Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-792/2026 15.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, İddiaçı, X2 və X1 iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X1 ona icarəyə verilən 1,93 ha torpaq sahəsindən qanunsuz istifadələrinin dayandırılaraq onların həmin torpaq sahəsindən çıxarılaraq icarə müqaviləsi üzrə hüquq və vəzifələrinin bərpa olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmişdır ki, Maraqlı şəxs ilə ##.##.2024-cü il tarixdə bələdiyyə mülkiyyətində olan 1,93 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı üçün icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi Sabirabad Regional “ASAN” Xidmət mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və onun müddəti 30 ildir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə reyestr nömrəsi 909012001765 olan Çıxarış verilmişdir. Həmin icarə müqaviləsi üzrə hüquq və vəzifələrini həyata keçirə bilmir. Belə ki, X2 və X1 onun icarəsinə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə imkan vermir. Cavabdehlərdən torpaq sahəsindən çıxmasını, qanunsuz istifadənin dayandırılmasını tələb etsə də, həmin torpaq sahəsinin guya bələdiyyə tərəfindən ona qanunsuz olaraq icarəyə verildiyini bildirərək bundan imtina etmişlər. Sabirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən və İddiaçı icarəsində olan 1,93 ha torpaq sahəsinin cavabdeh2 və cavabdeh1 tərəfindən qanunsuz istifadəsinin dayandırılaraq, 1.14 hektar hissəsindən X2 və 0.79 hektar hissəsindən X1 çıxarılmaqla torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 1.93 ha torpaq sahəsindən sahiblik və istifadə hüququ ##.##.2024-cü il tarixli icarə müqaviləsi əsasında yaranmışdır. Məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, İddiaçı icarəsinə verilmiş 1,93 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi faktı əldə edilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapmaqdadır. Bununla da, hazırkı halda iddiaçı qeyd edilən torpaq sahəsinə münasibətdə sahiblik və istifadə etmək hüququndan məhrum olmuşdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 700.1-ci, 706.1-ci, 706.2-ci, 152.1-ci,157.4-cü və 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yeganə maddi gəlir yeri məhz mübahisələndirilən 1.14 ha torpaq sahəsindən kənd təsərrüfatı fəaliyyəti (əkinçilik) nəticəsində əldə olunan gəlirdir. Məhkəmə MPM-in 217-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həşimxanlı bələdiyyəsinin sədri Nümayəndə məhkəmə hazırlıq iclasındakı ifadəsindən aydın olur ki, iddiaçının adına rəsmiləşdirilən 1.93 ha torpaq sahəsinin koordinatları onun 1996-cı ildən istifadə etdiyi sahə ilə kəsişir. Mülkiyyətində olan JN-*** nömrəli Dövlət Aktı ilə 2.18 ha torpaq sahəsinin koordinatları arasında bələdiyyənin torpaq ayrılması zamanı yol verdiyi xəritələşdirmə və struktur xətaları mövcuddur. Bələdiyyə torpağı başqa şəxsə icarəyə verməzdən əvvəl ilk növbədə ona icarə təklif etməli (üstünlük hüququ) idi. Məhkəmə bələdiyyənin bu xəritə qanunsuzluqlarına hüquqi qiymət verməmiş, qətnamədə faktiki vəziyyəti təhrif edən sərhəd nəticəsinə gəlmişdir. İddiaçı ilə bələdiyyə arasında ##.##.2024-cü ildə bağlanan icarə müqaviləsi yalnız kağız üzərindədir və formal xarakter daşıyır. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 1996-cı ildən torpaq sahəsi ona verildikdən etibarən həmin torpaq sahəsindən fasiləsiz istifadə etmişdir. Hazırda torpaq sahəsində yonca əkmişdir. Bələdiyyəyə torpaq sahəsi ilə bağlı müqavilə bağlamağı təklif etsələr də, onlar buna ehtiyac olmadığını bildirmişlər. Lakin sonradan məlumatları və razılıqları olmadan, torpaq sahəsinin ortasına taxta basdırılmış və həmin sahə bələdiyyə tərəfindən əmisi oğlu, yəni iddiaçı üçün ayrılmışdır. Torpaq sahəsinə dair 1998-ci ildə verilmiş Dövlət aktı mövcuddur. İddiaçı tərəf isə həmin torpaq sahəsindən heç vaxt istifadə etməmiş, onu əkib-becərməmişdir. Qeyd olunanları nəzərə alaraq, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, 1998-ci ildə verilmiş Dövlət aktına əsasən mübahisəli torpaq sahəsi onlara məxsusdur. Hər bir şəxsin öz torpaq sahəsi mövcuddur. Mübahisə olunan torpaq sahəsindən hazırda hər ikisi istifadə edir. İddiaçıya ayrılmış torpaq sahəsi isə 1998-ci ildə verilmiş Dövlət aktı ilə ona pay torpağı kimi ayrılmış əraziyə daxildir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi ona bələdiyyə tərəfindən verilmişdir. Torpaq sahəsini iki ildən artıq müddət olar ki, əldə etmişdir. Ancaq həmin torpaq sahəsinə dair sənədləşmə ilə bağlı proseslər 2017-ci ildən davam edir. Torpaq sahəsi ona verilərkən bələdiyyə tərəfindən yeri göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabirabad rayon Həşimxanlı bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ##.##.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, Maraqlı şəxs tam mülkiyyət üzrə mülkiyyətində olan 1,93 ha torpaq sahəsini ##.##.2054-cü ilədək İddiaçı icarəyə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resyestrindən Çıxarışdan görünür ki, Sabirabad rayonu Həşimxanlı kəndindən yerləşən 1,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Sabirabad regional “Asan Xidmət” mərkəzində notariat ofisinin ##.##.2024-cü il tarixli *M-** nömrəli icarə müqaviləsi əsasında Maraqlı şəxs tərəfindən 18.03.20254-cü ilədək İddiaçı xeyrinə yüklü edilmiş və 1324007731 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şirvan ərazi idarəsinin ##.##.2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsinə verilmiş reyestr nömrəsi 909012001765 olan X8 adına rəsmiləşdirilən Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 1.93 ha torpaq sahəsinin koordinatları ilə X2 JN-*** nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş Həşimxanlı kəndində yerləşən 2.18 ha torpaq sahəsinin və X1 ************ reyestr nömrəli Çıxarış ilə mülkiyyətinə verilmiş Həşimxanlı kəndində yerləşən 3.1426 ha torpaq sahəsinin koordinatları sənəd üzrə və elektron kadastr məlumat bazasına əsasən heç bir halda üst-üstə düşmür. Lakin ekspertiza baxışında tərəflərin dindirilməsi zamanı müəyyən olundu ki, naturada faktiki istifadə vəziyyətinə əsasən ölçülən və İddiaçı icarəsinə verilmiş 1.93 ha torpaq sahəsinin 1.14 hektarı X2 və 0.79 hekarı isə X1 faktiki istifadəsindədir. Yəni iddiaçının icarəsinə verilmiş 1.93 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 47.2-ci və 47.3-cü maddəsinə görə bələdiyyə mülkiyyətinə aid torpaqlar ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara, ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin, küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların torpaqları daxildir. TM-in 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 55-ci maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. TM-in 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. TM-in 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər. Ancaq məhkəmə işə baxarkən ilk olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən normaların düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Bu baxımdan diqqətə çatdırılmalıdır ki, MM-in VII fəsli Sahiblik hüququna dair normaları özündə ehtiva edir. Belə ki, MM-in 159-cu maddəsinin tələbindən görünür ki, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə desək, sahiblik hər hansı (fiziki və ya hüquqi) şəxsin mübahisəli əşya üzərində daha öncədən mövcud olmuş faktiki ağalığı və hökmranlığıdır. Başqası mübahisəli əşyanı faktiki sahibin iradəsindən kənar qaydada ələ keçirənədək faktik sahib həmin əşyanın sahibi sayılır. İş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsini İddiaçı icarəyə verən Bələdiyyə tərəfindən onun iddiaçıya faktiki olaraq naturada ayrılıb verilməsi təmin olunmamışdır. İşin faktiki halları üzrə yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə tərkibi hüquqi normalar əsasında diqqətə çatdırır ki, əmlak hüquqları olan əşya və tələb hüquqları bir-birindən əhəmiyyətli şəkildə fərqlənir. Belə ki, əşya hüquqları başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan hər hansı əşya üzərində birbaşa idarəçilik və rəhbərliyi təmin edən, habelə hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mülkiyyət hüququ və s.). Tələb hüququ isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ və s.). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir və başqa şəxslərə heç bir aidiyyəti yoxdur. Ona görə də, kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Göründüyü kimi, tələb hüququ üzrə öhdəlik münasibətlərində kreditorun yalnız borcludan hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa ağalığı təmin edir və hamı bu hüququ pozmamaq öhdəliyi daşıyır. Hazırkı mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının tələbi Maraqlı şəxs ilə bağladığı icarə müqaviləsinə əsaslanır. Eyni zamanda icarəyə verən tərəfindən müqavilə öhdəliyi icra edilməmiş və mübahisəli torpaq sahəsi iddiaçıya təhvil verilməmişdir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququdur. Bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Hazırkı işdə iddia müqavilənin tərəfi (icarəyə verən) olan bələdiyyəyə qarşı deyil, digər şəxslərə qarşı qaldırılmışdır. Hazırda baxılan mübahisə üzrə işdə cavabdehlərin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı əşya hüququna malik olması müəyyən edilmir. Bu halda, iddianın təmin edilməsi qanuni və əsaslı sayıla bilməz. MPM-in 50-ci maddəsinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. MPM-in digər - 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Beləliklə, MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Habelə MPM-in 372.7-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə tərkibi dispozitivlik prinsipinin ruhuna xələl gətirməməklə yuxarıda qeyd edilən normaların işin faktiki hallarına əsasən tətbiqi üzrə qeyd edir ki, hazırkı iddia tələbi cavabdehlər X2 və X1 İddiaçı icarəyə verilən 1,93 ha torpaq sahəsindən çıxarılmaları barədədir. Ancaq göründüyü kimi, iddiaçının torpaq sahəsinə dair icarə hüququ həmin müqavilədən irəli gələn tələb hüququ olduğundan bu hüquq üçüncü şəxslərə qarşı deyil, müqavilə tərəfinə qarşı irəli sürülə bilər. Odur ki, mülki işin faktiki hallardan müəyyən olunur ki, Sabirabad rayon, Həşimxanlı kəndində yerləşən və İddiaçı icarəsində olan 1,93 ha torpaq sahəsinin 1.14 hektar hissəsindən X2 və 0.79 hektar hissəsindən isə X1 faktiki olaraq istifadə edir. Ancaq iddia tələbində hansı cavabdehin hansı miqdarda və hissədə istifadəsi və oradan çıxarılması barədə göstəriş olmadığından və qeyd edilənlər baxımından tələb bölünməz olduğundan iddia tam rədd edilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə sübutlara, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq X2 ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq X2 ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-792/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-792/2026
15.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver