Məhkəmə qərarları › İş №2(003)-319/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-319/2024

19.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-319/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair iddia ərizəsilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsindən çıxarılması və həmin evlə həyətyanı torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsi onun babasının mülkiyyətində olmuşdur. Belə ki, hazırki iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 22 yanvar 2013-cü il tarixli, 9/29 qeydiyyat nömrəli arayışından görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə «Bakı qradonaçalnikliyinin dəftərxanası» fondunun sənədlərində Zirə kənd icmasının ev sahiblərinin 10 fevral 1914-cü ilə dair qərarından məlum olur ki, Qədir Nəcəf oğlunun Zirə kəndində evi olmuşdur. Həmin evi sonradan onun babası X7 vərəsəlik üzrə miras əmlak kimi qəbul etmişdir. Bu barədə ona Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin X1 Bürosu tərəfindən «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair» Pasport verilmişdir. Qeyd olunan Pasportun kserosurətini hazırki iddia ərizəsinə əlavə edir. Hazırda həmin evi miras əmlak kimi qəbul etməyi ilə əlaqədar vərəsəlik işi açılmışdır. Bu barədə Bakı şəhəri, 18 saylı notariat ofisinin müvafiq məktubunun kserosurətini iddia ərizəsinə əlavə edir. Ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 2942A, Giriş 4, mənzil 78-də yaşayır. Bu səbəbdən də, bir müddət mübahisəli evə getməmişdir. Bir neçə il bundan əvvəl mübahisəli evə getdikdə məlum olmuşdur ki, orada tanımadığı başqa şəxslər, yəni cavabdehlər yaşayırlar. Hazırda, babasından ona miras əmlak kimi qalmış mübahisəli evdə yaşamaq istəyir, bu zaman cavabdehlərə həmin evi boşaltmaq təklif olunmuş, lakin onlar hər dəfə başqa ev tapmaqdan ötrü möhlət istəməklə, yaxud da digər müxtəlif bəhanələrlə ona məxsus olan evi və torpaq sahəsini boşaltmamışlar. Hazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaq istəyir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri üzündən həmin evə köçüb yaşaya bilmir. Bundan sonra da bir neçə dəfə həmin evin və həyətyanı torpaq sahəsinin boşaldılması təklifi ilə cavabdehlərə müraciət etmiş, lakin onlar yenə də rədd cavabı vermiş və həmin evə girməyinə imkan verməmişlər. Bununla da miras əmlak kimi qəbul etdiyi evi və həyətyanı torpaq sahəsini cavabdehlər qanunsuz olaraq idarə edir, o isə qeyd olunan evdən istifadə etmək hüququndan cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olunmuşdur. Hazırda cavabdehlərin, miras əmlak kimi qəbul etdiyi evdə yaşamaları və həyətyanı torpaq sahəsindən istifadə etmələri onun Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində təsbit olunmuş hüquqlarını, eləcə də vərəsəlik hüquqlarını pozur. Belə ki, mübahisəli ev və torpaq sahəsi onun mülkiyyətində sayılır. Mülkiyyət hüququ isə Azərbaycan Respublikasının qanunları ilə qorunur. Mübahisəli ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, həmin ev onun mülkiyyətində sayılır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi, həmçinin izahatında bildirdi ki, mübahisəli əmlaka dair sənədi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdur. Həmin pasport isə babası X3 adınadır. O, cavabdehləri tanımır. Mübahisəli ev əvvəllər Süsən adlı şəxsə satılmışdır. Sonradan qardaşı ilə həmin evi özlərinə almışlar. Lakin səndləşmə işlərini aparmamışdır. Mübahisəli əmlakın onun qohumlarına hər-hansı aidiyyatı yoxdur.O, evi 2012-ci ildə cavabdehlərin yaxın qohumu olan Zəminəyə vermişdir. Belə ki, Zəminə isə bir müddət sona ona yaxın qohumlarının evə köçəcəyini bildirdi. Lakin onlar 10 ildən çox orada yaşasalarda ona pul verilməmişdir. Bu barədə cavabdehlərlə söhbət aparsa da, onlar evi Zəminədən həmin evi aldıqlarını, artıq evin onlara məxsus olduğunu bildirdilər. Zəminə isə ona pul verməmişdir. Zəminə ona deyib ki, evi almaq istəmir. Hazırda daşınmaz əmlakı hazırda qanun üzrə vərəsəlik qaydasında əldə etməmişdir. Cavabdehlərin babasindan miras qalmış əmlakdan çıxamalarını tələb edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, evi 2012-ci ildə Zəminədən 30000 manata almışdır. Sonradan onlara məlum olmuşdur ki, Zəminə həmin evə görə onlardan 30.000,0 manat alsa da həmin məbləğdən 12000,0 manatı iddiaçıya verilmişdir. Həmin tarixdən ailə üzvləri ilə evə köçərək yaşamağa başlamışdır. Lakin son zamanlar iddiaçı evin ona babasından miras qaldığını bildirərək onların evdən çıxmasını tələb edir. Ancaq onlar evi Zəminədən almışdırlar və iddiaçının hər hansı tələbi varsa, Zəmidən tələb edə bilər. O, uzun müddətdir mübahisəli əmlakda təsərrüfat aparmaqla orda təmir-tikinti işləri aparmışdır. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, evi Zəminədən 2012-ci ildə almışdırlar və həmin tarixdə evdə yaşayırlar. Məktəbə həmin ünvandan gedib-gəlmişdir. İddiaçının tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Əbdüləli oğlunun cavabdehlər Zakir Xudaverən oğlu, Cavabdeh2 Və Cavabdeh3 qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsindən çıxarılması və həmin evlə həyətyanı torpaq sahəsinin ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsindən çıxarılması və həmin evlə həyətyanı torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. İddia ərizəsindən imtina edilməlidir. Belə ki, X7 xx.xx.1970-ci il tarixində vəfat etmiş və o tarixdən bu günə qədər 53 il keçmişdir. Vərəsəlik üzrə iddia müddəti qanunvericiliklə 6 ay müəyyən edilmişdir, yəni xx.xx.1971-ci il tarixdə vərəsəlik üzrə iddia müddəti bitmiş və ondan sonra iddia ərizəsi veriləni kimi 53 il müddət keçmişdir. Göründüyü kimi mirasın açıldığı gündən 50 ildən artıq müddət keçmiş, iddiaçı müddətin üzürlü buraxılmasına dair məhkəməyə ərizə ilə müraciət etməmişdir. Bundan başqa, iddiaçının anası X2 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, nə o, Y.Q.Nəcəfovdan qalmış mirası qəbul etməmiş, nə də onun ölümündən sonra S.Səmədovanın varisləri tərəfindən miras əmlak qəbul edilməmişdir. Onun ölümündən də 22 il vaxt keçmişdir. Eyni zamanda, miras əmlak 15 ildən yuxarı bir müddətdə Cavabdeh1 və onun ailə üzvlərinin istifadəsindədir. Fərdi yaşayış evindən istifadə ilə bağlı bütün kommunal ödənişlər onlar tərəfindən ödənilmişdir. Bu halda əmlak tələbi ilə bağlı ümumi iddia müddəti 10 il qanunda nəzərdə tutuldu halda, həmin müddətdən də 15 il keşmişdir. Belə ki, X7 xx.xx.1970-ci il tarixində vəfat etmiş və o tarixdən bu günə qədər 53 il keçmişdir. Göründüy kimi mirasın açıldığı gündən 50 ildən artıq müddət keçmiş, iddiaçı müddətin üzürlü buraxılmasına dair məhkəməyə ərizə ilə müraciət etməmişdir. Göründüyü kimi, İddiaçı Əbdüləli oğlu tərəfindən 26 sentyabr 2023-cü il tarixli vərəsəlik hüququ üzrə iddia müddəti və ümumi iddia müddəti buraxılmış, iddia müddətinin aximinin dayandırılması və iddia müddətinin samil edilmədiyi hallar olmamışdır. Bununla yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbləri pozulmuşdur. Ona görə də üzrə iddiada təmin edilməməlidir.. Məhkəmə iclasında cavabdehlərin təşəbbüsü ilə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İddiaçı onun bibisi oğludur. Məhərrəmlə Mirsəlin evi 12000 manata satdıqlarını eşitmişdir. O, həmin ünvanda yaşamamışdır. Lakin həmin əmlaka onunda payı vardır. Lakin əmlak nə onun tərəfindən, nədə ki, digər vərəsələr tərəfindən vərəsəlik qaydasında əldə etməmişdir. Satılan puldan ona pul verilməmiş, əmlakla bağlı iddia qaldırmamışdır.Həmin ünvanda sonradan eşitmişdir ki, Lənkəran rayonunun sakinləri yaşayırlar. Məhkəmə iclasında cavabdehlərin təşəbbüsü ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq münasibətləri yoxdur. Ancaq tərəfləri tanıyır. Mübahisəli evin qonşuluğunda yaşayır. 2012-ci ildə Zakir həmin evi aldığını eşitmiş və bir müddət sonra Zakir ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Sonra xəbər çıxdı ki, həyətin yeni sahibi çıxmışdır. Məhkəmə iclasında cavabdehlərin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Mirsəli tanıyır və qohumluqları vardır. Zakir isə qonşudur. 2009- 2010-cu ildən mübahisəli ünvanda yaşayırlar. Evi Zakir almışdır və uzun müddətdir həmin evdə yaşayır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Əzizbəyov rayonu Zirə qəsəbəsi, Babayev küçəsi, 78 ünvanında yaşayış evi X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 414 saylı məktubunun surətindən görünür ki, xx.xx.1970-ci il tarixdə ölmüş Nəcəfov Yusif (Yusuf) Qədir oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsə İddiaçı Əbdül oğlu tərəfindən müraciət olunmuşdur. İddiaçı Əbdül oğlu – Nəcəfov Yusif (Yusuf) Qədir oğlunun tək vərəsəsidir, mərhumdan qalan miras əmlaka vərəsəlik işi açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 9/29 saylı, xx.xx.2013-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Zirə kənd icmasının ev sahiblərinin 10 fevral 1914-cü ilə dair qərarından məlum olur ki, Qədir Nəcəf oğlunun Zirə kəndində evi olmuşdur. İş materiallarında olan arayışın surətindən görünür ki, X10 xx.xx.1970-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1970-ci il tarixdə, 1238 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ seriyalı, 138660 nömrəli, xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2001-ci il tarixdə 78 yaşında ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə, 1301 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, fərdi yaşayış evi və və yerləşdiyi torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlannın hazırlanması təmin edilməlidir. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evindən və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsindən çıxarılması və həmin evlə həyətyanı torpaq sahəsinin ona qaytarılmasını tələbini irəli sürmüşdür. İş materiallarından müəyyən edilir ki, cavabdhlər 2012-ci ildən etirazsız mübahisəli mənzildə yaşayaraq, həmin ünvanda birgə təsərrüfat aparırlar. ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evindən və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, lakin xx.xx.1970-ci ildə vəfat etmiş mərhum babası X4 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna ilkin qeydiyyatı aparılmışdır.Göründüyü kimi, mübahisəli ünvan 1 ünvanından yerləşən fərdi yaşayış evindən və üzərində həmin evin inşa olunduğu həyətyanı torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırkı iş üzrə iddiaçının ona qaytarılmasını tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında yaşayış sahəsindən çıxarma tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçı mübahisəli ünvana dair onun hər hansı hüququnun olması təsdiq olunmamışdır. İddiaçı məhkəməyə sadəcə olaraq mübahisəli yaşayış evinə dair xx.xx.1970-ci ildə vəfat etmiş mərhum babası X4 adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi pasport mübahisəli yaşayış evinə dair hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Beləliklə, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən yaşayış sahəsi olduğundan, iddiaçının həmin daşınmaz əmlaka qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tikiliyə dair tələb irəli sürmüş olsa da, iddia ərizəsində göstərilən hallara dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilmədi, həmin hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir edilməməlidir. Məhkəmə ümumilikdə göstərilən halları nəzərə almaqla hesab edir ki, iddiaçının tələbi əsassızdır və buna görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar