Məhkəmə qərarları › İş №2(003)-389/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-389/2024

15.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-389/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1 Cavabdeh1 və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və evə köçürülmə" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və evə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ünvan 1 ünvanından çıxarılmasına, digər cavabdeh qayınatası Cavabdeh1 oğlunun ona yaratdığı maneələrin aradan qaldırılaraq onun həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, boşandıqdan sonra Bakıdan köçərək Rusiya Federasiyaında yaşamışdır. O, orada olduğu müddətdə övladlarının saxlanması üçün bötün öhdəlikləri tam həcmdə yerinə yetirmişdir. O, Bakıya yenicə qayıtdığı zaman öz mənzilinə getmək istəsə də, bəzi maneələr ilə qarşılaşmışdır. Onun mülkiyyətçisi olduğu ünvan 1 ünvanında hazırda Cavabdeh2 adlı kirayəçi oturur. O, məsələni araşdıran zaman ona bəlli olmuşdur ki, bu qayınatası Cavabdeh1 tərəfindən təşkil edilib. O, hər ikisinə məsələni bildirsə də, həmin şəxslər onun qanuni tələblərini yerinə yetirmədilər. O, kirayəçi Cavabdeh2 həmin mənzildən çıxmağı təklif etsə də, həmin şəxs ona bunun Cavabdeh1 tərəfindən həmin şəxsə deyəcəyi təqdirdə mümkün olacağını bildirmişdir. Onun qayınatası Cavabdeh1 onun övladlarını bəhanə gətirərək mənzili boşaltmaqdan imtina edir və onun mənzilə getməsinə süni maneələr yaradır. Lakin o, övladları ilə birlikdə həmin mənzildə yaşamaq niyyətindədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ev onun babasının adına olmuşdur. O, doğulduğu vaxtdan 2010cu ilə qədər həmin evdə yaşamışdır. 2010-cu ildə o, boşanmış və həmin evi tərk edərək kirayə yaşamağa başlamışdır. Cavabdeh1 onun keçmiş qayınatasıdır. Cavabdeh1 həmin evi kirayəyə vermişdir. Cavabdeh2 həmin evdə kirayə qalır. Onun keçmiş həyat yoldaşı 5 aydır ki, dünyasını dəyişmişdir. O, hazırda həmin evə köçüb orada yaşamaq istəyir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nüməyəndəsi X2 iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin evin onlara məxsus olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh2 onun qohumudur. Evini təmir etdirdiyi üçün həmin evdə qalır. O, evi kirayəyə verməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X5 iddianı qəbul etməmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi vaxtı ilə 3 yerə bölünmüşdür. Həmin torpaq sahəsinin bir hissəsində yarımçıq tikili olmuşdur. Cavabdeh1 mərhum qızı Qafarova (Şükürova) Təranə Fərman qızı ilə İddiaçı ailə qurduqdan sonra həmin yarımçıq tikili Cavabdeh1 tərəfindən başa çatdırılmış və bundan sonra həmin evdə yaşamaq mümkün olmuşdur. Evin heç bir sənədi yoxdur. Həmin evə dair mübahisə ilə əlaqədar iddiaçının bibisi X7 məhkəmələrə müraciət etmiş və hər üç instansiya məhkəməsi bu məsələ ilə əlaqədar məhkəmə aktları qəbul etmişlər. Həmin məhkəmə aktları ilə iddiaçının keçmiş həyat yoldaşı Qafarova (Şükürova) Təranə Fərman qızına uşaqları ilə birlikdə həmin evdə yaşamaq hüququ verilmişdir. İddiaçının həmin evə dair heç bir subyektiv hüququ yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1567/2012 nömrəli, 10 sentyabr 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, 6-da yerləşən evə köçürülməsi, cavabdeh İddiaçı məxssus əşyaların Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, 6da yerləşən evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-607/2013 nömrəli, 17 yanvar 2013-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 sentyabr 2012-ci il tarixli, 2(103)-607/2013 saylı qətnaməsi qismən - iddiaçı X4 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, 6-da yerləşən evə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2162 nömrəli, 25 iyun 2013-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-607 saylı, 17 yanvar 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli evin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız evə qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının məhz mübahisəsini etdiyi evə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və evə köçürülmə" tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "evdən çıxarılma və evə köçürülmə" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar