Məhkəmə qərarları › İş №2(003)-653/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-653/2024

31.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-653/2024 31.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək mediasiya sessiyasında bağlanmış 27 aprel 2023-cü il tarixli MŞB/13/2023-00449 3-cü və 4-cü bəndlərinin təsdiq edilməsi barədə ərizəsinin təmin edilməsini, 30 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Maraqlı şəxs 2023-cü ilin oktyabr ayından hər ay 200 manat məbləğində alimentin, 100 manat və 50 manat, cəmi 150 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi cavabdeh X4 ilə 21 yanvar 2021-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeydə alınmaqla nikah müqaviləsi bağlamışdır. Onun cavabdehlə birgə nikahından 30 sentyabr 2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Uşaq hal-hazırda onun yanında yaşayır. Onun nikahın pozulması, uşağın ananın yanında qalması və aliment barədə ilkin olaraq 13 saylı mediasiya təşkilatına müraciəti əsasında mediator X5 tərəfindən onların iştirakı ilə 27 aprel 2023-cü il MŞB/13/2023-00449 nömrəli barışıq sazişi bağlanmışdır. Sazişin 6-cı bəndində göstərilir ki, sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər üçün ayrı müddət müəyyən edilməyibsə, saziş tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Lakin iş üzrə Maraqlı şəxs onların aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci, 3-cü və 4-cü bəndlərinin şərtlərini pozmuşdur. Cavabdeh könüllü olaraq nikahın pozulması barədə qeydiyyat orqanına müraciət etməkdən imtina edir. Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ödəməli olduğu 200 manat alimenti 2023-cü ilin oktyabr ayından etibarən ödəmir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbinin təmin edilərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı, 421036 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs və X2 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamışlar. Həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 35 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. AZ-İV seriyalı, 715351 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 20417 nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MŞB/13/2023-00449 nömrəli, 27 aprel 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, həmin barışıq sazişini Ərizəçi və Maraqlı şəxs aşağıdakı şərtlərlə bağlanmışlar: Tərəflər razılaşır ki, 21 yanvar 2021-ci il tarixdə aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ-İİ № 421036, 35 № ilə qeydiyyata alımış) nikaha xitam verilsin. Tərəflər razılaşır ki, bu sazişin 1-ci bəndində qeyd edilmiş nikahdan 30 sentyabr 2021-ci il tarixdə anadan olmuş X1 anası Ərizəçi himayəsində saxlanılır. Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş, 30 sentyabr 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Maraqlı şəxs hər ay 200 (iki yüz) manat məbləğində aliment ödəyir. Alimentin ödənilməsi 2023-ü ilin may ayından başlayaraq hər ayın 7-10 aralığında ödənilir. Tərəflər razılaşır ki, Maraqlı şəxs övladları 30 sentyabr 2021-ci il təvəllüdlü X3 ilə həftə ərzində 2 gün ünsiyyətdə olacaq. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. 33.1-ci və 33.3-cü maddələrinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci və 34.3-cü maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş, 30 sentyabr 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödəməsi, alimentin 2023-ü ilin may ayından başlayaraq hər ayın 7-10 aralığında ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 27 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, sözügedən 27 aprel 2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyil və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasəm qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinin tələbinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, ərizəçi 100 və 50 manat, cəmi 150 manat məbləğində dövlət rüsumunun maraqlı şəxsdən tutularaq onun xeyrinə ödənilməsini tələb etsə də, iş materialları ilə ərizəçi tərəfindən 100 manat dövlət rüsumunun ödənilməsi təsdiq edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə qismən təmin edilməli, maraqlı şəxsdən 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/13/2023-00449 nömrəli, 27 aprel 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, Ərizəçi tərəfindən dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi verilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/13/2023-00449 nömrəli, 27 aprel 2023-cü il tarixli Barışıq Sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş, 30 sentyabr 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəməli olan Maraqlı şəxs hər ay 200 (iki yüz) manat məbləğində aliment ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin may ayından başlayaraq hər ayın 7-10 aralığında ödənilir. Tərəflər razılaşır ki, Maraqlı şəxs övladı 30 sentyabr 2021-ci il təvəllüdlü X3 ilə həftə ərzində 2 gün ünsiyyətdə olacaq. Ərizəçi tərəfindən dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi verilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar