Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-610/2021 16.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1936-cı il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, X4 onun doğma anasıdır. xx xxxxxx 2020-ci il tarixdə anası vəfat etmişdir. Anası özünü pis hiss edəndə, onlar tibbi yardım çağırmışlar. Təcili və X5 Stansiyasından həkim briqadası gələndə anası artıq vəfat etmişdir. Bundan sonra o, anasının vəfatı ilə bağlı müvafiq qeydiyyatın aparılması üçün 3 saylı Bakı ASAN xidmət mərkəzinə müraciət etmiş, həmin təşkilat anasının ölümünü qeydə almaqdan imtina etmişdir. O, Anasının ölümünü təsdiq edən sənədi başqa qaydada əldə edə bilmir. Ölüm faktının müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün lazımdır. Qeyd olunanlara əsasən, xx xxxxxx 1936-cı il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə bildirmişdir ki, ərizəçi onun 30 ildir qonşusudur. Mərhum Elmira xanımın üç övladı olmuşdur, onlardan biri də ərizəçidir. Mərhum vəfat edən kimi, o, mərhumun evinə getmişdir. Təcili yardım gələndə Elmira xanım artıq vəfat etmişdir. Mərhum Yasamal qəbristanlığından dəfn edilib. X3 məhkəməyə bildirmişdir ki, ərizəçi onun 8 ildir qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, ərizəçini, eləcə də şahidləri dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8. maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 anası X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1936-cı ildə Füzuli şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Təcili və X5 Stansiyasının 10 saylı bölməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:40-da X1 adına çağırış olmuş, evə gələn təcili tibbi yardım briqadası tərəfindən qadın cinsində meyid aşkar olunmuşdur. Eyni zamanda, işin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən ərizəçinin anası, xx xxxxxx 1936-cı il təvəllüdlü X4 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan, Bakı şəhəri 3 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli №-li məktubundan görünür ki, ərizəçinin anası X1 ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1936-cı il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1936-cı il təvəllüdlü X1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-610/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-610/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver