Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-980/2020 03.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dəyəri 948 manat olan, ümumi çəkisi 11.86 qram olan 750 əyarlı bir ədəd qolbaq, bir ədəd klon, dəyəri 1760 manat olan, çəkisi 22 qram olan 750 əyarlı sünbül formalı boyunbağı, dəyəri 880 manat olan, 750 əyarlı çəkisi 11 qram olan 2 ədəd üzük olmaqla ümumi çəkisi 45.04 qram olan qızıl-zinət əşyalarını və ya onların dəyəri 3588.80 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2018-ci il tarixdə ünvan 1 ünvanında lombard kimi fəaliyyət göstərən VÖEN ********** lombarda müraciət edərək, ümumi çəkisi 11.86 qram olan 750 əyarlı bir ədəd qolbaq, bir ədəd klon, çəkisi 22 qram olan 750 əyarlı sünbül formalı boyunbağı, 750 əyarlı çəkisi 11 qram olan 2 ədəd üzük olmaqla, ümumi çəkisi 45.04 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq, aylıq 5 % ödəməklə 900 manat məbləğində pul götürmüşdür. xx.xx.2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək hər ay 45 manat faiz, bundan başqa aldığı 900 manatdan 650 manat əsas borcdan ödəniş etmişdir. Cavabdehə cəmi 250 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehdən aldığı 900 manatdan 650 manat hissəsini ödədikdən sonra qızıl-zinət əşyalarının 650 manat dəyərləndirilmiş hissəsinə aid qızılları geri tələb etdikdə, cavabdeh qızıl-zinət əşyalarının bankda girovda olduğunu, 250 manat da ödənildikdən sonra qızıl-zinət əşyalarını geri qaytaracağını bildirmişdir. 2019-cu ilin noyabr ayında cavabdehə müraciət edərək, 250 manat hissəni də ödəmək istədiyini və qızıl-zinət əşyalarını geri qaytarmasını bildirdikdə, cavabdeh səhhətində problemlər olduğunu, ayağı sındığından bir həftədən sonra qızıl-zinət əşyalarını geri qaytara biləcəyini bildirmişdir. Sonradan isə qızıl-zinət əşyalarının qaytarmaqdan müxtəlif bəhanələrlə qaytarmaqdan imtina etdiyindən, bu barədə DİN-nə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Nizami RPİ-nin 25-ci FB-nə müraciət etmişdir. Nizami RPİ-nin 25-ci PB-nin təhqiqatçısı Nəcəfov Rövşən Vaqif oğlunun xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təhqiqat zamanı cavabdeh izahatında ondan ümumi çəkisi 45.04 qram olan qızıl-zinət əşyalarını 900 manat müqabilində girov qismində aldığını, həmin məbləğdən 650 manat hissəsini qaytardığını, 250 manat ödənilməmiş borcunun qaldığını etiraf etmiş, lakin 2019-cu ilin dekabr ayının sonunadək qızıl-zinət əşyalarını qaytaracağını bildirmişdir. Lakin cavabdeh qızıl-zinət əşyalarını qaytarmamasının səbəbini nə izahatında göstərməmiş, nə də ona bu barədə məlumat verməmişdir. Hal-hazırda isə qızıl-zinət əşyalarını geri qaytarması barədə müraciət edən zaman, onun telefon zənxxərinə cavab vermir. Cavabdehin hərəkətlərindən ona məxsus qızıl-zinət əşyalarını qaytarmaqdan yayındığı aydın görünür. Onun isə həmin əşyalara ehtiyacı olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, cavabdehdən dəyəri 948 manat olan, ümumi çəkisi 11.86 qram olan 750 əyarlı bir ədəd qolbaq, bir ədəd klon, dəyəri 1760 manat olan, çəkisi 22 qram olan 750 əyarlı sünbül formalı boyunbağı, dəyəri 880 manat olan, 750 əyarlı çəkisi 11 qram olan 2 ədəd üzük olmaqla ümumi çəkisi 45.04 qram olan qızıl-zinət əşyalarını və ya onların dəyəri 3588.80 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddiaçının qeyd etdiyi qızıllardan bir ədəd üzük 750 əyardır, qalanları isə 585 əyardır. Qızıllar onda deyil, lakin əvəzində qızıl qaytaracaq. Eyni zamanda, qızılların dəyəri iddia tələbində qeyd edildiyi məbləğdə deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərəkhesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ARŞ seriyalı 010556 saylı girov biletinin surətindən görünür ki, ********** saylı VÖEN ilə fəaliyyət göstərən Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdə girov qəbul edərək, sonuncuya 900 manat pul vermişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh izahatında göstərilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə ümumi çəkisi 45 qram təşkil edən müxtəlif növ qızıl-zinyət əşyalarını lombarda girov qoymaqla 900 manat pul götürmüş, lombarda olan faiz borcu ilə yanaşı, əsas borcdan da müəyyən pul ödəmişdir. O, İddiaçı məxsus qızıl-zinyət əşyalarını tam şəkildə təhvil verəcəyini bildirmişdir. İddia tələbindən görünür ki, iddiaçı dəyəri 948 manat olan, ümumi çəkisi 11.86 qram olan 750 əyarlı bir ədəd qolbaq, bir ədəd klon, dəyəri 1760 manat olan, çəkisi 22 qram olan 750 əyarlı sünbül formalı boyunbağı, dəyəri 880 manat olan, 750 əyarlı çəkisi 11 qram olan 2 ədəd üzük olmaqla ümumi çəkisi 45.04 qram olan qızıl-zinət əşyalarının cavabdehə verildiyini iddia edərək, həmin zinət əşyalarının və ya onların dəyərinin qaytarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli “xx” MMC-nin Əhmədli filialına girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən girov qoyulan zinət əşyaları 6.40 qram 750 əyar üzük, 4.90 qram 583 əyar üzük, 22.10 qram 583 əyar sünbül boyunbağı, 7.50 qram 583 əyar qolbaq və 4.40 qram 583 əyar klondan ibarətdir. Eyni zamanda, cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək, iddiaçının qeyd etdiyi əşyaları ondan aldığını, lakin həmin əşyaların dəyərinin iddiaçının iddia etdiyi məbləğdə deyil, daha az olduğunu irəli sürmüşdür. İşin ədalətli araşdırılması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 9/1267 saylı rəyindən görünür ki, 6.40 qram 750 əyar üzük, 4.90 qram 583 əyar üzük, 22.10 qram 583 əyar sünbül boyunbağı, 7.50 qram 583 əyar qolbaq və 4.40 qram 583 əyar klondan ibarət qızıl-zinət əşyalarının ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2846 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 6.40 qram 750 əyar üzük, 4.90 qram 583 əyar üzük, 22.10 qram 583 əyar sünbül boyunbağı, 7.50 qram 583 əyar qolbaq və 4.40 qram 583 əyar klondan ibarət qızıl-zinət əşyaları cavabdehə girov verilərək aylıq 5 faiz ödəmək şərti əvəzində pul əldə edilmiş, iddiaçı tərəfindən öhdəliyi yerinə yetirilsə də, cavabdeh qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmiş, həmin əşyaların siyahısı və dəyəri ekspert rəyində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qızıl-zinət əşyalarının dəyərinə dair ekspertin gəldiyi nəticələr əsas götürülməklə iddiaçıya dəymiş zərərin miqdarı kimi 2846 manat məbləğinin götürülməsi əsaslı və məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 272-ci maddəsinə əsasən, Girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. Həmin Məcəllənin 283.3-cü maddəsinə əsasən, girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh aralarındakı müqavilə üzrəöhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 2846 manat məbləğində pul vəsaitinin tutulması təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 2846 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçınun xeyrinə 2846 (iki min səkkiz yüz qırx altı) manat məbləğində pul vəsaiti və 15 (on beş) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-980/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-980/2020
03.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver