Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2787/2021 01.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X3 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı ərizəçi Mülki Prosessual Məcəllənin 53cü maddəsinə əsasən, ərizəsini dəqiqləşdirərək, qardaşı 08 mart 1982-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, qardaşı X8 2014-cü il oktyabr ayında ailəsi ilə birlikdə iki azyaşlı uşağı ilə Türkiyə Respublikasına, oradan da Suriyə Respublikasına keçmişlər. Getdiyi gündən 15-20 gün sonra qardaşının yoldaşı tərəfindən onlara Emilin ölüm xəbəri gəlmişdir. O gündən bəri qardaşından heç bir xəbər ala bilməmişlər. 2019-cu ilin mart ayında qardaşının uşaqlarını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və X10 Komitəsinin köməkliyi ilə gətirmişlər. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə uşaqların qəyyumluğu onlara verilmişdir. Uşaqlara ailə başçısını itirməyə görə sosial yardım almaq üçün, qardaşının ölmüş elan eidlməsi lazımdır. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunması, qardaşı 08 mart 1982-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185. maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə bildirmişdir ki, Emil 2014-cü ildə işlədiyi şirkət tərəfindən Qəbələyə göndərildiyini deyib evdən çıxıb. Daha sonra zəng edərək, Suriyaya keçdiyini bildirmişdir. Ondan sonra Emildən xəbər almaq mümkün olmamışdır. Arvadı İraqda həbsxanadadır. Emilin öldüyünü arvadı xəbər vermişdir. Uşaqları dövlət gətirmişdir. Digər şahid X4 ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Emil Quliyev isə onun böyük oğludur. Oğlundan 2014-cü ildən xəbər yoxdur. Oğlu Türkiyədən ona sms yazaraq, Suriya Respublikasına getməsi barədə məlumat vermişdir. Bundan sonra oğlu Ramil Xətai rayon DTX-yə çağırılmış, onunla söhbətlər aparılmışdır. Bundan sonra gəlini Fərəhnazın valideynləri ona məlumat verərək, Fərəhnazın həbs olunmasını, oğlu Emilin isə ölməsini bildirmişlər. O, 2019-cu ildə X16 Cəmiyyətinə müraciət etmiş, 2020-ci ilin mart ayında nəvələri X5 və X6 ölkəyə gətirilmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 08.02.2021-ci il tarixli məktubunun surətindən görünür ki, 08 mart 1982-ci ildə Ermənistan Respublikasında anadan olmuş X3 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini-ekstremist fəaliyyətdə iştirak etməsi barədə daxil olmuş məlumatlar əsasında Dövlət Miqrasiya Xidmətinin müraciəti üzrə Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, X7, oğlu Emil Qurbanovun barəsində axtarış aparılmasını xahiş etmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının 05.03.2020-ci il tarixli 38 nömrəli Sərəncamının surətindən görünür ki, X7 yetkinlik yaşına çatmayan nəvələri X5 və X2 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 09.08.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 08.03.1982-ci il təvəllüdlü X8 08.10.2014-cü ildə qanunsuz silahlı birləşmələrin tərkibinə qatılmaq məqsədilə Suriyaya getmiş, qeyd olunan fəaliyyətinə görə AR vətəndaşlığından məhrum edilmişdir. E.Qurbanovun öldürüldüyünə dair hər hansı rəsmi məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmələr şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. İşin məhkəmə iclasında tədqiq olunan hallarından görünür ki, 08 mart 1982-ci il təvəllüdlü X8 2014-cü ildə Suriya Respublikasında dini-ekstremist silahlı birləşmələrin tərkibinə daxil olması barədə özü şəxsən ailə üzvlərinə məlumat vermiş, bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, AR vətəndaşlığından məhrum edilmişdir. E.Qurbanovun həyat yoldaşı onun öldüyü barədə ailə üzvlərinə məlumat vermişdir. Qeyd olunan tarixdən E.Qurbanov barədə hər hansı başqa məlumat alınmamışdır. Həmin Məcəllənin 41.3-cu maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 08 mart 1982-ci il təvəllüdlü X8 ölmüş elan edilməli və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08 mart 1982-ci il təvəllüdlü X8 ölmüş elan edilsin. Hazırkı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilsin. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeyd aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-2787/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2787/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver