Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-4957/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Tağıyev Zaur Müəffər oğlu, Ərizəçi (maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın (ölüm faktının) müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi (maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın (ölüm faktının) müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizəçi keçmiş ərinin ölüm haqqında şəhadətnaməsini iş materiallarına əlavə etmişdir. Bu isə onu göstərir ki, mərhumun ölümü artıq dövlət qeydiyyatı ilə müəyyən edilmiş və ölümün dövlət qeydiyyatı aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.8-ci bəndində qeyd olunur ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Hazırkı iş üzrə ərizədən və əlavə edilmiş sənədlərdən göründüyü kimi, mərhumun ölüm faktı artıq müəyyən edilmiş, ölüm dövlət qeydiyyatına alınmış və ölüm haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsinə ehtiyac mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Sadalanan qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılan ərizələrin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizələrinin geri qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları tətbiq edilərək, ərizəçinin ərizəsi, iddia ərizəsinin geri qaytarılmasını müəyyən edən normaların tətbiq edilməsi ilə geri qaytarılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edirəm ki, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı: Ərizəçi (maraqlı şəxs Xəzər rayon Qeydiyyat şöbəsi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4957/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-4957/2025
23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver