Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-3664/2023 05.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”-nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanan barışıq sazişinin təsdiq edilməsi, ödədiyi mediasiya xərcinə görə 150 manatın və 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, onunla maraqlı şəxs rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyindən Şahbuz Rayon Məhkəməsinin 2(090)-118/2021 saylı qətnaməsi əsasında aralarında bağlanmış nikah pozulmuş, azyaşlı X5 onun yanında saxlanılmışdır. X4 hərəkət sərbəstliyinin təmin edilməsi ilə bağlı Mediasiya Təşkilatına müraciət edilmişdir. X1 iştirakı ilə Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə 11-460 nömrəsi ilə qeydiyyatdan keçmiş barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən Maraqlı şəxs birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikasının hüdudlarını Ərizəçi himayəsi və nəzarəti altında tərk etməsi üçün Ərizəçi 18 yaşına çatanadək birdəfəlik notariat qaydasında təsdiq olunmuş müvafiq hüquqi sənədin verilməsi öhdəliyini üzərinə götürmüşdür. Hal-hazırda uşağının üz nahiyəsində yanıq izləri vardır. Bu səbəbdən onu ildə 2-3 dəfə ölkə xaricinə müalicə məqsədi ilə aparır. Barışıq sazişi may ayında imzalansa da, hələ də maraqlı şəxs tərəfindən icra edilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Naxçıvan Muxtar Respublikasının X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesi nəticəsində Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında uşağın ölkə xaricinə aparılmasına rəsmi icazənin verilməsi üçün notariat qaydasında ərizənin verilməsi üzrə barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X4 hərəkət sərbəstliyini təmin etməyi və o cümlədən Azərbaycan Respublikası hüdudlarını Ərizəçi himayəsi və nəzarəti altında tərk etməsi üçün Ərizəçi uşaq 18 yaşına çatanadək birdəfəlik notarial qaydada təsdiq edilmiş müvafiq hüquqi sənədlərin verilməsini öhdəsinə götürmüşdür. -Naxçıvan MR Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 401021 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasındakı nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra ərə Hüseynov arvada Hüseynova soyadları verilmişdir. - Naxçıvan MR Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 854928 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuşdur. Bu barədə doğumun qeyd edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 54 nömrə ilə qeyd edilmişdir. Onun atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin “Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası” adlı 11-ci maddəsinin mənasına görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Bu kimi razılıq olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir (maddə 11.2.). Məhkəmə hesab edir ki, ərizəçi ilə maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtlərinin, yəni maraqlı şəxsin iradəsinə təsir etməklə onu hansısa əqdi bağlamağa (notarial qaydada etibarnamə verməyə) məcbur etməyin qanuna uyğunluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİ bəndinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ bəndinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Sadalan qanunvericiliyin tələblərinə əsasən məhkəmə müqavilə münasibətlərinə tətbiq edilən normaları birtərəfli əqd münasibətinə analogiya üzrə tətbiq edərək belə qənaətə gəlir ki, tərəflərin mediasiya sessiyasında razılaşdıqları və uşağın atasının götürdüyü öhdəlik onun notariat orqanına uşağın anası ilə birlikdə xaricə getməsinə razılığını ifadə edən ərizənin (etibarnamənin) verilməsindən ibarətdir. Göründüyü kimi, notarial qaydada təsdiq tələb edən həmin ərizə birtərəfli iradə ifadəsini əks etdirən əqddir. Bu səbəbdən, tərəflər arasında digər tərəfin gələcəkdə birtərəfli əqd bağlamasını nəzərdə tutan razılaşma məhkəmə tərəfindən təsdiq edilə bilməz. Məhkəmə, sadalanan hallara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin hazırkı ərizəsi üzrə barışıq sazişi qanuna zidd olduğuna görə onun təsdiq edilməsindən imtina olunmalıdır. Əgər uşağın ölkə xaricinə aparılmasına onun atasının razılığı yoxdursa, ərizəçi ümumi qaydada “digər valideynin razılığı olmadan uşağın ölkə xaricinə çıxarılmasına icazə verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə xx.xx.2023-cü il tarixli 11-460 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-3664/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-3664/2023
05.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver