Məhkəmə qərarları › İş №2(1-8)-908/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-908/2026

26.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-908/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsi) mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1062 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1618019099 qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə ##.##.2018-ci il tarixində qeydiyyata alınmışdır;

3. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,107604 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı məhkəməyə müraciət edərək, özünün xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən sahəsi 0.107604 ha olan torpaq sahəsi və onun üzərində yerləşən sahəsi 450 kv.m olan 3 mərtəbəli tikintisi başa çatmamış tikilidən cavabdeh Cavabdeh çıxarılması, torpaq sahəsinin və tikilinin cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçı İddiaçı geri verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.107604 ha torpaq sahəsi dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olsa da, həmin sahə əvvəlcə 2018-ci ildə nümayəndə2 tərəfindən X1 alınmış, daha sonra X8, sonda isə ##.##.2023-cü ildə iddiaçıya satılmışdır. Torpaq sahəsinin üzərində 3 mərtəbəli, 450 kv.m sahəsi olan yarımçıq tikili də mövcuddur və iddiaçı bu tikilini də torpaqla birlikdə əldə etmişdir. Əvvəlki sahib Nazim Süleymanov cavabdehlərin təzyiq və hədələri səbəbindən əmlakı satmağa məcbur olmuşdur. Hazırda isə cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etmiş, iddiaçının əraziyə daxil olmasına və istifadəsinə mane olmuş, hətta tikilini sökməklə hədələmişlər. Əmlak Məsələləri Dövlət Xidmətinin məktubuna əsasən ərazidə koordinat uyğunsuzluğu mövcud olmuş, lakin 2023cü ilin oktyabrında aparılmış baxışdan sonra torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Bununla belə, cavabdehlər torpağın onlara məxsus olduğunu iddia etməkdə davam edir və ərazinin bir hissəsi hasarlanaraq mübahisə predmetinə çevrilmişdir. Cavabdehlərin hərəkətləri qanunsuzdur, onun mülkiyyət hüququnu pozur və torpaqla üzərindəki tikili vahid əmlak kimi ona məxsusdur.

6. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi əvvəlcə nümayəndə2 mülkiyyətində olmuş, sonradan torpaq sahəsi başqa şəxslərə satılmış və sonda yenidən dövlət reyestrindən çıxarış ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh Cavabdeh isə torpağa dair çıxarışı ##.##.2018-ci il tarixində əldə etmişdir. Iş materiallarında olan çəkilmiş sxemdən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin faktiki yerləşdiyi ərazi cavabdehin və bir neçə şəxsin torpaq sahələrinin hesabına formalaşmışdır. Iş materiallarında olan sorğuya cavabdan göründüyü kimi cavabdehə məxsus torpaq sahəsi əvvəlcə Həsənov Əbülfətə, ondan da əvvəl digər şəxsə şəhadətnamə əsasında məxsus olmuşdur, yəni bir vahid torpaq əsasından bir neçə mülkiyyətçi yaranmışdır. Bundan əlavə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi qəbul edilmiş, qətnamə qəbul edilən zaman ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən, cavabdehə məxsus torpaq sahəsinin koordinatlarının cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Reyestr xidməti tərəfindən bəzi hissələrə görə dürüstləşmə işləri aparılmışdır, odur ki, həmin dürüstləşdirmə nəzərə alınmamalıdır. Çünki mühəndisin də bildirdiyinə görə orada bir neçə mübahisəli yer var və həmin hissələrə aydınlıq gətirilməmişdir. Üstəlik məhkəmədə mübahisə olduğu halda, iddiaçıya texniki pasport verilmişdir. Bildiyinə görə, sonradan torpaq koordinatları sistemdə əvvəlki vəziyyətinə gətirilmişdir, lakin texniki pasport qüvvəsində qalmaqdadır. Odur ki, artıq uzun müddətdir ki, Əbülfət Həsənova məxsus olmuş torpaq sahəsində yaşayış binası inşa edilmişdir və cavabdeh həmin ərazidən istifadə etməkdədir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik Hüquqi şəxsinin mütəxəssisi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları ilə faktiki yerləşmə arasında uyğunsuzluq mövcuddur. Iddiaçının müraciəti əsasında əraziyə baxış keçirilmiş, ölçmə işləri aparılmış və ekspert rəyinə əsasən Prezidentin Sərəncamına uyğun dürüstləşdirmə nəticəsində torpağın koordinatları dəyişdirilərək yeniləri tanınmışdır. Bu dəyişikliklər nəticəsində cavabdeh də daxil olmaqla ümumilikdə 6 şəxsə məxsus torpaq sahəsi iddiaçının sahəsinin yeni koordinatlarına daxil olmuşdur. Lakin məsələ üzrə məhkəmə mübahisəsi olduğundan yeni koordinatlar ləğv edilmiş və əvvəlki koordinatlar qüvvədə saxlanılmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 3-21-3-32\*-*****/**** saylı mütəxəssis rəyindən görünür ki, torpaq sahəsi üzrə elektron GPS ölçmələri və kadastr məlumatları əsasında aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, yerində baxış zamanı iddiaçı və cavabdehin göstərdiyi ərazi üzrə faktiki istifadəçinin kim olduğunu dəqiq müəyyən etmək mümkün olmamışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq islahatı dövründə verilmiş sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən mübahisəli torpaq sahəsi X8 (sonradan İddiaçı keçmiş) məxsus çıxarış üzrə torpaq sahəsi ilə üst-üstə düşmür, lakin digər şəxslərə məxsus bir neçə torpaq sahəsi ilə qismən üst-üstə düşür. Prezident fərmanına uyğun olaraq ərazidə kadastr uyğunsuzluqları aradan qaldırılmış, İddiaçı müraciəti əsasında ##.##.2024cü il tarixli plan-ölçü sənədinə düzəliş edilmiş, lakin məhkəmə mübahisəsi səbəbindən həmin dəyişikliklər sonradan ləğv edilərək əvvəlki vəziyyət bərpa olunmuşdur. Dürüstləşmə işlərinə əsasən isə həmin plan üzrə Xıdırovun sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi və üzərindəki tikili mübahisəli sahənin koordinatları daxilində yerləşir. Digər mülkiyyətçilər müraciət etmədiyindən onların torpaq sənədlərində dəyişiklik aparılmamışdır.

9. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/****/**** saylı rəyindən görünür ki, yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrinin ##.##.2020-ci il tarixli çıxarışına əsasən X8 məxsus torpaq sahəsinin koordinatları faktiki vəziyyətlə üst-üstə düşmür. Sonradan notariat qaydada bağlanmış alqısatqı müqaviləsi əsasında həmin sahəyə dair mülkiyyət hüququ İddiaçı keçmiş və ona ************ nömrəli çıxarış verilmişdir. Araşdırma zamanı mübahisəli torpaq sahəsinin digər şəxslərə məxsus bir neçə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı müraciəti əsasında ##.##.2024-cü il tarixli plan-ölçü sənədinə düzəliş edilsə də, torpaq sahəsi məhkəmə mübahisəsi predmeti olduğundan bu dəyişiklik ləğv edilərək əvvəlki vəziyyət bərpa olunmuşdur. Ekspert rəyinə görə, həm ##.##.2024-cü il tarixli (************ reyestr nömrəli), həm də ##.##.2018-ci il tarixli (************ reyestr nömrəli) plan-ölçü sənədlərində göstərilən torpaq sahələri mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi ilə üst-üstə düşür. Nəticə etibarilə, Cavabdeh adına ##.##.2018-ci il tarixli sənədlə İddiaçı adına ##.##.2024-cü il tarixli sənəddə göstərilən torpaq sahələrinin koordinatlarının eyni əraziyə düşdüyü, yəni üst-üstə düşdüyü müəyyən edilmişdir.

10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsi üzrə plan və ölçü sənədində dəyişiklik edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, ərazidə DWG uyğunsuzluğu mövcuddur və torpaq sahəsinin sənədlərdəki yerləşməsi ilə faktiki vəziyyəti arasında fərq vardır. 2016-cı il Fərmanına uyğun olaraq aparılan dürüstləşdirmə işləri çərçivəsində ##.##.2024-cü il tarixində torpaq sahəsi üzrə yeni plan və ölçü sənədi tərtib edilmişdir. Lakin torpaq sahəsi məhkəmə mübahisəsi predmeti olduğuna görə həmin dəyişiklik sonradan ləğv edilmiş və əvvəlki plan-ölçü sənədi qüvvədə saxlanılmışdır.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahələri ilkin olaraq X6 və digər ailə üzvlərinə məxsus olmuş, sonradan hissələrə bölünərək müxtəlif şəxslərə satılmışdır. 0.1062 ha torpaq sahəsi əvvəlcə X4, daha sonra X9 və nəhayət 2018-ci ildən etibarən Cavabdeh mülkiyyətinə keçmiş və hazırda da onun mülkiyyətindədir. Digər tərəfdən, müxtəlif şəxslərdən alınmış 0.051304 ha və 0.0563 ha torpaq sahələri birləşdirilərək 0.107604 ha vahid torpaq sahəsi formalaşdırılmış və bu sahə ardıcıl olaraq X5, X2, nümayəndə2 və X8 tərəfindən əldə edilmişdir. Son olaraq, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin 0.107604 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə keçmiş və ##.##.2023-cü il tarixli çıxarışla onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

12. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Habil Əhmədov).

13. Məhkəmə qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədi məhkəmədə mübahisə predmeti olması səbəbindən cari dəyişiklik edilərək torpaq sahəsinin planı və ölçüsü sənədinin əvvəlki vəziyyətinə qaytarılması faktı olduğu halda ekspert rəyində qeyd edilən sənəddə göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə Cavabdeh adına tərtib olunmuş ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli, AA№ ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsinin üst-üstə düşdüyünü göstərmişdir.

14. Müəyyən edilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olduğundan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsi mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqlar və çatışmamazlıqlar aradan qaldırılaraq mülkiyyətçi İddiaçı tərəfindən ona yeni texniki pasportun alınması üçün müraciətinə əsasən plan ölçü sənədinə düzəliş olunmuş və torpaq sahəsinə dair ##.##.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, lakin sözügedən torpaq sahəsi məhkəmə-mübahisə predmeti olması səbəbindən həmin tarixdə cari dəyişiklik edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əvvəlki vəziyyətinə qaytarılmış, bu barədə iddiaçıya məlumat verilmişdir.

15. Göstərilənlər mütəxəssis rəyinə əlavə edilmiş ərazinin sxemlərindən aydın müşahidə edilir. Yəni, ************ reystr nömrəli çıxarışla X8 üzrə mükiyyətində olmuş torpaq sahəsi (##.##.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi) ************ reystr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mükiyyətində olmuş torpaq sahəsi (##.##.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsi) ilə üst-üstə düşmür.

16. Məhkəmə qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsə də qeyd etməyi zəruri sayır ki, həmin qətnamədə iddiaçı olan X8 mülkiyyətində olmuş torpaq sahəsini hazırki iş üzrə iddiaçının anasından almış və sonra da onun oğluna, yəni hazırki iş üzrə iddiaçıya satmışdır. Buna görə də həmin qətnamə ilə müəyyən edilmiş bəzi diqqətəlayiq məqamlara diqqət yetirilməsi məqsədə uyğundur.

17. Belə ki, iddiaçının anası tərəfindən 0.107604 ha olan torpaq sahəsi X8 torpaq sahəsi satıldıqdan sonra sonuncunun X10 və X3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən III şəxs Cavabdeh) qarşı iddiaçı üzrə araşdırma zamanı kspert tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan koordinatları naturaya köçürülən zaman X8 və Cavabdeh mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir- birinə bitişik qonşu sahələr olduğu müəyyyən olunur. Baxış zamanı cavabdehin faktiki istifadəsində olan və mübahisə predmeti olan torpaq sahəsinin mişar daşı ilə hasarlandığı və daxilində fərdi yaşayış evinin inşa edildiyi müəyyən olunmuşdur.

18. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıya (X8) məxsus torpaq sahəsinin plan-sxemə əsasən naturada yerlşəmə yerini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən tikilinin mübahisəli torpaq sahəsinin üzərində yerlşməsini də müəyyən etmək mümkün deyildir. Bundan başqa, iddiaçı torpaq sahəsini üzərindəki tikili ilə aldığını iddia edir. Lakin, iş materiallarından göründüyü kimi mübahisəli tikili daş hasarın icərisində olmaqla cavabdeh Ismayıl Zeynalovun faktiki istifadəsindədir. Elektrik enerjisindən istifadəyə görə ödənişlər torpağın mülkiyyətçisi olan Cavabdeh adından aparılır. Göründüyü kimi iddiaçının əldə etdiyi sahə əvvəl X8 məxsus olarkən ##.##.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar əsas götürülürdü.

19. Müəyyən edilmişdir ki, hazırki iş icraatda olan zaman iddia qaldırdığı və mübahisənin davam eidiyini billə-bilə iddiaçı tərəf yeni texniki pasport alıınmasına dair müraciət edərək ##.##.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməsinə nail olmuş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsi hazırki məsələ ilə bağlı məhkəmə mübahisəsi (çəkişmə) olduğundan, onlar tərəfindən ##.##.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü üzrə yeni koordinatlar ləğv edilmiş və torpaq sahəsi əvvəlki koordinatları tanınmışdır. Başqa sözlə, ##.##.2024- cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etməklə iddiaçı tərəf öz mənafeyi üçün hüquqdan sui-istifadə halına yol vermişdir. Lakin qeyd edildiyi kimi sözügedən plan və ölçü sənədi artıq ləğv edilmiş, qüvvədə deyildir, onun məzmununda göstərilənlər hazırki iş üzrə hüquqi əhəmiyyət kəsb etmir.

20. Beləliklə də işin araşdırılmış halları ilə iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulması faktını təsdiq edən sübutlar təqdim etməmişdir.

21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60, Mülki Məcəllənin 5.3, 16.1, 560.2-ci, Müllki Prosessual Məcəllənin 14.2, 107, 119, 217.3 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müraciəti əsasında ##.##.2024-cü il tarixdə torpaq sahəsinin plan və ölçü sənədinə Prezidentin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanına uyğun olaraq düzəliş edilmiş, lakin torpaq sahəsi məhkəmə mübahisəsi predmeti olduğuna görə həmin sənəd inzibati orqan tərəfindən sonradan ləğv edilərək əvvəlki vəziyyətə qaytarılmışdır. Şikayətçi bildirir ki, bu, qanunsuz inzibati müdaxilədir, çünki qanunvericiliyə əsasən məhkəmə mübahisəsi səbəbilə belə dəyişikliklərin edilməsi nəzərdə tutulmamış, həmçinin bu qərar iddiaçının iştirakı olmadan qəbul edilmişdir. Bundan əlavə, məhkəmənin iddiaçını yeni plan-ölçü sənədi əldə etməklə “hüquqdan sui-istifadə” etməkdə ittiham etməsi əsassız hesab edilir, çünki bunun başqalarına zərər vurmaq məqsədi daşıdığı sübuta yetirilməmişdir. Mübahisəli 0.107604 ha torpaq sahəsi və üzərindəki 3 mərtəbəli, 450 kv.m yarımçıq tikili ardıcıl alqı-satqılar nəticəsində iddiaçının mülkiyyətinə keçmiş və bu hüquq dövlət reyestrindən çıxarışla təsdiqlənmişdir. Buna baxmayaraq, cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etmiş, iddiaçının əraziyə daxil olmasına mane olmuş və təhdidlər etmişlər. Eyni zamanda, əvvəlki araşdırmalarda torpaq sahələrinin koordinatlarında uyğunsuzluqlar mövcud olsa da, sonradan aparılmış baxış nəticəsində iddiaçının torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Buna baxmayaraq, cavabdehlər ərazinin bir hissəsini hasarlayaraq özlərinə aid olduğunu iddia etməkdə davam edir və nəticədə iddiaçının mülkiyyət hüququ pozulur.

24. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik Hüquqi şəxsinin * saylı Abşeron Ərazi Idarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, torpaq sahələrinin elektron kadastr sisteminin tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentin Fərmanı vardır. Iddiaçının torpaq sahəsi ilə bağlı sürüşmə məsələsi var idi və bununla bağlı uçot idarəsinə müraciət etmişdi. Uçot idarəsi əvvəlcə torpaq sahəsini faktiki vəziyyətinə uyğun düzəltmiş, onlar da ona uyğun plan-ölçü sənədi işləyib vermişdir. Daha sonra məhkəmə mübahisəsi olduğu məlum olduqda uçot idarəsi uçotu əvvəlki vəziyyətə qaytarmış və plan-ölçü sənədi ləğv edilmişdir. Ən sonda iddiaçının nümayəndəsi tərəfindən ərazi idarəsinə müraciət edilib, uçot faktiki vəziyyətinə qaytarılmışdır. Hazırda plan-ölçü sənədi qüvvədədir və elektron portalda da var. Tərəflərindən uyğunsuzluqlar tam şəkildə aradan qaldırılmışdır. Cavabdeh tərəfindən müraciət daxil olduğu halda, onun faktiki torpaq sahəsinə uyğun plan-ölçü veriləcəkdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər : Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmışdır.

26. Məhkəmə kollegiyasının mövqeyinə görə, baxılan mübahisə torpaq sahəsinə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.107604 ha olan torpaq sahəsinin və onun üzərində olan tikilinin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərinə əsasən tərəflər arasında göstərilən mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi Idarəsinə sorğu ünvanlamış və Idarə *-**-*-**/*-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.1076 ha torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrasına əsasən aradan qaldırılmış, mübahisə predmeti olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmış, İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqların aradan qaldırılması ilə bağlı dürüstləşmə işi ləğv edildiyindən iddiaçı İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi də ləğv edilmiş və iddiaçıya bu barədə müvafiq bildiriş məktubu ünvanlanmışdır. Bundan sonra mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrasına əsasən əsaslı olaraq aradan qaldırılmış, mübahisə predmeti olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmış, İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi bərpa edilmişdir. Hal-hazırda aparılmış dürüstləşmə işləri və iddiaçı İddiaçı adına verilmiş ##.##.2024-cü il tarixli plan və ölçü sənədi qüvvədədir.

28. Göründüyü kimi, iddiaçının torpaq sahəsinə dair ##.##.2024-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi qüvvədədir və ləğv edilməmişdir. Həmin sənəd torpaq sahəsinin planı və ölçüsünü təsvir etməklə bərabər sahəyə dair bütün məlumatları özündə əks etdirir

29. Kollegiya qeyd etmişdir ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadan dövlət qeydiyyatına alınmış torpaq sahəsinə mülkiyyət hüququ real deyil, xəyali olardı. Bu hal Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların yaranma vaxtını müəyyən edən 68-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

30. Məhkəmə kollegiyası həmin sənədi mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, iddiaçı dövlət tərəfindən tanınan və müdafiə olunan torpaq sahəsini geri tələb etməkdə haqlıdır.

31. Belə ki, iş üzrə verilmiş mütəxəssis və ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, dürüstləşmə işlərinə əsasən ##.##.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ************ reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mübahisəli torpaq sahəsinin koordinatları daxilində yerləşir.

32. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, iddiaçıya məxsus torpaq sahəsi müayinə edilərkən müəyyən edilmişdir ki, torpaq sahəsi daş hasarın daxilində yerləşir və torpaq sahəsində icazəsiz tikili kimi 1 ədəd fərdi yaşayış evi mövcuddur.

33. Iş materiallarında olan iddiaçıdan əvvəllki mülkiyyətçilərin – X7 və X8 adları qeyd olunan, müvafiq olaraq ##.##.2019-cu il və ##.##.2020-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlarının surətindən görünür ki, onlara məxsus torpaq sahəsi müayinə edilərkən müəyyən edilmişdir ki, torpaq sahəsi daş hasarın daxilində yerləşir və torpaq sahəsində icazəsiz tikili kimi 3 mərtəbəli ev (10x12) mövcuddur.

34. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Sadalananlardan göründüyü kimi iddiaçının mübahisəli vahid daşınmaz əşyanı tələb etməsi üçün hüquqi əsas vardır və cavabdeh Cavabdeh bu hüququn həyata keçirilməsinə etdiyi müdaxilə əsasızdır.

36. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci, Torpaq Məcəlləsinin 55 və 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1, 2.2, 23.2-ci, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 101, 103-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (vəkil: vəkil1 oğlu) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinə dair sənədləşmə zamanı inzibati orqan tərəfindən “Inzibati icraat haqqında” qanunun tələbləri, o cümlədən etimad prinsipi kobud şəkildə pozulmuş və bu hallar tərəflər arasında uzunmüddətli məhkəmə mübahisəsinə səbəb olmuşdur.

39. Cavabdeh inzibati orqana qarşı plan-ölçü sənədinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş və iş hazırda baxılmaqdadır. Onun mövqeyinə görə, torpaq sahəsi ilə bağlı naturada mübahisə olduğu halda inzibati orqan texniki sənədləşmə aparmamalı, məhkəmə qərarını gözləməli idi. Lakin orqan birtərəfli qaydada, digər maraqlı şəxsləri cəlb etmədən və texniki əsasları açıqlamadan plan-ölçü sənədi tərtib etmiş və kadastr məlumatlarında dəyişiklik aparmışdır.

40. Eyni zamanda, dürüstləşdirmədən əvvəl torpaq sahəsi cavabdehin sənədi üzrə, sonradan isə iddiaçının sənədi üzrə yerləşmiş kimi göstərilmiş, bunun texniki əsasları izah olunmamışdır. Halbuki mövcud məhkəmə təcrübəsinə görə belə hallarda sənədləşmədən imtina edilməlidir.

41. Şikayətdə həmçinin bildirilmişdir ki, məhkəmə yalnız plan-ölçü sənədinə əsaslanmış, digər mühüm halları nəzərə almamışdır. Torpaq sahələrinin əvvəllər pay torpağı kimi verildiyi, sonradan alqı-satqı ilə ötürüldüyü və bu mübahisənin artıq ikinci məhkəmə çəkişməsi olduğu diqqətdən yayınmışdır.

42. Iş materiallarına görə, cavabdeh torpaq sahəsinə uzun müddətdir faktiki sahiblik edir və bu, çıxarış, plan-ölçü sənədi və digər sənədlərlə təsdiqlənir. Iddiaçı isə torpaq və tikili üzərində faktiki sahiblik etməmişdir.

43. Bundan əlavə, tikili ilə bağlı ziddiyyətlər (ölçü fərqləri, əvvəl tikilinin olub-olmaması) araşdırılmamış, əvvəlki mülkiyyətçilər və şahidlər məhkəməyə cəlb edilməmiş, cavabdehin təqdim etdiyi şahidin dindirilməsindən imtina edilmişdir ki, bu da sübutların tam və obyektiv qiymətləndirilməsi qaydalarının pozulmasına səbəb olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Iddiaçı elektron kabinet vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayəti formal əsaslarla verildiyindən təmin edilməməsini xahiş etmişdir.

45. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inzibati məhkəməyə müraciət edilərək iddiaçının adına verilmiş çıxarışın plan ölçü sənədinin ləğv edilməsi xahiş edilmişdir. Bu, hazırkı, məhkəmə prosesinin yubatmaq məqsədi ilə atılmış addımdır. Iddiaçının bu faktlarla bağlı heç bir mötəbər sübutu mövcud deyildir. Belə ki, həmin iş üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəisi iddia ərizəsinə etiraz bildirərək, iş üzrə imtinanın qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, iddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş plan və ölçünün ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş plan ölçüsünün qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

46. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X14 X16:

47. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

48. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

49. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Baxılan işdə iddiaçı bildirir ki, ona məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən sahəsi 0.107604 ha olan torpaq sahəsi və üzərində yerləşən sahəsi 450 kv.m. üç mərtəbəli tikintisi başa çatmamış tikiliyə cavabdeh qanunsuz sahiblik etməklə onun mülkiyyət hüquqlarını həyata keçirməsinə maneçilik törədir. Ona görə də həmin əşyanın cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi tələb edir. Iddiaçı tələbinin əsası kimi daşınmaz əmlakın dövlət reyestrində onun mülkiyyət hüququna dair ************ reyestr nömrəsi ilə aparılmış ##.##.2018-ci il tarixli qeydiyyata, habelə adına verilmiş ##.##.2024cü il tarixli plan və ölçü sənədinə istinad edir (§ 4-5).

59. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, torpaq sahəsinə dair dövlət reyestrindən onun da adına verilmiş ************ reyestr nömrəli, ##.##.2018-ci il tarixli çıxarış var (§6). Iş materiallarında bu qeydiyyata dair cavabdehin adına ##.##.2018-ci il tarixdə tərtib olunmuş plan-ölçü sənədi mövcuddur.

60. Iddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 49).

61. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qanunazidd şəkildə qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.

62. Hazırkı işdə mübahisəli əşyaya hüquq iddia edən hər iki tərəf dövlət reyestrindən xüsusi mülkiyyət hüququna dair öz adına verilmiş çıxarışa və plan-ölçü sənədinə istinad etmişlər. Belə olan halda həmin sənədlərin eyni torpaq sahəsinə aid olması, yəni sənədlərdəki sərhəd göstəricilərinin üst-üstə düşüb düşmədiyi əhəmiyyətli olmuşdur.

63. Bu məqsədlə birinci instansiya məhkəməsindəki icraatda həmin xüsusat ekspertiza tədqiqatı ilə yoxlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**- **/*-**/****/**** saylı rəyində göstərilmişdir ki, həm ##.##.2024-cü il tarixli (************ reyestr nömrəli), həm də ##.##.2018-ci il tarixli (************ reyestr nömrəli) plan-ölçü sənədlərində göstərilən torpaq sahələri mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi ilə üst-üstə düşür. Nəticə etibarilə, Cavabdeh adına ##.##.2018-ci il tarixli sənədlə İddiaçı adına ##.##.2024-cü il tarixli sənəddə göstərilən torpaq sahələrinin koordinatlarının eyni əraziyə düşdüyü, yəni üst-üstə düşdüyü müəyyən edilmişdir (§ 9).

64. Nəticə etibarilə, dövlət reyestrindən cavabdehin adına verilmiş çıxarışın və plan-ölçü sənədinin mübahisəli torpaq sahəsini əhatə etməsi faktı onun həmin torpağa sahibliyinin, başqa sözlə, iddiaçının mülkiyyət hüququna maneçiliyinin qanunsuzluğu iddiasının təmin olunmasına hüquqi maneə təşkil etmişdir.

65. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Abşeron Ərazi Idarəsinin ## ###### 2025-ci il tarixli məktubuna əsasən, ... mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə mövcud olmuş uyğunsuzluqlar və çatışmazlıqlar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilmiş ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanının icrasına əsasən əsaslı olaraq aradan qaldırılmış, mübahisə predmeti olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmış, İddiaçı adına faktiki istifadə vəziyyətinə uyğun plan-ölçü sənədi bərpa edilmişdir. Hal-hazırda aparılmış dürüstləşmə işləri və iddiaçı İddiaçı adına verilmiş ##.##.2024-cü il tarixli plan və ölçü sənədi qüvvədədir (§ 27).

66. Kassasiya məhkəməsi bu faktın iddianın təmin edilməsi üçün yetərli olmadığı qənaətini ifadə edərək bildirir ki, əvvəla, iddiaçıya məxsus ##.##.2024-cü il tarixli plan və ölçü sənədinin qüvvədə olmasının cavabdehin adına verilmiş sənədlərin hüquqi vəziyyətinə necə təsir göstərdiyi cavab məktubundan aydın olmur. Yəni, cavabdehə məxsus reyestr qeydiyyatı və plan-ölçü sənədinin öz hüquqi qüvvəsini itirməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır.

67. Ikincisi, iş materiallarından görünür ki, Cavabdeh Sumqayıt Inzibati Məhkəməsində iddia qaldıraraq İddiaçı mülkiyyətində olan, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.107604 ha torpaq sahəsinə dair ##.##.2024-cü il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi xahiş etmişdir. Cavabdeh bununla əlaqədar apelyasiya məhkəməsinə vəsatət verərək, həmin inzibati işə baxılıb yekun qərar çıxarılanadək hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir.

68. Apelyasiya məhkəməsi vəsatəti təmin etməməsi haqqında protokola yazılan qərar çıxarsa da, bunun səbəbini ümumiyyətlə göstərməmiş, sözügedən inzibati iddianın təmin ediləcəyi halda hazırkı işin həllinə təsirini müzakirə etməmiş və bu xüsusatla bağlı gəldiyi nəticəni əsaslandırmamışdır.

69. Kassasiya məhkməsi qeyd edir ki, əgər hər iki tərəfin adına dövlət reyestrində aparılmış qeydiyyat və tərtib olunmuş plan-ölçü sənədləri mübahisəli torpağa aid olmaqla üst-üstə düşürsə, onlardan birinin hüquqi qüvvəsini itirməsi qanunla müəyyən edilmiş qaydada təsbit edilmədən hazırkı iddianın təmin olunması əsaslı sayıla bilməz.

70. Buna baxmayaraq, apellyasiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericliyə uyğun qaydada əsaslandırmamışdır (§ 53-54).

71. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X14 X16 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 46-47).

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).

73. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

74. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar