Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3080/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması və 100 manat ödənilmiş xərcin Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 03 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 2 uşaqları - xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs bir müddət əvvəl ailəsini tərk etmiş və digər qadınla münasibət qurmaq niyyətinə düşmüşdür. Ailəsini qoruyub saxlamaq cəhdləri təssüf ki heç bir nəticə verməmişdir. Hazırda birgə yaşamır və birgə təsərrüfat idarə etmirlər. Birgə nikahdan olan azyaşlı uşaqları da onun yanında qalırlar. Birgə nikah dövründə **-DT-*** dövlət nömrə nişanlı RAVON NEXİA markalı avtomobili əldə etmişlər. Avtomobili xx.xx.2020-ci il tarixdə 16523.11 manata almışlar və dəyəri də hər ikisi tərəfindən tam ödənilmişdir. Mediasiya prossesi zamanı aparılan danışıqlar nəticəsində, aralarında razılıq əldə olunmuş və Mediasiya qaydasında barışıq sazişi imzalamışlar. xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən avtomobilin həmin günə dəyəri 14000.0 manat müəyyən olunmuşdur. Saziş imzalanan gündən 3 ay arzində Maraqlı şəxs bu dəyərin yarısını, yəni 7000.0 manat pul vəsaitini ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən artıq 4 ay keçməsinə baxmayaraq hələ də ona Maraqlı şəxs tərəfindən heç bir vəsait ödənməmişdir. Bir neçə dəfə bu barədə xatırlatsa da ona hər hansı konkret cavab verilməmişdir. Maraqlı şəxs bu davranışı və bütün hərəkətləri ilə göstərir ki, onun könüllü olaraq bu Barışıq Sazişini icra etmək niyyəti yoxdur. xx.xx.2022-ci il tarixli Barışq Sazişinin 2.6-cı bəndində qeyd olunmuşdur ki: "Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X2 ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa oxşar izahat verdi. Həmçinin bildirdi ki, mediasiya qaydasında bağlanmış barışıq sazişinin imzalanmasından sonra 3 ay müddətində Maraqlı şəxs tərəfindən avtomobilin dəyərinin yarısı, yəni 7000 manat ərizəçiyə verilməli olmuşdur. Lakin o, barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ərizəçi barışıq sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) aralarında olan nikahın pozulması, uşağın kimin yanında saxlanılması, aliment ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə mübahisə üzrə barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinə əsasən birgə nikah dövründə əldə edilmiş ** DT *** dövlət qeydiyyat nişanlı RAVON NEXİA markalı minik avtomobili üzərində tərəflərin hər birinin 1/2 hissədə mülkiyyət payının, avtomobilinin dəyərinin 14000 (on dörd min) manat müəyyən edilməsi, həmçinin saziş imzalanan gündən 3 ay müddətində avtomobilin dəyərinin 1/2 hissəsi - 7000 (yeddi min) manatı Maraqlı şəxs tərəfindən Ərizəçi Elikram qızına ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. Həmçinin həmin Sazişin 2.6-cı bəndinə əsasən Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* və ********* nömrəli qəbzlərdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər (ərizəçi və maraqlı şəxs) arasında mediasiya qaydasında barışıq sazişi bağlanılmış və həmin barışıq sazişinə əsasən “Ravon Nexia” minik markalı ** DT *** dövlət qeydiyyat nişanlı avotmobilin birgə üzərində tərəflərin hər birinin 1/2 hissədə mülkiyyət payının, avtomobilinin dəyərinin 14000 (on dörd min) manat müəyyən edilməsi, həmçinin saziş imzalanan gündən 3 ay müddətində avtomobilin dəyərinin 1/2 hissəsi - 7000 (yeddi min) manatı Maraqlı şəxs tərəfindən Ərizəçi Elikram qızına ödənilməsi barədə razılıq əldə edilməsinə baxmyaraq, Maraqlı şəxs həmin Saziş əsasın üzərinə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda yerinə yetirməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişi qanuna zidd olmadıqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, barışıq sazişinin şərtlərinin əmlaka dair tərəflər arasında payın müəyyən edilməsindən, həmin əmlakın dəyərinin müəyyən edilməklə yarısının ərizəçiyə verilməsindən ibarət olmasını nəzərə alaraq qeyd edir ki, həmin şərtlərin qanuna zidd olması müəyyən edilmədiyindən, eyni zamanda həmin şərtlərin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi üçün ərizəçi tərəfindən dövlət rüsumuna görə ödənilmiş 100 manat maraqlı şəxsdən alınaraq ərizəçiyə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2022ci il tarixli barışıq sazişi təsdiq olunmalı və dövlət rüsumuna görə ödənilmiş 100 manat Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixldə bağlanmış barışıq sazişi təsdiq edilsin: -birgə nikah dövründə əldə edilmiş ** DT *** dövlət qeydiyyat nişanlı RAVON NEXİA markalı minik avtomobilin tərəflər arasında müəyyən edilmiş dəyərinin (14000 manatın) 1/2 hissəsi, yəni 7000 (yeddi min) manatı Maraqlı şəxs tərəfindən Ərizəçi Elikram qızına ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-3080/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3080/2022
08.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver