Məhkəmə qərarları › İş №2(003)-4117/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4117/2025

02.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4117/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs xx.xx.1989-cu il təvəllüdlü Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixində bağlanmış MŞB/8/2025-01366 nömrəli barışıq sazişinin 1-ci bəndinin şərtlərinin təsdiq edilməsinə və barışıq sazişinin bu hissədə məcburi icra edilməsinə dair və ödədiyi 100 AZN dövlət rüsumu xərcinin maraqlı şəxsdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə prosessual qanunvericiliyin təblərinə riayət olunmadan təqdim edildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, iddiaçı daha əvvəl də eyni iddia tələbi (eyni bir iddia ərizəsi və sənədlərlə) məhkəməyə müraciət etmiş və Xəzər Rayon Məhkməsinin 2(003)- 3887/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki eyni əsaslarla iddia ərizəsi iddiaçıya geri qaytarılmış və nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı qərardadda qeyd edilən nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir.

1. Məhkəmə bir daha qeyd edir ki, qanunvericilikdə iddia ərizəsinin (ərizənin) ərazi aidiyyəti üzrə hansı məhkəməyə verilməli olması ilə bağlı xüsusi tələblər müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəlləyə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. (MPM 35.1) Bununla yanaşı, ərizənin ərazi aidiyyəti ilə bağlı qanunda başqa hallar da nəzərdə tutulmuşdur, məsələn, ərizənin bəzi halda şəxsin “yaşayış (yaşadığı) yeri” üzrə, bəzi halda “olduğu yer” üzrə də məhkəməyə verilə bilməsi imkanı var. Bu hallardan biri də, hazrıki iş üzrə mübahisə predmeti olan, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizənin verilməsidir. Belə ki, MPM-in 355-23.2-ci maddəsinə əsasən, belə ərizələr ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilə bilər. Məhkəmə şəxsin yaşayış yeri və olduğu yerlə bağlı qeyd edir ki, qanunvericilikdə bu terminlər bir-birindən fərqləndirilmiş və hər birinə ayrı bir anlayış verilmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, səxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri; şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qanunvericilikdə həm də, şəxsin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasının məcburiliyi və qeydiyyat qaydası tənzimlənmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələbinə görə, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş isə yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı isə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Qeyd olunan imperativ (məcburi) normalarının tələbindən göründüyü kimi, qanunverici vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması üçün onun müvafiq dövlət orqanına müraciət etməsini və qeydiyyata alınmasını məcburi qayda hesab etmişdir. Hətta vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyət müəyyən edilmişdir. Həmin Qanunun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunan normaların tələbindən göründüyü kimi, qanunvericilikdə ərizənin yaşayış (yaşadığı) yeri üzrə məhkəməyə veriləcəyi nəzərdə tutulduğu hallarda, iddiaçı (ərizəçi) yalnız şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan yaşayış yeri üzrə məhkəməyə müraciət etməlidir. Yaşayış yerini təsdiq etmək üçün isə şəxsiyyət vəsiqəsindən başqa hər hansı digər sənəd (arayış) tələb və təqdim edilməsi yolverilməzdir. Ərizəçi ərizəsindən və ona əlavə edilən sənədlərdən, eləcə də “Elektron məhkəmə” informasiya sistemində olan şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, ərizəçi, Ağcabədi rayonu, Ağcabədi şəhərində qeydiyyatdadır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən həmin ünvan həm də onun yaşayış yeridir. Ona görə də, ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə yaşayış yeri üzrə Ağcabadi Rayon Məhkəməsin müraciət etməlidir. Qanunvericiliyə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Ərizə MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkün sayılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. (MPM-in 40.1, 45.1, 151.1, 152.1.3-cü maddələri.)

2. Bununla yanaşı, MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 152.1.5-ci maddəsinə əsasən də, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. MPM-in 108.2-ci madəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, ərizəçi tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət edildikdə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir (dövlət rüsumu ödəməkdən azad olunduğu halda isə həmin hala istinad etməlidir). Hazırkı tələb xüsusi icraat qaydasında baxılan işə aid olduğundan, belə ərizənin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilməli və bunu təsdiq edən sübut ərizəyə əlavə edilməlidir. Ancaq ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş, “Elektron məhkəmə” informasiya sistemindən də dövlət rüsumunun ödənilməsi barədə məlumat aşkar olunmamış və rüsum ödəməkdən azad olunmaqla bağlı hər hansı bir hala da istinad edilməmişdir (halbuki, ərizədə 100 AZN dövlət rüsumunun maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulması da xahiş edilmişdir). Məhkəmə qeyd edir ki, xüsusi icraat işləri üzrə məhkəməyə təqdim edilmiş ərizənin aidiyyat və sair səbəblərdən geri qaytarılmasını birbaşa tənzimləyən xüsusi hüquq norması olmasa da, MPM-in 13.4-cu maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə məhkəmə hesab edir ki, məhkəmə xüsusi hüquq normasının olmaması əsası ilə münasibətləri tənzimləməkdən imtina etmək səlahiyyətinə malik olmadığından, analoji münasibətləri tənzimləyən qeyd olunan hüquq normalarının hazırki işə tətbiq edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə əməl edilmədən məhkəməyə təqdim edildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə nəzərə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı

Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar