Məhkəmə qərarları › İş №2(003)-51/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-51/2024

18.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-51/2024 18.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində 7 №-li BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan 1611/16 №-li bağ sahəsindən çıxarılması, həmin bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X10 bağlar sahəsindəki 7 №-li kooperativinin 16 mart 1989-cu il tarixli 49 №-li orderinə əsasən mərhum atası X4 Mərdəkan bağlar sahəsində 7 №-li BTK nəzdində 0,11 hektar torpaq sahəsi olan 1611/16 №-li bağ ayrılmışdır. Atası 01 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Atası sağlığında mütəmadi olaraq torpaq sahəsinə gedibgəlmiş, sahəyə nəzarət etmişdir. Lakin 2000-ci illərdən sonra atası dövlət işləri, elmi fəaliyyəti, daha sonra səhhəti ilə əlaqədar torpaq sahəsinə mütəmadi nəzarət edə bilməmişdir. Torpaq sahəsinə gedən zaman məlum olmuşdur ki, cavabdeh atasına məxsus torpaq sahəsini öz sahəsinə daxil edərək mişar daşları ilə hasara almışdır. Belə ki, atası torpaq sahəsinə mütəmadi gedib-gəldiyindən oranı mişar daşı ilə hasara aldırmamış, sadəcə yügül konusturuksiya ilə çəpərə almışdır. Cavabdeh isə son illər torpaq sahəsinə nəzarətin olmamasından istifadə edərək, torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Bununla bağlı ərizə ilə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə nümayəndəsi vasitəsi ilə müraciət etmişdir. Araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, adı çəkilən torpaq sahəsi ata-baba torpağıdır, mərhum atası X8 qonşuluqda yerləşən torpaq sahəsinin sahibsiz olmasını hesab edərək oranı hasara almış və ümumi torpaq sahəsinin ərazisinə daxil etmişdir. Hazırda isə torpaq sahəsinə özü nəzarət edir. Lakin cavabdeh izahatında qeyd etdiklərinə dair təhqiqata hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, eyni zamanda, məsələ məhkəmə qaydasında həll edilməyənə qədər torpaq sahəsini azad etməyəcəyini bildirmiş, torpaq sahəsinə baxış keçirilməsinə imkan verməmişdir. Göründüyü kimi, cavabdeh atasına ayrılmış torpaq sahəsini zəbt etmələrini etiraf etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində atasından miras qalmış əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Bundan başqa, o, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququndan da məhrum olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 242623 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AЗБ seriyalı 126000 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (X12 oqlu) xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7 (X16 oqlu), anası X6r (X17 kızı). - Bakı şəhəri 41 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 115 nömrəli xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X2 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 41 saylı notariat ofisinə oğlu – İddiaçı tərəfindən müraciət edilmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində 7 №li BTK-nin nəzdində 0.11 hektar torpaq sahəsi olan 1611/16 saylı bağa və torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı Cavabdeh Eduard oğlu məhkəmənin qərarı olmadan həmin torpaq sahəsinə daxildən baxışın keçirilməsinə etiraz etmiş və təhqiqat araşdırmasına verdiyi izahatında bildirmişdir ki, İddiaçı ona məxsus olmasını bildirdiyi torpaq sahəsi onun ata-baba torpaq sahəsidir. 30 il bundan əvvəl onun rəhmətə getmiş atası X8 qonşuluqda yerləşən torpaq sahəsinin sahibsiz olmasını hesab edərək, hasara almaqla ümumi torpaq sahəsinin ərazisinə daxil etmişdir. Bu müddət ərzində həmin torpaq sahəsinə rəhmətə getmiş atası və hal-hazırda isə özünün nəzarət etdiyini bildirmişdir. Lakin Cavabdeh mübahisə obyekti olan 0.11 ha torpaq sahəsinin onun atababasına məxsus olmasını bildirməklə kifayətlənərək, araşdırmaya heç bir hüquqi sənəd təqdim etməmişdir. Həmçinin, əlavə olaraq bildirmişdir ki, bu məsələ məhkəmə qaydasında həll edilməyənə qədər həmin torpaq sahəsini azad etməyəcəkdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1909-cu (1910) il təvəllüdlü X1 adına Bakı Şəhər İcra Hakimiyyətinin 1957-ci il tarixli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1610 saylı bağ sahəsinin ayrılmasına dair sənəd, eləcə də cizgi aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı Şəhər İcraiyyə Komitəsinin 1957-ci il, 4/105 nömrəli protokolu ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 303 (köhnə nömrə) saylı bağ sahəsi xx.xx.1969-cu il tarixli 3647 nömrəli müqavilə əsasında 1910-cu il təvəllüdlü Həsənov Güləhmədin (sənəddə olduğu kimi) icarəsinə verilmişdir. İcarədarın xx.xx.1977-ci il tarixdə vəfatından sonra sözügedən bağ sahəsi X3 adına keçirilmiş və onunla xx.xx.1988-ci il tarixli 3647 nömrəli müqavilə bağlanılmışdır. xx.xx.2002-ci il tarixdə isə icarədarın adına müqavilə müddəti artırılmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq 3647 nömrəli müqavilə əsasında ayrılmış 1610 saylı bağ sahəsinə dair cizgilərin, 7 nömrəli BTK-ya aid yerləşmə sxeminin təsdiq edilmiş surəti, həmçinin sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilir. - Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 7 nömrəli BTK-nin sədri tərəfindən verilmiş 49 nömrəli xx.xx.1989-cu il tarixli orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 9/512 nömrəli qərarına əsasən X4 Mərdəkan bağlar sahəsində 7 nömrəli BTK-nin nəzdində sahəsi 0.11 hektar təşkil edən 1611/16 nömrəli bağ sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, kənardan iddia olunan torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. İddiaçının nümayəndəsinin bildirdiyinə əsasən cavabdeh onların bağ sahəsini ümumi hasar daxilində öz bağ sahəsinə birləşdirərək istifadə edir (iddiaçını bağa buraxmır). Faktiki olaraq cavabdehin istifadəsində olan ümumi hasar daxilindəki torpaq sahəsinin bir hissəsi iddiaçının nümayəndəsinin kənardan iddia etdikləri sahə ilə üst-üstə düşür. Cavabdehin faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisidir. Bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisi faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən ümumi hasar daxilində yerləşir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/6510 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Toğrul Salmanlının tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: kənardan iddia olunan torpaq sahəsi (bağ sahəsi) faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. İddiaçının nümayəndəsinin bildirdiyinə əsasən cavabdeh onların bağ sahəsini ümumi hasar daxilində öz bağ sahəsinə birləşdirərək istifadə edir (iddiaçını bağa buraxmır). Faktiki olaraq cavabdehin istifadəsində olan ümumi hasar daxilindəki torpaq sahəsinin bir hissəsi iddiaçının nümayəndəsinin kənardan iddia etdikləri sahə ilə üst-üstə düşür. Cavabdehin faktiki istifadəsində olduğu ümumi hasar daxilindəki torpaq sahəsinin şərq tərəfindəki hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisidir. Bağların bölgüsünə dair sxematik xəritəyə və 7 nömrəli BTK-nin bölgü sxeminə əsasən 1611/16 saylı bağ sahəsinin ərazisi faktiki olaraq cavabdeh tərəfindən istifadə edilən ümumi hasar daxilində yerləşir. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində 7 nömrəli BTK-nin nəzdində sahəsi 0.11 hektar təşkil edən 1611/16 nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 7 nömrəli BTK-nin sədri tərəfindən verilmiş 49 nömrəli, xx.xx.1989-cu il tarixli orderə əsasən iddiaçının mərhum atası X4 ayrılmış, bağ sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni sahibliyində və istidadəsində olmuş, sonuncunun ölümündən sonra onun vərəsəsi-iddiaçı bağ sahəsinə faktiki sahibliyi həyata keçirməyə başlamışdır. Lakin Cavabdeh həmin bağ sahəsini zəbt etməsi səbəbindən İddiaçı qanuni əsaslarla onun sahibliyində olan bağ sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində göstərilir ki, vətəndaşın qanuni istifadəsində və icarəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, işin həqiqi halları məhkəmə iclasında müəyyən olunmuşdur ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə, ekspert rəyini nəzərdən keçirərək hesab edir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində 7 №-li BTK nəzdində 0.11 hektar torpaq sahəsi olan 1611/16 №-li bağ sahəsindən çıxarılmalı, həmin bağ sahəsi boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutulmalı və X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan bağlar sahəsində 7 №-li BTK nəzdində 0.11 hektar torpaq sahəsi olan 1611/16 №-li bağ sahəsindən çıxarılsın, həmin bağ sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutulsun və X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar