Məhkəmə qərarları › İş №2(003)-5029/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-5029/2025

25.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-5029/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən anası 01 may 1924-cü il təvəlüldlü X1 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X5 Bakıda xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Zirə qəsəbəsində qəbirstanlıqda dəfn edilmişdir. Xəzər rayon qeydiyyat şöbəsinin 23 dekabr 2025-ci il tarixli arayışından görünür ki, X1 ölümü barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mərhum anasının ölümünün qeydiyyata alınması barədə Xəzər rayon qeydiyyat şöbəsinə müraciət etsə də ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq qeydiyyat şöbəsi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir.Qeyd etmişdir ki, ölüm faktının müəyyən edilməsi mərhuma ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə lazımdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə mərhum anasının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə baxış iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə baxış iclasında Maraqlı şəxs nümayəndəsi X2 ərizənin təmin olunmasına etiraz etməmişdir .

Şahid ifadələri.

5. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, ərizəçi onun atası, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə nənəsidir. Nənəsini sağ ikən görmüş və xatırlayır. Nənəsi Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişəndən sonra evlərində xeyir şər məclisi olmuş və görmüşdür. Mərhumun 1994-cü ildə rəhmətə getdiyini bildirmişdir.

6. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun həyat yoldaşı, ölüm faktının müəyyən edilməsi xahiş edilən şəxs isə qaynanasıdır. Qaynanası xx.xx.1994-cü ildə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir və dəfnində iştirak etmişdir. Qaynanasının şəkər xəstəliyi olduğunu və yataq xəstəsi olmadığını bildirmişdir.

İş materialları.

7. 747881 nömrəli SRİ-nin vətəndaşlığının pasportunun surətindən görünür ki, X5 01 may 1924-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.

8. Ərizəçi 30 may 1957-ci il tarixdə verilmiş doğum haqda şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi atası X3 anasının isə X7 olduğu qeyd edilmişdir, bu sənəd AZ-SSRİ VVAQ kitabında 96 nömrə ilə 30 may 1957-ci ildə qeyd olunmuşdur .

9. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X1 ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən ölümün qeydə alınmasının mümkün olmadığı bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

10. Bakı şəhəri Xəzər rayonu Zirə Bələdiyyəsi tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş 12-07 nömrəli arayışdan görünür ki, xx.xx.1924-cü il təvəllüdlü X5 08 mart 1994cü il tarixdə vəfat etmiş və Zirə qəsəbəsinin inzibati ərazisində yerləşən qəbiristanlığında dəfn edilmişdir.

11. Maraqlı şəxs rəisi Bağırova Nigar tərəfindən 23 dekabr 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, 01 may 1924-cü ildə Bakı şəhərində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

İşin faktiki halları.

12. Ərizəçi mərhum anası 01 may 1924-cü il təvəllüdlü X1 xx.xx.1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin anasının ölümünü təsdiq edən ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

Tətbiq edilən hüquq.

13. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi.

Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

16. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən mərhum anası 01 may 1924-cü il təvəllüdlü X1 xx.xx.1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni, hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 01 may 1924-cü il təvəllüdlü X1 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.

18. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər də ərizədə qeyd edilənləri təsdiq etmişdirlər.

19. Göründüyü kimi ərizəçinin anası 01 may 1924-cü il təvəllüdlü X1 08 mart 1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 may 1924-cü il təvəllüdlü X1 08 mart 1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. 01 may 1924-cü il təvəllüdlü X1 08 mart 1994-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar