilə məhkəmə iclasında iştirak edən şahidlər təsdiq etmişdir. Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsinin icra məmurları X7 və X6 iş üzrə iddiaçı və cavabdehin və hal şahidlərinin iştirakı ilə mübahisəli ünvana baxış keçirmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edərək, həmin ünvanda iddia ərizəsində qeyd olunan cehiz əşyalarının aşkar olunmadığını, sadəcə tozsoranın qutusunun mövcud olduğunu qeyd etmişdir. Göründüyü kimi, mübahisəli cehiz əşyaları aşkar edilməmiş, iddiaçı tələb etdiyi cehiz əşyalarının cavabdehə məxsus ünvanda olduğuna dair öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun tələbini yalnız şahid ifadələri təsdiq etmiş, lakin iddiaçının yaxın qohumları tərəfindən onun maraq və mənafeyinə uyğun olmaqla verilən şahid ifadələrini məhkəmə inandırıcı hesab etməmişdir. Qeyd olunanlara qiymət verərək, məhkəmə, tələb olunan cehiz əşyalarının iddiaçıya qaytarılmasına dair cavabdehin etirazının əsaslı olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, əmlakın tələb olunması zamanı iddiaçı əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və bu sahibliyin qanunsuz olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdən görünür ki, iddiaçı əmlakın hazırda cavabdehin sahibliyində olduğunu iddia etsə də, bu halı məhkəmədə hər hansı bir mötəbər dəlil ilə sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2766/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2766/2020
16.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver