Məhkəmə qərarları › İş №2(030)-162/2025

Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №2(030)-162/2025

07.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № 2(030)-162/2025 07.04.2025 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X9 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi, İddiaçı İsbəndiyar oğlunun, Cavabdeh Daşkləsən Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İsbəndiyar oğlunun cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti X12 Daşkəsən Su X1 İdarəsinə qarşı işdən azad edilmə əmrinin ləğv edilməsi, işə bərpa olunma və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı İsbəndiyar oğlu cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X5 Xidməti X12 Daşkləsən Su X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 7 №-li Regional Sukanal İdarəsi üzrə 31 oktyabr 2024-cü il tarixli 383-k nömrəli əmrin ləğv edilməsi, həmin idarənin tabeliyində olan 2 saylı nasos stansiyasının nasos qurğularının maşinisti vəzifəsinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının, ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İsbəndiyar oğlu 7 №-li Regional Sukanal İdarəsinin 31 oktyabr 2024-cü il tarixli 383-k nömrəli əmri ilə X3 istismarının təşkili və idarə edilməsinə nəzarət qrupunun 2 saylı su nasos stansiyasının nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsinə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh tam əsassız olaraq Əmək Məcəlləsinin tələblərini pozaraq onu işdən çıxartmışdır. Belə ki, ştat vahidinin ixtisar edilməsi səbəbindən onun işdən kənarlaşdırılmasına baxmayaraq onun işlədiyi 1 saylı nasos stansiyası yenə də fəaliyyət göstərir. Hazırda həmin stansiyada 4 nəfər işləyir və onlardan 2 nəfəri onunla birlikdə işləyən əvvəlki işçilərdir. Onun və ondan başqa işdən çılxarılmış digər şəxsin əvəzinə bir nəfər yeni işçi işə götürülmüş, digər işçi isə başqa nasos stansiyasına gətirilərək iş yeri dəyişdirilmişdir. Onun işlədiyi maşinist ştat vahidi ixtisar edilməmiş və həmin vəzifəyə başqa şəxs təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı İsbəndiyar oğlu iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, ştat vahidinin ixtisar edilməsi səbəbindən onun işdən kənarlaşdırılmasına baxmayaraq onun işlədiyi 1 saylı nasos stansiyası yenə də fəaliyyət göstərir. Hazırda həmin stansiyada 4 nəfər işləyir və onlardan 2 nəfəri onunla birlikdə işləyən əvvəlki işçilərdir. O, işdən azad olunmamışdan öncə idarəyə dəvət edilimiş və ona ştatın ixtisar olunacağı barədə yazılı bildiriş verilmişdir. Bildirişin verilmə tarixi əmrdə göstərilən tarixə uyğundur. Səbəbini soruşduqda idarə müdiri öz vəzifəsinin də ixtisar olunacağını ona bildirmişdir. Həmçinin müvafiq ödənişləri almışdır. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Daşkləsən Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşə əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli 002/F nömrəli əmrin surətindən görünür ki, Agentliyin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 strukturu və ştat cədvəli təsdiq edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 21 iyun 2024-cü il tarixli 09 nömrəli X8 fəaliyyətinin təşkili haqqında əmrin surətindən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 strukturunda idarəetmə mexanizminin yaradılması və fəaliyyətinin təşkili məqsədilə aşagıda qeyd olunan zəruri tədbirlərin görülməsi təmin edilməsi qeyd edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 strukturuna daxil olan Xidmətin Aparatı və tabeli qurumlarının ştat vahidlərinin sayı bu əmrə 1 nömrəli əlavəyə uyğun təsdiq edilmişdir. Əmrə əsasən İqtisadiyyat və uçot şöbəsinin müdirinə tapşırılmışdır ki, bu əmrə 1 nömrəli əlavədə qeyd olunan tabe qurumların ştat cədvəlləri hazılansın və təsdiq üçün X8 İdarə Heyətinin sədrinə təqdim olunmasını təmin etsın, Huquq şöbəsinin müdirinə tapşırılmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 strukturuna daxil olan Xidməti Aparatı üzrə şöbə və sektorların həmçinin, tabeli qurumların əsasnamələrinin hazırlanaraq təsdiq üçün X8 idarə Heyətinin sədrinə təqdim olunmasını təmin etsin. İnsan resursları və karguzarlıq şöbəsinin müdirinə tapşırılmışdır ki, təsdiq olunmuş ştat cədvəlləri üzrə Xidməti Aparatında və tabeli qurumlarında işçilərin əmək münasibətlərinin mövcud qanunvericiliyə uyğun tənzimlənməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin. Bu əmr imzalandığı tarixdən qüvvəyə minmişdir. İşə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti 7 №-li Regional Sukanl İdarəsinin ştat vahidinin ixtisara düşməsi barədə 15 iyul 2024-cü il tarixli 13-16-9-7/2-01/6-281/2024 nömrəli xəbərdarlıq məktubu ilə İddiaçı İsbəndiyar oğluna bildirilmişdir ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il tarixli 17 noyabr tarixli 2356 nömrəli fərmanına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən sizinlə bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünüzə iş yeri axtarmaq üçün Siz bir iş günü işdən azad edilirsiniz, xəbərdarlıq müddəti ərzində ixtisasınıza uyğun olan iş yeri müəyyən edilərsə, Sizə bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsi müraciət etdiyiniz gündən ləğv edilə bilər. İşə əlavə edilmiş 7 №-li Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı təşkilatının sədrinin 25 oktyabr 2024-cü il tarixli 345 nömrəli məktubundan görünür ki, X3 12 nəfər işçisinin, o cümlədən istismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun nasos qurğularının maşinisti İddiaçı İsbəndiyar oğlunun əmək müvaqiləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsinə etiraz edilmədiyi bildirilmişdir. İşə əlavə edilmiş İddiaçı İsbəndiyar oğlunun adına tərtib edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, "xxxx" ASC 7 №-li Regional Sukanal İdarəsi üzrə 12 may 2023-cü il tarixli 24-k nömrəli əmrlə İddiaçı İsbəndiyar oğlu ilə bağlanmış əmək müqaviləsinə əsasən X3 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupuna 2-ci dərəcə ilə 2 saylı su nasos stansiyasına nasos qurğularının maşinisti vəzifəsinə təyin edilmişdir. 7 №-li Regional Sukanal İdarəsi üzrə 31 oktyabr 2024-cü il tarixli 383-k nömrəli əmrlə İddiaçı İsbəndiyar oğlu ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin və ştatların sayı ixtisar edildikdə) ləğv edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 7 №-li Regional Sukanal İdarəsi üzrə 31 oktyabr 2024-cü il tarixli 383-K nömrəli əmrinin surətindən görünür ki, X3 İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun 2 saylı su nasos stansiyasının nasos qurğularının maşinisti işləyən İddiaçı İsbəndiyar oğlu ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təshizatı Xidməti” X8 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir Həmin əmrdə İddiaçı İsbəndiyar oğluna Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 1 il 2 ay 5 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.4 misli miqdarında müavinətin, 12 may 2023-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 31 təqvim günü pul əvəzi ödənilməsi qeyd olunmuşdur. Əmrin verilmə əsası kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 7 №-li Regional Sukanal İdarəsinin 17 iyul 2024-cü il tarixli bildirişi və 7 №-li Regional Sukanal İdarəsinin Həmkarlar İttifaqı təşkilatının sədri Nizami Qasımovun 25 oktyabr 2024-cü il tarixli 345 nömrəli məktubu göstərilmişdir. İşə əlavə edilmiş Gəncə 2 saylı Mediasiya təşkilatının ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə 28 dekabr 2024-cü il tarixli MŞG/1-MT033/2024-00776 nömrəli arayışından görünür ki, mübahisə ilə “İri Şəhərlərin Su Təhcizatı Xidməti” X12 7 saylı sukanal İdarəsi 28 dekabr 2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 5.1-ci bəndinə əsasən, bu Fərmanın 3-cü hissəsi və 5.3 – 5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X5 Xidməti; 5.2-ci bəndinə görə, bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır. Həmin Fərmanın 6.7-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan X12lər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki X12lərin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarının 1 və 2-ci bəndlərinə əsasən “X5 Xidmətinin Nizamnaməsi” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi” təsdiq edilmiş, həmin Qərarın 6-cı bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı və “Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı ləğv edilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il tarixli 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılmasə məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2024-cü il tarixli 97 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kjabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda aşağıdakı dəyişiklik edilmişdir. Qərarın 9.1.1.2-ci bəndinə əsasən, "xxxx" Səhmdar Cəmiyyətinin” sözləri “Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin, Azərbaycan Respublikasının digər rayon və şəhərlərində “X5 Xidmətinin” sözlər ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı "xxxx" ASC 7 №-li Regional Sukanal İdarəsi üzrə 12 may 2023-cü il tarixli əmr ilə X3 İstismarını təşkili və idarə edilməsinə nəzarət qrupuna 2-ci dərəcə ilə 2 saylı su nasos stansiyasına nasos qurğularının maşinisti təyin edilmişdir. 7 №-li Regional Sukanal İdarəsi "xxxx" ASC-nin tabeliyində olmaqla Naftalan şəhərində yerləşmişdir. X7 7 №-li Regional Sukanal İdarəsinin sahəsi olmuşdur. "xxxx" ASC-nin ləğvi ilə əlaqədar “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 yaradılmışdır. Bu hüquqi şəxsin strukturu daxilində regionlar üzrə Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində Sukanal idarələri təşkil olunmuşdur. Azərbaycan Respublikasının digər rayon və şəhərlərində “X5 Xidmətinin” müvafiq idarələri yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 işçilərinin say həddi 7700 ştat vahidi müəyyən edilmişdir ki, həmin ştat vahidləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərin Sukanal idarələrini və digər su kanal idarələrinə aiddir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 dövlət qeydiyyatına alındığı günədək "xxxx" Açıq Səhmdar Cəmiyyəti öz fəaliyyətini davam etdirmiş və onun strukturu, işçilərinin say həddi, əməkhaqları və əməyin ödənilməsi sistemi saxlanılmışdır. İşin hallarından göründüyü kimi "xxxx" ASC 7 №-li Regional Sukanal İdarəsi Naftalan şəhərində yerləşməsinə baxmayaraq regional olmaqla həmin idarə, olduğu yerdən kənarda, yəni ətraf rayon və şəhərlərdə, o cümlədən X7ndə öz funksiyalarını həyata keçirən hüquqi şəxs olmuşdur. Yeni yaradılan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərin Sukanal idarələri isə yalnız həmin şəhərlərdə öz funksiyalarını həyata keçirirlər. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinin xitamından sonra işçi ilə əmək müqaviləsinin tərəfi olmuş hüquqi şəxsin ləğv edilməsi halı baş vermişdir. Əmək müqaviləsinə xitam verilməmişdən öncə işçi yazılı qaydada xəbərdar edildiyindən və müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığı alındığından, işçiyə əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.4 misli miqdarında müavinət, işlədiyi dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə pul əvəzi ödənilmiş olduğundan və əmək müqaviləsinə xitam verilməsini istisna edən hallar mövcud olmadığından Əmək Məcəlləsinin tələblərinin pozulması halları baş verməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Dövlət Su X2 rayonu üzrə qurumu yeni yaradılmış olan Daşkləsən Su X1 İdarəsidir. Bu idarə "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” strukturuna daxil deyildir və “X5 Xidməti” Publik huquqi şəxsin tərkibində yeni yaradılmış idarədir. Hazırda iddiaçı mövcud əmrin ləğv edilməsi ilə barabər öz işinə bərpa olunmasını tələb edir. Lakin, yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçı əmək fəaliyyətini Daşkəsən rayonu ərazisində həyata keçirmiş olsa da, həmçinin hal-hazırda Azərbaycan Dövlət Su X2 rayonu üzrə qurumu Daşkləsən Su X1 İdarəsi olsa da, hazırda Daşkləsən Su X1 İdarəsinə aid mövcud ştatlar üzrə iddiaçının əvvəllər işləmiş olduğu yerdə digər şəxs işləmiş olsa da, həmin şəxs iddiaçının yerinə götürülmüş işçi sayılmır. Belə ki, iş yeri üzrə ştatın ixtisar olunması və müəssisənin ləğv edilməsi artıq həmin ştat üzrə işə qəbul edilməni mümkünsüz edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinin ləğv edilməsi əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi əsas hesab olunan rəsmi sənədlər barədə məlumatlar əmrin məzmununda göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda tələb olunan məlumatlar göstərilmədikdə əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar