Məhkəmə qərarları › İş №2(004)-1149/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1149/2023

27.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1149/2023 27.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün orta aylıq əmək haqqının və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki işə (“X3” mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 04 oktyabr 2022 tarixli, K-920 nömrəli əmrin ləğv edilməsi; onun Cavabdeh MMC-də işə bərpa edilməsi; onunla cavabdeh tərəfindən ona işdən çıxarıldığı 04 oktyabr 2022 tarixindən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi; istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi; işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 may 2020 tarixli əmək müqaviləsinə əsasən iddiaçı 1 nömrəli ev mebeli topdan satış anbarına sürücü vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi üzrə əmək haqqı 150 manat təşkil etmişdir. Ötən ilin may ayında səhhəti kəskin pisləşdiyi üçün xəstəxanada müalicə almalı olmuşdur. 27 sentyabr 2022 tarixdən 12 oktyabr 2022 tarixədək (xəstəliyin vaxtı sonradan uzadılmaqla) xəstəliyi ilə bağlı işdə olmamışdır. Əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə cavabdehin 04 oktyabr 2022 tarixli, K-920 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas olaraq onun üzrsüz səbəbdən işə gəlməməsini göstərmişdir. Halbuki, o xəstəliyinə görə - üzrlü səbəbdən işə gedə bilməmişdir. 27 sentyabr 2022 tarixdən 12 oktyabr 2022 tarixədək ambulator müalicə almışdır, əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işdə olmamışdır. Əmək qabiliyyətinin olmaması vərəqəsini cavabdehə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddianı müdafiə edirək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçıya işə çıxmamasının üzrlü səbəbləri barədə sənədin təqdim olunması təklif olunmuşdur. Belə bir sənəd təqdim olunmadığından onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilmiş, bundan sonra iddiaçı tam doldurulmamış xəstəlik vərəqəsini təqdim etmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmrindən görünür ki, ev mebeli topdan satış anbarı 1 struktur bölmə sürücü (əvəzçilik üzrə) vəzifəsini tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən (üzrsüz səbəbdən işə gəlməməsi) 04 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarından müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə vəzifəli şəxs (Cavabdeh MMC- nin direktoru) X2 işçi İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə, yəni İddiaçı xəstə olduğu halda onun əmək müqaviləsinə üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi) xitam verildiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə ona 1600 manat şərti cərimə tətbiq edilmişdir. Cavabdeh MMC- nin direktoru X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin 18 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, X3 Xidmətinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC- nin direktoru X2 qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(103)-492/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-646/2023 saylı qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda... Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: ...əmək qabiliyyətini müvəqqəti itirən işçilərin... bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə tədqiq olunmuş sübutlarla cavabdeh tərəfindən iddiaçının əsassız olaraq işdən çıxarılması müəyyən edilmişdir. Belə ki, iddiaçı xəstə olması ilə əlaqədar, yəni üzrlü səbəbdən işə çıxmamasına baxmayaraq cavabdeh iddiaçı ilə əmək müqaviləsinə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə xitam vermişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmri ləğv olunmalı, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı, eyni zamanda həmin müddətə aid istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməklə Cavabdeh MMC-nin ev mebeli topdan satış anbarı 1 struktur bölmə üzrə (əvəzçilik üzrə) sürücü işinə bərpa olunmalıdır. Bundan əlavə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 50 manat mediasiya xərci cavabdehdən iddiaçıdan xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddia qiymətləndirilməyən iddia olduğundan 100 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-nin 04 oktyabr 2022-ci il tarixli K-920 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməklə Cavabdeh MMC-nin ev mebeli topdan satış anbarı 1 struktur bölmə üzrə (əvəzçilik üzrə) sürücü vəzifəsinə bərpa olunsun. Cavabdeh MMC-dən 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 100 (yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar