Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2766/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 22 aprel 2022-ci il tarixində Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin təsdiq edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı 2 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında olan mübahisəni mediasiya qaydasında həll etmişlər və xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışlar. Barışıq sazişinin 2.6-cı bəndində əsasən tərəflər üzərinə düşən öhdəlikləri saziş imzaladığı gündən 5 gün ərzində yerinə yetirməli olmuşlar. Təəssüf ki, maraqlı şəxs həm alimentin ödənilməsində həm də uşağına soyadını vermək öhdəliyini yerinə yetirmir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Maraqlı şəxs ilə bir il bir yerdə yaşamışlar və aralarında olan münasibətlərdən bir oğlan uşağı doğulmuşdur. Mediasiya prosesi zamanı Maraqlı şəxs uşağın atası olması faktını qəbul edərək, uşağa soyadının vermək öhdəliyini öz üzərinə götürmüşdür. Həmçinin hər ay aliment vermək öhdəlik götürmüşdür və bu barədə aralarında barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən barışıq sazişi imzalandığı andan 5 gündən gec olmayaraq tərəflər üzərinə düşən öhdəliklərini yerinə yetirməlidirlər. Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişin şərtlərini yerinə yetirmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz edərək izahatında bildirdi ki, uşağın ondan olması ilə bağlı şübhələri var. Ona görə hesab edir ki, onun uşağın atası olması barədə müvafiq ekspertiza keçirilərək müəyyən edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında aralarında olan uşağa (X1) alimentin verilməsinin müəyy olunması barədə mübahisə üzrə barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən uşaq birinci tərəfin himayəsində qalması, ikinci tərəf uşağın atası olması faktının qəbul etməsi, ikinci tərəf uşağa soyadını vermək öhdəliyinin üzərinə götürməsi, ikinci tərəf hər ay Azərbaycan Respublikası üzrə uşaqlar üçün hər il nəzərdə tutulan yaşayış minumuma uyğun olaraq may ayından başlayaraq hər ayın 5-ə qədər aliment ödəməyi öhdəsinə götürməsi, ikinci tərəfin uşaqla ünsiyyəti istirahət günlərinə uyğun olaraq həftədə iki dəfədən çox olmayaraq müəyyən olunması, barışıq sazişi imzaladığı andan 5 gündən gec olmayaraq tərəflər üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi haqqında qarşılıqlı razılıq əldə etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinin, yəni uşağın atası olması faktının qəbul edilməsi, uşağa soyadını vermək və aliment ödənilməsi barədə şərtlərin qanuna uyğunluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Sadalan qanunvericiliyin tələblərindən görünür ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Məhkəmə, maraqlı şəxs tərəfindən uşağın atası olması halının mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, bu halda atalığın müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası haqqında qeydin aparılması, uşağa atasının soyadının verilməsi, atalığın müəyyən edilməsinin qeydə alınması halları müvafiq iddia qaydasında qaldırımış ərizə əsasında məhkəmə araşdırması zamanı qəbul olunmuş məhkəmə qətnaməsi əsasında mümkün ola biləcəyindən ərizənin təmin edilməsi, yəni ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi mümkün deyil. Belə ki, barışıq sazişinin bir hissəsi qanuna zidd olduğundan hazırki halda bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təmin edilməməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsum onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-2766/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2766/2022
15.08.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver