Məhkəmə qərarları › İş №2(003)-2987/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-2987/2023

25.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-2987/2023 25.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs ilə münasibətləri pozulduğuna görə xx.xx.2023-cü il tarixdə maraqlı şəxs ilə aralarında nikahın pozulması, uşağın onun yanında saxlanılması və onun saxlanması üçün maraqlı şəxsdən hər ay 220 manat məbləğində pulun aliment şəklində ödənilməsinə dair “Barışıq Sazişi” bağlanmışdır. Mediasiya haqqında Azərbaycan Respublikasının qanunun 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Daha sonra Ərizəçi ərizəsini dəqiqləşdirərək Maraqlı şəxs ilə onun arasında mediasiya qaydasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü hissəsini, yəni xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək 220 manat alimentin ona ödənilməsi barədə hissəsinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, cavabdeh barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni alimenti ödəmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmişdir. Ərizəyə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs izahatında bildirmişdir ki, barışıq sazişinin bağlandığı vaxtdan alimenti ödəməli olduğunu bilməmiş, həmçinin imkanı olmadığından alimenti ödəyə bilməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatının mediatorı X2 tərəfindən təsdiq edilmiş Maraqlı şəxs (birinci tərəf) ilə Məmmədova (Əliyeva) Aysel Sabir qızı (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü hissəsindən görünür ki, Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağın anası Ərizəçi adına açdırdığı bank hesabına (karta) alimentin ödənildiyi gün üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində (2023-cü il üçün 220 manat sabit pul məbləğində) aliment ödəməyinə dair öhdəlik götürmüşdür. Həmçinin həmin Sazişin 6-cı bəndindən görünür ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflə üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1739/2023 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2015-ci il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinin 3-cü hissəsinə əsasən Maraqlı şəxs tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Məmmədova (Əliyeva) Aysel Sabir qızına ödənilməsi, həmin saziş imzalandığı gündən xx.xx.2023-cü il tarixdən sonra 10 təqvim günü müddətində könüllü şəkildə icra olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Maraqlı şəxs həmin Saziş əsasında üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. Bu hal məhkəmə iclasında da müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin şərtinin alimentin ödənilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 8 saylı Mediasiya təşkilatının mediatorı X2 tərəfindən təsdiq edilmiş Maraqlı şəxs (birinci tərəf) ilə Məmmədova (Əliyeva) Aysel Sabir qızı (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü hissəsi – “Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağın anası Ərizəçi adına açdırdığı bank hesabına (karta) alimentin ödənildiyi gün üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində (2023-cü il üçün 220 manat sabit pul məbləğində) aliment ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilməli, alimentin ödənilməsi barışıq sazişi imzalandığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 8 saylı Mediasiya təşkilatının mediatorı X2 tərəfindən təsdiq edilmiş Maraqlı şəxs (birinci tərəf) ilə Məmmədova (Əliyeva) Aysel Sabir qızı (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü hissəsi – “Maraqlı şəxs xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağın anası Ərizəçi adına açdırdığı bank hesabına (karta) alimentin ödənildiyi gün üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğində (2023-cü il üçün 220 manat sabit pul məbləğində) aliment ödəməsinə dair öhdəlik götürməsi” təsdiq edilsin. Alimentin ödənilməsi barışıq sazişi imzalandığı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar