Məhkəmə qərarları › İş №2(003)-4053/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4053/2022

02.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4053/2022 02.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 2022-ci il tarixdə X6 ilə aralarında bağlanmış “barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 ilə 21 avqust 2021-ci il tarixdən faktiki nikaha daxil olmuşlar. Faktiki nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir uşaqları doğulmuşdur. El adəti ilə toy olduqdan sonra X6 ilə ünvan 2, nömrəsiz fərdi yaşayış evdə yaşamışlar. Gəlin köçərkən cehiz əşyalarını da həmin ünvana gətirmişdir. Daha sonra 27 may 2022-ci il tarixdə faktiki nikahları pozulmuş və ayrı yaşamağa başlamışlar. O və uşağı hal-hazırda ata evində, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak Massivi ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayırlar. Nikah pozulduqdan sonra X6 və ailə üzvləri ilə öz aralarında razılıqla cehiz əşyalarının həmin evdən çıxarılmasını tələb etsələr də onlar bununla razılaşmadılar. Lakin daha sonra “cehiz əşylarının çıxarılması” tələbinə dair mediasiyaya müraciət etdikdə, X6 və onun iştirakı ilə mediasiya prosesində razılıq əldə edilmiş və bu barədə aralarında 06 sentyabr 2022-ci il tarixdə “barışıq sazişi” bağlanmışdır. Həmin cehiz əşlayarı aşağıdakılardır: Samsung markalı televizor 1 ədəd - 840 manat dəyərində, Borch markalı qabyuyan 1 ədəd - 800 manat dəyərində, LG markalı paltaryuyan 1 ədəd - 700 manat dəyərində, Soyuducu boz rəngli 1 ədəd - 950 manat dəyərində, Ətçəkən maşın 1 ədəd - 110 manat dəyərində, Samsung markalı tozsovuran 1 ədəd - 230 manat dəyərində, Ütü və ütü stolu 1 ədəd - 140 manat dəyərində, Kondisaner electrolux 1 ədəd - 570 manat dəyərində, Soba İtimat markalı 1 ədəd - 80 manat dəyərində, Aspirator 1 ədəd - qaz peçi 1 ədəd - su kranı və moyka 1 ədəd - ümumi dəyərləri 330 manat, 1 L Şirəçəkən 1 ədəd - 80 manat dəyərində, Şirniyyat bişirmək üçün aparat 1 ədəd - 45 manat dəyərində, Toster 1 ədəd - 25 manat dəyərində, Mikrodalğalı soba 1 ədəd - 300 manat dəyərində, Mikser 1 ədəd - 50 manat dəyərində, Blender 1 ədəd - 100 manat dəyərində, Stol-stul 6 ədəd - 1200 manat dəyərində, Künc divanı 1 ədəd - jumalni şüşəli 1 ədəd - ümumi dəyəri 1200 manat, Pərdələr 4 ədəd - 850 manat dəyərində, Mətbəx mebeli - 2200 manat dəyərində, Yataq mebeli 1 ədəd - 2800 manat dəyərində, Tv altlığı 1 ədəd - 500 manat dəyərində, Mətbəx pəncərəsi üçün Jalüz 1 ədəd - 60 manat dəyərində, Xalça 3 ədəd - 650 manat dəyərində, Yorğan 4 ədəd - döşək 4 ədəd - yastıq 12 ədəd - ədyal 4 ədəd - ümumi dəyərləri 1500 manat, Çilçıraq 2 ədəd (yataq və qonaq otağı üçün) - 150 manat dəyərində, Divar saatı 2 ədəd - 100 manat dəyərində, Boşqab və qaşıq dəsti - ümumi dəyərləri 4000 manat, Tək nəfərlik çarpayı 1 ədəd - 150 manat dəyərində, Dırnaq qaynaq aparatı və avadanlıqları - 300 manat dəyərində, Şəxsi geyim və əşyalar. Barışıq sazişi bağlandıqdan sonra X6 tərəfindən sazişin şərtlərinə əməl edilməmiş, bu günə kimi barışıq sazişi icra olunmamışdır. Belə ki, X6 tərəfindən barışıq sazişinin könüllü icrasından qərəzli olaraq yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ərizəçi nümayəndəsi X3 məhkəmə iclasında ərizədəki xüsusatları qeyd edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək etiraz ərizəsini məhkəməyə təqdim etdi və bildirdi ki, ərizəçi sazişin şərtlərinə niyə əməl olunmaması səbəbini qəsdən açıqlamır. Çünki ərizəçi mediasiya prosesindəki iclasda, həmin barışıq sazişini bağlamamışdan qabaq söz vermişdir ki, əgər bu sazişə imza etsə iddiaçı da həm onun, həm də valideynlərinin verdiyi qızıl-zinət əşyalarını, eləcə də 1 ədəd “Redmi nod 8” smartfon markalı mobil telefon aparatını onlara geri qaytaracaqdır. Lakin Ərizəçi onu aldadaraq barışıq sazişinə imza etdikdən sonra verdiyi sözə əməl etməmiş və həmin əşyaları ona qaytarmaqdan qəti şəkildə imtina etmişdir. Ərizəçi onu aldadaraq aşağıdakı əşyaları geri qaytarmamışdır.: qiyməti 800 manat olan 1 ədəd “Redmi nod 8” smartfon markalı mobil telefon, qiyməti 3500 manat olan ağ qızıl brilyant komplekt (boyunbağı, sırğa üzük, bilərzik), qiyməti 800 manat olan 1 ədəd brilyant nişan üzüyü, qiyməti 400 manat olan 1 ədəd qızıl bilərzik, qiyməti 600 manat olan 2 ədəd qızıl üzük. Maraqlı şəxs izahatında əlavə etdi ki, ərizədə göstərilən əşyaların miqdarı və dəyəri ilə də razı deyil. Belə ki, barışıq sazişində əşyalar sadalanmamışdır. Odur ki, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə rədd edilməli və mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan tərəflər Ərizəçi (bundan sonra birinci tərəf) və Maraqlı şəxs (bundan sonra ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış, mediator X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, onlar aşağıda qeyd edilmiş barışıq şərtləri ilə razılığa gəlmişlər: “2.1. tərəflər razılaşırlar ki, ünvan 2 ünvanında yerləşən mənzildə Ərizəçi məxsus cehiz-əmlaklar Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixə qədər çıxarılsın. 2.2. ünvan 2 ünvanında yerləşən cehiz-əmlaklar Ərizəçi tərəfindən çıxarılan zaman Maraqlı şəxs və onun ailə üzvləri tərəfindən heç bir maneə törədilməyəcək. 2.3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Tərəflər razılaşırlar ki, uşaqla ünsiyyət mübahisəsini məhkəmə qaydasında həll etsinlər. 2.5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1.barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi həmin Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1)Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Hazırkı ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qanunda göstərilən əsaslarla barışıq sazişinin icra olunmamasına görə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırkı ərizədə cehiz əşyaları dəyəri və çeşidləri ilə göstərilsə də, barışıq sazişində sadəcə olaraq “ünvan 2 ünvanında yerləşən mənzildə Ərizəçi məxsus cehiz-əmlaklar Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixə qədər çıxarılsın.” bəndi göstərilmiş, hansı cehiz əşyaları barədə razılığa gəlindiyi ifadə edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.1. maddəsindən görünür ki, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə hesab edir ki, hazırda qeyd olunan barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılması, mahiyyət etibarilə əmlakın natura şəklində qaytarılması qərarı olacaqdır. Təsdiq olunmalı olan barışıq sazişində isə əmlakın adı, dəyəri və s. göstərilmədiyindən, saziş təsdiq olunarsa gələcəkdə icrası mümkünsüz olmaqla, həmçinin qanunvericiliyin tələblərinə zidd olacaqdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi rədd edilməli, tərəflər Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar