Məhkəmə qərarları › İş №2(1-8)-1859/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1859/2026

11.09.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1859/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlu və İsgəndərov Elşən Rövşən oğlunun cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz çəkilmiş hasarın sökülməsi və istifadəyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlu və İsgəndərov Elşən Rövşən oğlunun cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi, qanunsuz çəkilmiş hasarın sökülməsi və istifadəyə qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarına, ##.##.2005-ci il tarixli alğı-satqı aktına və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, İsgəndərov Elşən Rövşən oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır.

2. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarına, ##.##.2005-ci il tarixli alğı-satqı aktına və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, İsgəndərov Rövşən Xanbaba oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 1.200 kv.m. torpaq sahəsi ayrılmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ###### 2024-cü il tarixli məktubuna əsasən, naturada ölçülən hasar daxilində olan sözügedən torpaq sahəsi 0,53 hektardır. Həmin torpaq sahəsinin 584 kv.m. hissəsi İsgəndərov Rövşən Xanbaba oğluna məxsus ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,12 ha torpaq sahəsi ilə, 370 kv.m. hissəsi isə İsgəndərov Elşən Rövşən oğluna məxsus ************** reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlu və İsgəndərov Elşən Rövşən oğlu (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən, onlara məxsus torpaq sahəsindən cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması, qanunsuz çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin onların istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə Çuxuryurd kəndi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi alıblar. Həmin torpaq sahəsinə Rövşən İsgəndərov A ****** saylı torpaq sahəsinin plan və ölçü sənədi, Elşən İsgəndərov isə AA***** saylı torpaq sahəsinin plan və ölçüsü sənədi alıblar. Hər iki torpaq sahəsi hüquqi cəhətdən onların sahibliyində və istifadələrindədir. Lakin cavabdeh İmişli səhəri sakini Cavabdeh 2 il əvvəl 0,12 ha torpaq sahəsinin 584 kv.m. hissəsini, 0,06 ha torpaq sahəsinin 370 kv.m. ərazisini onların xəbəri olmadan özbaşına zəbt edərək hasara almışdır. Həmin zaman Şamaxı rayon torpaq şöbəsində işləyən Fərid Nağdalıyev cavabdehə bildirib ki, o, bu ərazini yaxşı tanıyır. Bu ərazi torpağın plan və ölçüsü olan şəxslərə, Rövşən İsgəndərov və oğlu Elşən İsgəndərova məxsusdur. Buna baxmayaraq cavabdeh özbaşınalıq edərək, sahibliyində və istifadələrində olan torpaq sahələrinin yuxarıda qeyd etdiyi həcmdə hissəsini qanunsuz zəbt etmiş, onların rəsmi olaraq Bələdiyyədən aldığı və qanuni istifadələrində olan torpaq sahəsindən faktiki olaraq istifadə etmələrini məhdudlaşdırmış, onların hüquqlarını tapdalamışdır. Bundan sonra bir il əvvəl o, Fərid Nağdalıyev və cavabdehlə birlikdə mübahisəsi gedən torpaq sahəsində olublar. Həmin vaxtı qohumu Vüqar İsgəndərov və Durasan Əsgərov da orada olub. O, cavabdehə izah edib ki, bu torpaq sahələri onlara məxsusdur, cavabdeh isə onlara məxsus torpaq sahələrinin bir hissəsini qanunsuz zəbt edərək kənarını hasarlayıb. Həmin əraziyə aid onların torpağın planı və ölçüsü sənədləri də var. Cavabdeh ona bildirib ki, ona zəbt etdiyi torpaq sahəsinə görə 10 min manat pul versin, torpaq ona qalsın. O, razı olmayanda ona 18.000 manat pul vermək təklifini edib. Lakin o, buna razı olmayıb. Bildirib ki, torpaq sahəsi onlara məxsusdur, onlar aidiyyəti üzrə istifadə edəcəklər. Qanunsuz zəbt etdiyi torpaq sahəsinin kənarına çəkdiyi hasarı söküb zəbt etdiyi torpaq sahəsini onlara qaytarsın. Lakin cavabdeh bununla razılaşmayıb və bu günə kimi qanunsuz zəbt etdiyi torpaq sahəsini boşaltmayıb. Cavabdehin qanunsuz hərəkətləri barədə polis şöbəsinə də şikayət edib. # ######## 2024-cü il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilib. Mübahisəsi gedən torpaq sahəsi tərəflərindən rəsmi qaydada alındığından, torpağın planı və ölçüsü sənədləri olduğundan hesab edirlər ki, cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, qanunsuz çəkdiyi hasar sökülüb torpaq sahəsi onların faktiki istifadələrinə qaytarılmalıdır. Torpaq sahəsindən onlar istifadə etmək istəyirlər və cavabdehə hər hansı güzəştə getməyə razı deyillər. Cavabdehin ünvanına xəbərdarlıq məktubu göndəriblər. Lakin indiyə kimi heç bir məlumat yoxdur.

6. Cavabdeh Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz verilərək qeyd edilmişdir ki, ona məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini iddiaçılardan öncə əldə etmişdir. Belə ki, həmin torpaq sahəsi Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarından çıxarışa əsasən bələdiyyə tərəfindən ona ayrılıb, mərzləri yerində müəyyən edilib, ona təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci ilin ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı qaydalarına” əlavə “Torpaqların alğı-satqısına dair akta əsasən 0,12 ha torpaq sahəsinin ona satılması barədə ##.##.2005-ci il tarixli, ** saylı qərara görə onun tərəfindən bələdiyyənin ********** saylı hesabına əvvəlcədən 564.000 manat haqq ödənilmişdir. Həmçinin 0,12 ha torpaq sahəsinin cavabdehə satılması barədə Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı və ##.##.2005-ci il tarixli ** saylı qərarları mövcuddur. Bütün bu qərarlardan da görünür ki, torpaq sahəsi ona iddiaçılardan əvvəl satılmış və onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsi müəyyən edilmiş mərzlər boyu tərəfindən hasara alınmış və hal-hazırda da onun qanuni istifadəsindədir. Bələdiyyə tərəfindən təqdim edilmiş torpaq sahəsi ilə bağlı sənədlər və yerquruluşu layihə ilə faktiki sahəyə uyğundur. Onun tərəfindən zəbt edilmiş sahə mövcud deyildir. İddiaçıların tələb etdiyi zəbt edilmiş torpaq sahəsinin cavabdehin daha öncə əldə etdiyi torpaq sahəsində çəkdiyi hasarın daxilində olması mümkün deyildir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin # ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,06 ha torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahələrinə uyğundur, iddiaçılar tərəfindən naturada göstərilən və iddia olunan torpaq sahələrinin faktiki koordinatları ilə onlara məxsus olan planölçü sənədlərində qeyd olunmuş koordinatlar eynilik təşkil edir. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə Cavabdeh satılmış 0,12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin və yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə Cavabdeh satılmış 0,12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin və yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə Cavabdeh satılmış 0,12 ha torpaq sahəsinə dair iş materiallarına əlavə olunmuş ilkin torpaqayırma sənədlərindəki Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin, yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0,12 ha torpaq sahəsinin 0,0591 ha hissəsi və İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0388 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar daxilində yerləşir. Cavabdeh Cavabdeh Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə satılmış 0,12 ha torpaq sahəsinin, ##.##.2005-ci il tarixli ** saylı qərarı satılmış 0,12 ha torpaq sahəsinin və ##.##.2005-ci il tarixli ** saylı Qərarı ilə satılmış 0,12 ha torpaq sahələrinin Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarışlar yerquruluşu qaydasında hazırlanmadığından (hər hansı bir istinad nöqtəsindən ayrılmış torpaq sahəsinə qədər olan məsafənin, yan ölçülərinin göstərilməməsi, koordinatların olmaması) cavabdehin sənədlər əsasında naturada yerini müəyyən etmək mümkün olmadığından sənəd üzrə İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi və İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,06 ha torpaq sahəsinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. Lakin iddiaçılar İsgəndərov Rövşən Xanbaba oğlunun faktiki naturada göstərdiyi və iddia etdiyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,0591 ha hissəsi və İsgəndərov Elşən Xanbaba oğlunun faktiki naturada göstərdiyi və iddia etdiyi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0388 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçılara məxsus olan hər iki plan-ölçü sənədi ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan kadastr məlumat bazasında mövcuddur. Mövcud elektron baza məlumatlarında cavabdeh Cavabdeh adına mübahisə predmeti olan torpaq sahələrinə dair heç bir məlumat aşkar olunmadı.

8. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən və İsgəndərov Elşən Rövşən oğluna məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0388 ha hissəsindən və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İsgəndərov Rövşən Xanbaba oğluna məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 0,0591 ha hissəsindən cavabdeh Cavabdeh çıxarılması, həmin torpaq sahələrinə çəkilmiş hasarın sökülməsi, həmin torpaq sahələrinin iddiaçıların istifadəsinə qaytarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İsgəndərov Elşən Rövşən oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi, İsgəndərov Rövşən Xanbaba oğluna Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 1.200 kv.m. torpaq sahəsi ayrılmışdır. Hər iki torpaq sahəsi X1 kitabında ##.##.2011-ci il tarixdə uçota alınmışdır. Daha sonra İsgəndərov Elşən Rövşən oğluna məxsus olan 0,06 ha torpaq sahəsinin 0,0388 ha hissəsi, İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan 0,12 ha torpaq sahəsinin 0,0591 ha hissəsi cavabdeh Cavabdeh tərəfindən hasara alınmışdır. Buna görə də iddiaçıların öz torpaq sahələrindən istifadə etmələrinə maneələr yaranmışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4,164.1, 164.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

11. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırmışır ki, məhkəmə tərəflərə məxsus torpaq sahələrinin ayrılması zamanı mövcud olmuş halları, zamana görə ardıcıllığı, torpaq sahələrinin hasarla mərzləri boyu təcrid olunduğu, qonşuluq münasibətlərinin yarandığı müddətlərlə bağlı mövcud mühüm məqamlara diqqət etməmişdir. Torpaq sahələrinin verildiyi zaman mövcud olan faktiki halları nəzərə almamışdır. Belə ki, məhkəmənin özü tərəfindən də müəyyən edildiyi kimi, tərəflərə adı çəkilən torpaq sahələri Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən ayrılmışdır. Torpaq sahələrinin ayrıldığı 2005-ci il üçün Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaqların layihəsindən çıxarış yerquruluşu qaydasında hazırlanmadığından konfiqurasiyası və yerləşdiyi ərazinin naturada həmin torpaq sahəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu halda torpaq sahələrinin mərzləri boyu faktiki yerləşdiyi vəziyyəti, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən yerində müəyyən edilib, tərəflərə təhvil verildiyi şəkildə qəbullanmalıdır. Həmin torpaq sahələrinə planölçü sənədlər daha sonrakı illərdə verildiyindən, baza koordinatlarına görə sənəd üzrə sərbəst deyil, torpaq sahələrinin faktiki yerləşmə vəziyyətinə görə koordinatları müəyyən edilib, baza məlumatlarına işlənilir. Diqqət edilməli idi ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı və ##.##.2005-ci il tarixli, ** saylı Qərarı ilə ona hər biri 0,12 ha torpaq sahələri satılmış və torpaq sahələrinin dəyəri tam ödənilməklə əldə edilmişdir. Satılmış torpaq sahəsinin mərzləri, mülkiyyətçi Çuxuryurd bələdiyyəsi tərəfindən yerində müəyyən edilib, ona təhvil verilmişdir. Ona təhvil verilmiş və yerində müəyyən edilən mərzlər boyu torpaq sahəsini qəbul edib, hasara almışdır. Hasarın inşası 2005-ci ilin sentyabr ayında aparılmış, bələdiyyə tərəfindən müəyyən edilən torpağın mərzləri boyu yerləşdiyi kimi qalır və sonradan dəyişdirilməmişdir. İddiaçılara da eyni qayda ilə Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə cəmi 0,18 ha torpaq sahəsi ayrılmış, yerində mərzləri müəyyən edilib, təhvil verilmişdir. Onlara verilən torpaq sahəsi sıralama ilə cavabdehə məxsus torpaq sahəsindən sonra yerləşir və təhvil verilən vaxtda cavabdeh tərəfindən mərz boyu hasarı artıq çəkilmişdir. Belə çıxır ki, bələdiyyə iddiaçılara torpaq sahəsini verərkən, cavabdehə məxsus hasardan içəri keçib, mərzləri müəyyən etmişdir. İddiaçılara ayrılmış torpaq sahələrinə sonradan hazırlanmış plan-ölçü sənədlərində koordinatlar cavabdehə məxsus və uzun müddət onun sərəncamında olan torpaq sahəsi daxilində qeyd edilməklə sənəd üzərində ona məxsus olduğu görüntüsü yaradılmışdır. Məhz həmin plan ölçüyə istinadən mütəxəssis tərəfindən verilmiş # ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyində “cavabdehə məxsus torpaq sahəsinin bir hissəsinin, iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü” qeyd edilmişdir. Qeyd edilməlidir ki, plan–ölçü mülkiyyət sənədi olmayıb, düzgün tərtib edilmədiyi halda faktla uyğunsuzluğu mümkündür. Ona əsaslanan mütəxəssis rəyi mübahisəsiz sübut kimi qəbul edilə bilməz. Adı çəkilən torpaq sahələrinin verildiyi zaman nə qədər ki, Çuxuryurd bələdiyyəsinə məxsus torpaq sahələrinin koordinatları müəyyən edilməmişdir, qonşuluqda torpaq sahələrinin yerləşməsi vəziyyəti, bələdiyyə tərəfindən faktiki yerində müəyyən edilib, alan tərəfə təhvil verildiyi mərzlər boyu nəzərə alınmalıdır. Bundan başqa iddiaçılar onlara məxsus torpaq sahəsindən 0,0979 ha (0,0588 + 0,0591) hissəsinin cavabdeh tərəfindən zəbt olunduğunu iddia edir. Belə olan halda onların istifadəsində olan torpaq sahəsi 0,18 ha yox, 0,0821 ha (0,18-0,0979) ölçüdə olmalıdır. Lakin onların istifadəsində olan torpaq sahəsinin ölçüsü onlara ayrılmış sahə ilə eynidir. Bununla bağlı iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin # ######## 2025-ci il tarixli, ***-*-**/*-****/**** saylı mütəxəssis rəyində qeyd edilir ki, “iddiaçılara məxsus 0,12 ha və 0,06 ha torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahələrinə uyğundur”. İddiaçılar cavabdehə qarşı iddia tələbinin əsası kimi onlara ayrılmış cəmi 0,18 ha torpaq sahəsinin az olmasından deyil, onlar verilmiş plan-ölçü sənədində qeyd olunan koordinat nöqtəsinin ona məxsus torpaq sahəsinin daxilinə düşdüyünə istinad edir və zəbt olunan sahəni bu nöqtələrə nisbətdə hesablayır. Əslində onun istifadəsində olan torpaq sahəsi 2005-ci ilin sentyabr ayından hasara alınmaqla, artıq 20 ildir ki, bu şəkildə onun əməli istifadəsindədir. 3 il öncə iddiaçı İsgəndərov Rövşən Xanbaba oğlu ona xəbər göndərərək, torpaq sahəsinin 10 sotunun, ona verilmiş planölçü sənədində qeyd edildiyini bildirmiş və 18.000 manata ona təklif etmişdir. Bir müddətdən sonra 10.000 manata düşmüşdür. O isə bunun ağılsız hərəkət olduğunu deyib, rədd etmişdir. Bundan sonra iddiaçı polisə müraciət etmişdir. O, isə iddiasında guya onun ona pul təklif etdiyini qeyd edir. Həmçinin hasar torpaq sahəsi ona təhvil verildiyi 2005-ci ilin sentyabr aylarında inşa edildiyi halda, guya 2 il bundan əvvəl inşa edildiyi kimi yanlış hallar qeyd etmişdir. Lakin məhkəmə bu halları tam aydınlaşdırmamışdır. Halbuki, qeyd edilən hallar mübahisənin düzgün həlli üçün iş üzrə mühüm əhəmiyyətli hallardır. Bundan başqa cavabdeh tərəf iddiaya etirazını yazılı təqdim etmiş, məhkəmə iclaslarında nümayəndəsi iştirak etmiş, mütəxəssis rəyinin torpaq sahələrin faktiki durumuna görə uyğun olmadığı və mübahisənin obyektiv həlli məqsədilə, sahələrin yerində düzgün müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsinə vəsatət verilmişdir. Lakin məhkəmə (hakim) qətnamədə mübahisə ilə bağlı onun etirazına, ekspertiza ilə bağlı vəsatətinə belə mövqe bildirməmiş, onun məhkəmədə iştirak etmədiyini qeyd etmişdir. Bu da məhkəmə iddiaçılara məxsus torpaq sahələrinə sonradan hazırlanmış plan-ölçü sənədlərində koordinatlar ona məxsus və uzun müddət onun sərəncamında olan torpaq sahəsi daxilində qeyd edilməklə, sənəd üzərində ona məxsus olduğu görüntüsü yaradılmışdır. İşin mübahisəsiz halıdır ki, tərəflərə məxsus torpaq sahələri, bir tərəfdən mərzləri bitişik olmaqla, qonşuluqda yerləşir. Tərəflərə aid torpaq sahələri Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən sonuncunun qərarları ilə eyni formada ayrılmış və eyni qayda da yerində mərzləri müəyyən edilməklə təhvil verilmişdir. İddiaçılara torpaq sahəsi 2005ci ilin noyabr ayından sonra, cavabdehə isə torpaq sahəsi isə ondan əvvəl 2005-ci ilin sentyabr ayında yerində təhvil verilmişdir. Göründüyü kimi iddiaçılara torpaq sahəsi veriləndə, artıq ona məxsus və əvvəlki mülkiyyətçi bələdiyyə tərəfindən mərzləri yerində müəyyən edilmiş, qonşu torpaq sahələri ilə sərhədləri təcrid olunmuş torpaq sahəsi mövcud idi. İddiaçıya torpaq sahəsi yerində təhvil veriləndə, sərhədi artıq mərzləri müəyyən edilmiş qonşuluqda yerləşən cavabdehə məxsus torpaq sahəsinin sərhədinə nisbətdə müəyyən edilib, ölçüsü yerində müəyyən edildiyi mübahisəsiz haldır və bu qeyd olunan maddi normanın tələblərinə tam uyğundur. Lakin şikayət olunan qətnamə qəbul edilərkən qeyd olunan maddi hüquq norması, işin müəyyən edilmiş hallarına nisbətdə tətbiq edilməli olduğu halda edilməmişdir. Tərəflərə torpaq sahələri eyni mülkiyyətçi tərəfindən eyni əsaslarla və eyni qayda ilə yerində təhvil verildiyi baxımında, torpaq sahələrinə əldə etdikləri hüquqlar eynidir. Lakin məhkəmə torpaq sahələrinə görə əldə edilmiş hüquqları iddiaçılara nisbətdə üstün tutmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və iddianın təmin etməklə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün yetərli əsasdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarlarına və ##.##.2005-ci il tarixli alğı-satqı aktlarına əsasən İsgəndərov X3 rayonu, Çuxuryurd kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 600 kv.m. torpaq sahəsi, İsgəndərov Rövşən Xanbaba oğlu isə 1.200 kv.m. torpaq sahəsi əldə etmiş, müvafiq olaraq həmin torpaq sahələrinə dair A 352146 və A ****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əldə etmişlər. İddiaçılar qeyd olunan torpaq sahələrinin müəyyən hissəsinin cavabdeh tərəfindən zəbt edilərək, hasara alındığını iddia etmişlər ki, onların bu iddiaları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin # ######## 2025-ci il tarixli, *-**-*-**/*****/**** saylı mütəxəssis rəyi ilə təsdiq olunmuşdur.

15. Belə ki, həmin rəyə əsasən iddiaçılar tərəfindən naturada göstərilən və iddia olunan torpaq sahələrinin faktiki koordinatları ilə onlara məxsus olan plan-ölçü sənədlərində qeyd olunmuş koordinatlar eynilik təşkil etməklə, İsgəndərov Rövşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0,12 ha torpaq sahəsinin 0,0591 ha hissəsinin və İsgəndərov Elşən Xanbaba oğluna məxsus olan A № ****** nömrəli plan-ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0388 ha hissəsinin cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş daş hasar daxilində yerləşməsi müəyyən edilmişdir.

16. Bundan başqa, işin müəyyən edilmiş hallarına əsasən Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına, ##.##.2005-ci il tarixli ** saylı qərarına və ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən hər bir qərar üzrə 0,12 ha olmaqla, ümumilikdə 0,36 ha torpaq sahəsi Cavabdeh satılsa da həmin torpaq sahələrinə dair plan və ölçü sənədi əldə edilməmişdir.

17. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi İdarəsinin # ######## 2025-ci il tarixli, *-**-***/*****/**** saylı mütəxəssis rəyinə əlavə olunmuş plan-sxemdən göründüyü kimi cavabdeh Cavabdeh daş hasara aldığı torpaq sahəsinin ölçüsü onun tərəfindən məhkəməyə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə göstərildiyi kimi 0,36 ha deyil, 0,55 ha, yəni torpaq sahələrinin cəmindən 0,19 ha çox olmuşdur. Qeyd edilən fakt da dolayısı ilə mütəxəssis rəyində qeyd olunduğu kimi iddiaçılara məxsus torpaq sahəsinin bir hissəsinin cavabdehin faktiki olaraq qanunsuz sahibliyində olmasını təsdiq etmişdir.

18. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla, əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 164.1, 164.2-ci, Torpaq Məcəlləsinin 111-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən cavabdeh Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmələr yalnız iddiaçı tərəfin təqdim etdiyi plan-ölçü sənədlərinə və həmin sənədlər əsasında verilmiş mütəxəssis rəyinə üstünlük vermiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə, faktiki sahiblik münasibətlərinə və mübahisənin yaranma tarixinə lazımi hüquqi qiymət verilməmişdir.

22. Məhkəmələrdə araşdırılmış iş materiallarında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Şamaxı rayonu Çuxuryurd Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı, ##.##.2005ci il tarixli ** saylı və ##.##.2005-ci il tarixli ** saylı qərarları ilə hər biri 0,12 ha olmaqla ümumilikdə 0.36 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahələri naturada mərzləri müəyyən edilməklə onun istifadəsinə verilmişdir.

23. Cavabdeh tərəfindən göstərilən həmin torpaq sahələrinin faktiki istifadəsi uzun illər ərzində fasiləsiz həyata keçirilmiş, torpaq sahələrinin sərhədləri hasarla müəyyən edilmiş və həmin hasar uzun müddət ərzində dəyişdirilməmiş və hal-hazırda cavabdehin faktiki istifadəsində olan hasarın içində mövcud torpaq sahəsi 0,36 ha. təşkil edir.

24. İddiaçıların özlərinə isə torpaq sahələri daha sonrakı tarixdə - ##.##.2005-ci il tarixdə ayrılmışdır. Məhkəmələr bu ardıcıllığa, yəni cavabdehin faktiki sahiblik hüququnun və istifadəsinin daha əvvəl yaranmasına hüquqi qiymət verməmişdir.

25. Mübahisə predmeti olan torpaq sahələri ilə bağlı verilmiş # ######## 2025-ci il tarixli mütəxəssis rəyində birbaşa göstərilmişdir ki, cavabdehə aid torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində koordinatlar, istinad nöqtələri və yan ölçülər olmadığından həmin torpaq sahələrinin naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, mütəxəssisin özü tərəfindən müəyyən edilmişdir ki, cavabdehin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən edilməmişdir. Belə olan halda iddiaçıların torpaq sahələrinin guya cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə nəticə obyektiv hesab oluna bilməzdi. Çünki cavabdehin torpaq sahəsinin sərhədləri müəyyən edilmədən “üst-üstə düşmə” faktının müəyyən olunması hüquqi və texniki baxımdan mümkün deyildir.

26. Bununla yanaşı, mütəxəssis rəyi hazırlanarkən istifadə olunmuş metodologiya, koordinat sistemi, ölçmə üsulları və hesablamaların hansı qaydada aparıldığı rəydə ətraflı göstərilməmişdir. Rəyin məzmunundan görünür ki, ölçmə işləri əsasən iddiaçıların naturada göstərdikləri nöqtələr əsasında aparılmışdır. Halbuki həmin baxış və ölçmə işləri cavabdehin iştirakı olmadan həyata keçirilmişdir.

27. İş materiallarında olan ## ######## 2025-ci il tarixli aktdan görünür ki, mübahisəli torpaq sahəsinə naturada yerli baxış keçirilmiş və baxış zamanı yalnız iddiaçı tərəf iştirak etmişdir. Baxış zamanı yalnız iddiaçı tərəf iştirak etdiyindən, naturada torpaq sahələrini istəyinə görə özü göstərmiş və koordinatlar həmin göstərişlər əsasında GPS vasitəsilə müəyyən edilmişdir. Cavabdehə və ya onun nümayəndəsinə baxışın keçiriləcəyi vaxt və yeri barədə əvvəlcədən məlumat verilməmiş, onların iştirak və etiraz hüququ təmin edilməmişdir.

28. Cavabdeh tərəfindən həmin prosessual pozuntularla bağlı birinci instansiya məhkəməsinə əsaslandırılmış vəsatət təqdim edilərək ##.##.2025-ci il tarixli mütəxəssis rəyinin birtərəfli və qeyri-obyektiv olduğu bildirilmiş, yeni mütəxəssis rəyinin alınmasını və başqa mütəxəssisin cəlb edilməsi xahiş olunmuşdur.

29. Həmin vəsatətdə ətraflı şəkildə göstərilmişdir ki, naturaya baxış birtərəfli aparılmış, cavabdehə aid sənədlər nəzərə alınmamış, ölçmə və koordinat hesablamalarının texniki əsasları açıqlanmamışdır. Belə olan halda cavabdehin iştirakı ilə mübahisəli sahəyə mütəxəssis tərəfindən yenidən baxış keçirilməsi və mərzləri dəqiqləşdirməklə mütəxəssis aktı tərtib edilməsi təmin edilməli idi.

30. Lakin məhkəmə həmin vəsatətə ümumiyyətlə hüquqi qiymət verməmiş, vəsatəti əsassız olaraq təmin etməmiş və alternativ ekspertiza keçirmədən mübahisəni həll etmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu mühüm prosessual pozuntunu aradan qaldırmaq əvəzinə, eyni pozuntuya təkrar yol vermişdir.

31. Məhkəmələr tərəfindən həmçinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə bağlı hallara da düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçılar tərəfindən guya 0,0979 ha torpaq sahəsinin zəbt edildiyi iddia olunsa da, iş materiallarında onların istifadəsində olan torpaq sahələrinin ayrılmış ümumi ölçüyə uyğun olduğu müəyyən edilir. Əgər iddiaçıların göstərdikləri həcmdə torpaq sahəsi həqiqətən zəbt edilmiş olsaydı, onların istifadəsində olan torpaq sahəsinin ölçüsü sənədlərdə göstərilən ölçüdən 0,0979 ha ölçüdə, yəni əhəmiyyətli dərəcədə çox olmalı idi. Məhkəmələr bu ziddiyyəti diqqətə almamış və aradan qaldırılması ilə bağlı prosessual addım atmamışlar.

32. İş üzrə mübahisənin predmeti isə məhz cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədləri, yerləşməsi və həmin torpaq sahəsinin guya iddiaçılar tərəfindən təqdim edilən plan-ölçü sənədləri ilə üst-üstə düşməsi məsələləri ilə bağlıdır. Belə olan halda, torpaq sahəsinin ayrılması barədə qərarlar qəbul etmiş Çuxuryurd Bələdiyyəsinin iş üzrə iştirakının təmin edilməsi zəruri idi. Çünki məhkəmə tərəfindən qəbul edilmiş qətnamə faktiki olaraq bələdiyyənin qəbul etdiyi torpaqayırma qərarlarının düzgünlüyünə və hüquqi nəticələrinə birbaşa təsir göstərmişdir.

33. Lakin birinci instansiya məhkəməsi tərəfindən Çuxuryurd Bələdiyyəsi nə üçüncü şəxs, nə də digər prosessual statusda işə cəlb edilməmiş, həmin bələdiyyədən torpaq sahələrinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi, torpaqayırma sənədlərinin hazırlanması və torpaq sahələrinin yerləşməsi ilə bağlı hər hansı izahat və ya sənədlər tələb olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

34. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

35. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

41. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

42. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

43. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

44. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

45. Maddə 84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.

46. Maddə 111 (bənd 1). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

47. Maddə 111 (bənd 2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

48. Maddə 111 (bənd 3). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

57. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar