Məhkəmə qərarları › İş №2(105)-1449/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1449/2025

17.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1449/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2 Naminə” İctimai Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, cavabdeh “X2 Naminə” İctimai Birliyinin nümayəndələri Nümayəndə2, Nümayəndə3, vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “X2 Naminə” İctimai Birliyinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 4098/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşəgötürən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin sədri X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2005-ci il tarixdə Respublika Birliyinin aparatının baş iqtisadçısı vəzifəsinə təyin olunmuşdur.

2. “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin xx.xx.2016-cı il tarixli, 09 saylı sərəncamına əsasən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyi aparatının baş iqtisadçısı İddiaçı normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə уetirmədiyinə və əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəlikləri tam icra etmədiyinə Əmək Məcəlləsinin 10 və 11-ci maddələrində nəzərdə tutulan vəzifə və hüquqları pozduğuna görə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və bir daha intizam qaydalarını pozarsa, daha ciddi intizam məsuliyyətinə cəlb olunacağı barədə nəzərinə çatdırılması qərara alınmışdır.

3. İşəgötürən “Azərbaycan Kolxozlararası Sağlamlıq” Respublika Birliyinin sədri X4 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, sonuncu Respublika Respublika Birliyinin əsas baş iqtisadçısı vəzifəsinə təyin olunmuş, əməkhaqqı məbləği 1203 manat təşkil edir.

4. xx.xx.2024-cü il tarixli, 1902 qeydiyyat nömrəli qeyri-kommersiya hüquqi şəxsinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Respublikası Kolxozlararası Sağlamlıq Respublika Birliyinin adı dəyişərək “X2 Naminə” İctimai Birliyinə çevrilmişdir.

5. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 16-1/2-716/2024 saylı cavab məktubundan görünür ki, müracəti ilə onun AHİK-ın inzibati binasına dəvət olunaraq rəhbər heyət tərəfindən qəbul olunduğu, qəbul zamanı müraciətində qaldırdığı məsələlərlə bağlı ona qanunvericiliyin tələblərinin izah edilərək müvafiq köməklik göstərildiyi, eyni zamanda Birliyin fəaliyyəti ilə bağlı qeyd etdiyi digər məsələlərlə əlaqədar “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyində müvafiq işlərin aparılacağı və qanunamüvafiq şəkildə tədbirlərin görüləcəyi bildirilmişdir.

6. “X2 Naminə” İB-nin Ümumi Yığıncağının xx.xx.2025-ci il tarixli 2 nömrəli Protokolu ilə təsdiq edilmiş İdarə Aparatının ştat cədvəlindən görünür ki, aparatın tərkibində direktor, 2 direktor müavini, baş mühasib, informasiya texnologiyaları üzrə aparıcı mütəxəssis, kurort işinin təşkili üzrə mütəxəssis, təşkilat işləri üzrə mütəxəssis, 2 sürücü, xadimə və 2 gözətçi olmaqla, cəmi 12 ştat vahidi ayrılmışdır.

7. 05.03.2025-ci il tarixli İddiaçı Birliyin direktoru İ.Rzayevin iş otağında etik qaydaları pozması haqqında aktda “Bu gün saat 12 radələrində keçmiş adı ilə adlandırsaq, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin baş iqtisadçısı İddiaçı yeni adla təsdiq olunmuş və qeydiyyatdan keçmiş “X2 Naminə” İctimai Birliyinin ştat cədvəlinə uyğun olaraq baş iqtisadçı ştatı ixtisara salınmış və yeni adla və yüksək əməkhaqqı ila kurort işinin təşkili üzrə mütəxəssis ştatı təklif olunmuşdur. Bununla bağlı o ərizə yazmaqdan imtina etmiş, sədrin otağına girərək qərəzli va şantaj xarakterli danışıqlar aparmış və aidiyyəti olmayan Sİ va İDİ-nin rəisi F.Əliyevin ünvanına nalayiq, böhtan xarakterli sözlər danışmış və guya birliyin sədri yuxarı orqanlara əvvəl 500 min, sonradan isə 1 milyon manat vermişdir. Ona görə də birliyin direktoru F.Əliyevi və məni kabinetə dəvət etdi ki, şər-böhtanı araşdırsın. Yusifova özündən uydurmalara son qoysun. Eyni ilə əvvəllər dəfələrlə iclaslarda olduğu kimi hirsli, emosional halda təhqir və şantaj etməklə başladı ki, sən o başda ev tikmisən (əxlaqsızlıq mənasında) orada kimi saxlayırsan. F.Əliyev də ona inansın deyə izah etdi ki, belə şeylər yoxdur. Bəsdir bu böhtanlar. Hər gün işə gələndə, işdən gedəndə hamının ünvanına atmacalı sözlər, söyüşlər, qarğışlar edirsən. “Hamınız dələduz, rüşvətxorsunuz” deyirsən. “Burada kiminsə iqtisadçı diplomu var? Təkcə iqtisadçı diplomlu, savadlı mənəm, özüm də bakılıyam. Sən get Ağdamında tik”. Ailə, uşaq hamısına qarğış, böhtan söyləyərək, “hamınız mənim əleyhiməsiniz” və s. deyərək çıxıb getdi” ifadələri qeyd olunmuşdur.

8. “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin ilk Həmkarlar İttifaqı komitəsinə “Birliyin baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, Birliyinin sədri İ.S.Rzayev tərəfindən “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin İlk Həmkarlar İttifaqı Komitəsindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərini nəzərə alınaraq bu məsələnin Komitənin ümumi iclasında müzakirə edilməsi və Birliyin baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir.

9. “X2 Naminə” İctimai Birliyinin (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin) Həmkarlaq İttifaqı Komitəsinin ümumi iclasının xx.xx.2025-ci il tarixli, 02 saylı protokolundan görünür ki, birliyin baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi ilə bağlı Birliyinin sədri İ.S.Rzayevin təqdimatına razılıq verilməsi qərara alınmışdır.

10. “X2 Naminə” İctimai Birliyinin sürücüsü İ.Nərimanov tərəfindən Birliyin direktoru İ.Rzayevə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə “xx.xx.2025-ci il nahar vaxtı mən maşının yanında olarkən Birliyin baş iqtisadçısı İddiaçı məni kənara çağıraraq başladı məni təhqir edib sənin kimi şərəfsiz alçaq adam yoxdu sözləri deməyə. Gör səni neyniyəcəm. Nəyə görə soruşdum o cavab vermədi. Mən də uzaqlaşıb getdim” ifadəsi qeyd olunmuşdur.

11. “X2 Naminə” İctimai Birliyinin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmrindən görünür ki, yeni adı “X2 Naminə” İctimai Birliyinin (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin) baş iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2025ci il tarixdən ləğv edilməsi və onun baş iqtisadçı vəzifəsindən azad edilməsi, İddiaçı əmək kitabçasının əmr imzalandığı gün ona verilməsi və aktlaşdırılması, İctimai Birliyin mühasibatlığına İddiaçı ilə son haqq hesab sənədlərinin hazırlanması və ödənilməsi, maddi məsul şəxs kimi İddiaçı öhdəsində olan əmlak və qiymətli sənədlərin siyahı üzrə Nümayəndə3 təhvil verilməsi, əmrin icrasına nəzarətin birliyin sədr müavini Nümayəndə2 tapşırılması əmr edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə əmək kitabçasını götürdüyünü qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir.

12. 26.10.1964-cü il tarixli İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə “X2 Naminə” İctimai Birliyinin (köhnə adı ilə “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin) 07 nömrəli 10 aprel tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsi ləğv edilmiş və baş iqtisadçı vəzifəsindən azad edilmişdir.

13. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 16-1/2-Y-7/4-42/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, müraciəti ilə əlaqədar AHİK-in Əməyin Mühafizəsi və X6 dəvət edilərək, müvafiq söhbətlər aparıldığı, lakin müraciətində qeyd etdiyi məsələlər barədə təsdiqedici heç bir sənəd təqdim etmədiyi, həmçinin fəaliyyəti dövründə dövlət, AHİK və iş yeri tərəfindən müxtəlif medal, döş nişanı və pul mükafatları ilə təltif edildiyi, bundan əlavə “X2 Naminə” İctimai Birliyi tərəfindən təqdim edilən sənədlər əsasında işlədiyi son dövrlərdə onun iş yoldaşlarına qarşı aqressiv münasibət və davranışlar sərgiləyərək verilmiş tapşırıqların yerinə yetirilməsindən imtina etdiyinin müəyyən olunduğu, bunun nəticəsi olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada, işdən azad olunmağı barədə işəgötürən tərəfindən verilən təqdimata həmin müəssisənin həmkarlar ittifaqı təşkilatında müzakirə olunaraq razılıq verildiyi və onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdən xitam verildiyi qeyd olunmuşdur.

14. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3251/2025 qərardadı ilə İddiaçı işə bərpa və pul tələbi barədə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsinə riayət edilməyindən geri qaytarılması qərara alınmışdır.

15. Abşeron 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025- 00511 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət etmiş, xx.xx.2025-ci tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı cavabdeh “X2 Naminə” İctimai Birliyinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmrin ləğv edilməsi və “X2 naminə” ictimai birliyinə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci il tarixdən “X2 Naminə” İctimai Birliyində (könhə adı ilə “Azərkolxozlararasısağlamlıq” Respublika Birliyi) baş iqtisadçı vəzifəsində çalışmış, işlədiyi 41 il ərzində sözügedən müəssisədə qüsursuz və layiqincə çalışmış, xx.xx.2024-cü il tarixdə sözügedən idarənin adı dəyişdirilmiş və iddiaçının işlədiyi vəzifə qanunsuz olaraq ixtisara düşmüşdür. İddiaçıya heç bir xəbərdarlıq edilmədən çalışdığı baş iqtisadçı vəzifəsindən azad edilərək başqa vəzifəyə keçirilmiş, lakin bütün bunlardan onun xx.xx.2025-ci tarixdə xəbəri olmuşdur. Bundan sonra iddiaçının xəbəri, məlumatı olmadan əsassız olaraq xx.xx.2025-ci il tarixdə, 07 nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişlər. 41 il çalışdığı müddət ərzində layiqincə çalışmış, xx.xx.2008-ci il tarixdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əmək veteranlığı vəsiqəsi əldə etmiş, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1460 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş, həmçinin, AHİK-in İcraiyyə Komitəsinin xx.xx.2013-cü il tarixli, 1 b.7ə saylı Qərarı ilə “AHİK-20 il” yubiley döş nişanı ilə təltif olunmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh iddiaçının işlədiyi 41 il ərzində qüsursuz xidmətini, 61 illik əmək stajını, peşəkar, layiqincə xidmətini nəzərə almadan, qanunsuz və əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halları ilə əmək müqaviləsinə xitam verərək onu işdən azad etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh “X2 Naminə” İctimai Birliyinin vəkili-nümayəndəsi Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Məcəllənin 375.2-ci maddəsini rəhbər tutaraq iddia müddətini tətbiq edərək bu müddətin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Birliyin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmri ilə xitam verilmiş, əmrin surəti və əmək kitabçası son iş günü iddiaçıya təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndində işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün izah olunmuşdur. Belə ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verildiyinə, həmin gün əmrin surəti və əmək kitabçası ona təqdim edildiyindən həmin tarixin üzərindən 1 təqvim ayından artıq vaxt keçdikdən sonra xx.xx.20205-ci il tarixdə iddiaçının Birliyə mediasiya təklifi göndərərək mediasiya sessiyasında iştirak edərək daha sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq və şəxsin buraxılmış prosessual müddətin bərpası barədə əsaslı vəsatəti olmadığına görə iddia müddəti tətbiq olunmalıdır.

19. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, izahatında qeyd etmişdir ki, əvvəl böyük iqtisadçı, sonra baş iqtisadçı vəzifəsində işləmişdir. “X2 Naminə” İctimai Birliyində işlədiyi müddət ərzində yeri gəldikdə xadimə, mühasibi əvəz etmiş, müsbət iş fəaliyyətinə görə direktor Rzayev İmran tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Sonuncu vəzifəsi baş iqtisadçıdır. Öz işinə bərpa olunmuşdur. İdarənin adı qanunsuz işlərə görə xx.xx.2024-cü il tarixdə dəyişmişdir. İddiaçı məzuniyyətdən qayıtdıqda işdən çıxmağı ilə bağlı bildirilmişdir. xx.xx.2025-ci il tarixli əmrin surətini işdən çıxarıldığı vaxt - 11 apreldə almış, mediasiya təşkilatına isə iyunun 10- da müraciət etmişdir. İşlədiyi müddət ərzində ayrı-seçkiliyə məruz qalmışdır. Belə ki, mart ayında bülletendən qayıdanda bayramlarla əlaqəli hər kəs təbrik edilmiş, ondan başqa hər kəsə hədiyyələr verilmişdir. Heç bir əməkdaşla problemi olmamışdır. X7 iş otağında onu və atasını, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə3 onu və anasını təhqir etmişdir. Bundan əlavə qeyd etmişdir ki, ona başqa vəzifə təklif olunmuş, lakin maaşı az olduğundan razılaşmamışdır. Cavabdehə qarşı ilk iddiası 1990-cı illərdə qanunsuz işdən çıxarılmağı ilə bağlı olmuşdur. 2024-cü il tarixli əmək müqaviləsindən məlumatı belə olmamışdır. Şikayətlərinə görə ona qərəzli münasibət göstərilərək şər-böhtanla işdən çıxarmışlar. Cavabdehin direktoru obyektlərin qanunsuz satışı ilə məşğul olmuş, etirazlarını bildirdiyi üçün dəfələrlə ona töhmət verilmiş, heç bir yoxlama olmadan işdən azad edilmişdir. Həmçinin bildirmişdir ki, iddia müddətini ötürməmiş, 1 aylıq müddət ərzində məhkəməyə müraciət etsə də, məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılmış, sonradan nöqsanları ardan qaldıraraq xx.xx.2025-ci il tarixdə ərizə ilə mediasiyaya müraciət etdikdən sonra məhkəməyə yenidən müraciət etmişdir.

20. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X2 Naminə” İctimai Birliyinin vəkilinümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı dəfələrlə etik davranış qaydalarını, icra intizamını pozmuş, işçilərə yaxşı nümunə olmamışdır. Buna baxmayaraq, ona başqa vəzifə təklif olunmuş, lakin xanım razı olmamışdır. Çıxarılmanın əsası işçilərin, direktorun təhqir edilməsi, iş ahənginin pozulması olmuşdur. Aralarında məhkəmədənkənar barışıq olmamışdır. 2024-cü il tarixli əmək müqaviləsi elektron şəkildə bağlanılmışdır. Bu baxımdan iddiaçı həmin müqaviləni elektron sistemə daxil olaraq əldə etməli idi.

21. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X2 Naminə” İctimai Birliyinin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak etmiş cavabdeh “X2 Naminə” İctimai Birliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, uzun müddət iddiaçı ilə bir yerdə işləmiş, ona münasibətdə hər zaman hörmət göstərmişlər. Lakin iş kollektivi arasında son illər ərzində mübahisələr yaranmağa başlamış, 2016-cı ildə iddiaçıya töhmət verilmiş, sonuncu dəfə işdən azad etmişlər. Belə ki, ixtisara qədər iddiaçı baş iqtisadçı vəzifəsində işləmiş, yeni tərtib olmuş ştat cədvəlində onun vəzifəsi olmamış, sürücü, mütəxəssis vəzfiələri əlavə olunmuş, ona başqa kurortla bağlı iş təklif olunmuş, lakin qəbul etməmiş, iddiaçı kollektiv üzvləri ilə təhqir və söyüşlə danışmışdır.

23. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4098/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də, həmin tarixdən hesablanmalıdır. Belə ki, elə həmin gün iddiaçıya əmrin surəti təqdim edilmişdir. İddiaçı hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına xx.xx.2025-ci il tarixində müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir (xx.xx.2025-ci il tarixdə mediasiyaya müraciət etməklə müddətin axımı kəsilmiş olsa da belə, 1 aylıq iddia müddəti ötürülmüşdür). Habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılması ilə bağlı ərizə də təqdim etməmişdir. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

25. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3, 372.2, 375.1, 375.2, 380.1, Əmək Məcəlləsinin 10, 68.1, 70, 71.2, 294, 296.2, 296.3, 296.6-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən İddiaçıpellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hakimi onun şikayətlərinə məhəl qoymadan ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Hakim onun tənha qadın olduğunu və ona Rzayev tərəfindən şər-böhtanlar atıldığını nəzərə almamış, hətta məhkəmə iclasında iştirak etməyən Nümayəndə2 iştirakçı kimi qeyd etmişdir. İşin hallarını araşdırmaq üçün hüquqi imkanlar olduğu halda, məhkəmə bunları etməmiş və nəticədə cavabdehin maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almalı idi ki, işə düzgün hüquqi qiymət verməklə son nəticədə pozulmuş hüquqların bərpa edilməsinə rəvac verə bilərdi. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Məsələ ondan ibarətdir ki, işin halları öyrənilməsi zəruri olan məsələdir. Məhkəmə isə bunun ziddinə, iddiaçının dediklərini əsas götürərək, cavabdehin arqumentlərini öyrənməyə zərurət hiss etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh “X2 Naminə” İB-nın etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüş və onlar tərəfindən iddia müddətinin tətbiqi barədə Abşeron Rayon Məhkəməsinə ünvanlanmışdır. Həmin ərizədə də qeyd etdi kimi iddiaçı məhkəməyə müraciət edərkən əmək qanunvericiliyinin tələbini pozmuşdur. Belə ki, iddiaçının cavabdehlə bağladığı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Birliyin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmri ilə xitam verilmiş, əmrin surəti və əmək kitabçası son iş günü iddiaçıya təqdim olunmuşdur. İddiaçı son iş günü əmrin surətini və əmək kitabçasını təhvil alsa da, məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndində işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün izah olunmuşdur. Belə ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verildiyinə, həmin gün əmrin surəti və əmək kitabçası ona təqdim edildiyindən həmin tarixin üzərindən 1 təqvim ayından artıq vaxt keçdikdən sonra xx.xx.20205-ci il tarixində iddiaçının Birliyə mediasiya təklifi göndərərək mediasiya sessiyasında etməsini və bundan sonra xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etməsini, iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə əsaslı vəsatət təqdim edərək buraxılmış prosessual müddət bərpa edilmədiyindən, eləcə də tərəfimizdən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən məhkəmə haqlı olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmənin qətnamə də qeyd etdiyi kimi mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsində həmçinin məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün birinci olaraq iddia müddətinin ötürülüb-ötürülməməsi (bununla bağlı müddətin tətbiqi barədə ərizə olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsi (bununla bağlı müddətin bərpasına dair ərizə olmaqla) aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalı olması qeyd olunmuşdur. İddiaçı tərəfindən müddətin bərpasına dair ərizə verilmədiyindən və müddət bərpa edilmədiyindən işə mahiyyəti üzrə baxılmasına zərurət olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülməmiş və ya ötürülmüş iddia müddəti bərpa edilmiş olsaydı belə, iddia əsassız olduğundan məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə qəbul ediləcəkdi. İddiaçı 1982-ci ildən etibarən cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamışdır. Əvvəlki illərdə müəssisədaxili intizam qaydalarına əməl etsə də, son illərdə onun davranışında neqativ dəyişikliklər müşahidə edilmişdir. Belə ki, iddiaçı tərəfindən Birliyin rəhbərliyinə və işçi heyətinə qarşı təhqiramiz ifadələr işlədilmiş, böhtan xarakterli fikirlər səsləndirilmiş, bu isə işçi kollektivində haqlı narazılığa səbəb olmuşdur. İşçi heyəti tərəfindən rəhbərliyə dəfələrlə şifahi və yazılı şikayətlər edilmişdir. İddiaçıya bu barədə bir neçə dəfə xəbərdarlıq olunsa da, o intizam qaydalarına əməl etməmiş və əmək hüquqlarını pozmaqda davam etmişdir. İddiaçının bəzi intizam pozuntuları aktlaşdırılmış, şahidlər tərəfindən təsdiq edilmişdir. Davranışını düzəltmək əvəzinə o, bu hərəkətləri davam etdirmişdir. Bununla əlaqədar Birliyin sədri tərəfindən xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məsələsi Həmkarlar İttifaqı Komitəsinə təqdim edilmişdir. Məsələ Komitədə müzakirə olunmuş və razılıq verildikdən sonra Birliyin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Xitam zamanı əmək qanunvericiliyinin bütün tələblərinə əməl olunmuş, iddiaçıya əmrin surəti, əmək kitabçası təqdim edilmiş və son haqq-hesabı ödənilmişdir. Qeyd edilməlidir ki, iddiaçı bu kimi intizam pozuntularına görə 2016-cı ildə də Həmkarlar İttifaqı Komitəsində müzakirə olunmuş, Komitə onunla bağlanmış müqavilənin eyni əsasla ləğvinə razılıq vermiş, lakin o zaman iddiaçının yazılı müraciəti nəzərə alınaraq əmək münasibətləri davam etdirilmiş və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Buna baxmayaraq, iddiaçı öz davranışını düzəltməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ərizədə qeyd etdiyi “baş iqtisadçı” vəzifəsindən azad edilərək başqa vəzifəyə keçirilməsi barədə iddialar həqiqəti əks etdirmir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsində, Həmkarlar Komitəsinin protokolunda və Birliyin əmrində onun “baş iqtisadçı” vəzifəsində çalışdığı açıq şəkildə göstərilmişdir. İddiaçı işdən azad edilənədək həmin vəzifəni icra etmişdir. Əmək müqaviləsinin “işçinin əmək funksiyası” bölməsinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan əsas vəzifələrə riayət etməlidir. Həmin maddəyə görə, işçi əmək intizamına əməl etməli, iş yoldaşlarının əmək hüquqlarını pozmamalıdır. İddiaçı bu tələbləri pozaraq iş yerində əmək intizamını və iş mühitinin normal ahəngini pozmuşdur. İddiaçı iş saatı ərzində əmək funksiyalarını yerinə yetirmək əvəzinə digər işçilərə qarşı təhqiramiz sözlər işlətmiş, böhtan xarakterli ifadələr səsləndirmiş və bununla həm öz vəzifə öhdəliklərini, həm də başqalarının iş fəaliyyətini pozmuşdur. Bu davranışlar işçilərdə əsəb-stres yaratmış, nəticədə onların sağlam və təhlükəsiz əmək şəraitində işləmək hüquqları pozulmuşdur. Beləliklə, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan əmək vəzifələrinin pozulması faktı sübuta yetirilmiş və bu əsasla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilməsi tam qanunauyğundur. İddiaçının çoxsaylı əsassız müraciətləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və X5 Xidmətində araşdırılmış, qanunamüvafiq izahatlar verilmişdir. Birlik tərəfindən iddiaçıya qarşı əvvəllər dəfələrlə güzəştlər edilməsi, intizam pozuntularının aktlaşdırılmasına baxmayaraq əmək münasibətlərinə son qoyulmaması təşkilatın humanist və qərəzsiz mövqeyini göstərir. Lakin iddiaçı edilən xəbərdarlıqlardan nəticə çıxarmamış və intizam pozuntularını davam etdirmişdir. İş materiallarında olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xx.xx.2025-ci il tarixli, 16-1/2-Y-7/4-42/2025 saylı məktubu da təsdiq edir ki, iddiaçının hər hansı əmək hüququ cavabdeh tərəfindən pozulmamışdır. Belə ki, həmin məktubda iddiaçının onun müraciəti ilə əlaqədar AHİK-in Əməyin Mühafizəsi və X6 dəvət edilərək, müvafiq söhbətlər aparıldığı, lakin müraciətində qeyd etdiyi məsələlər barədə təsdiqedici heç bir sənəd təqdim etmədiyi, həmçinin fəaliyyəti dövründə dövlət, AHİK və iş yeri tərəfindən müxtəlif medal, döş nişanı və pul mükafatları ilə təltif edildiyi, bundan əlavə “X2 Naminə” İctimai Birliyi tərəfindən təqdim edilən sənədlər əsasında işlədiyi son dövrlərdə onun iş yoldaşlarına qarşı aqressiv münasibət və davranışlar sərgiləyərək verilmiş tapşırıqların yerinə yetirilməsindən imtina etdiyinin müəyyən olunduğu, bunun nəticəsi olaraq Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada, işdən azad olunmağı barədə işəgötürən tərəfindən verilən təqdimata həmin müəssisənin həmkarlar ittifaqı təşkilatında müzakirə olunaraq razılıq verildiyi və onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdən xitam verildiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulmasını təsdiqləyən heç bir sübut təqdim edə bilməmiş, əksinə cavabdehin təqdim etdiyi sənədlərlə iddiaçının əmək intizamını pozması faktı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən müəyyən olunmuşdur. İddiaçının sübut təqdim edə bilməməsi cavabdeh tərəfindən heç bir pozuntuya yol verilməməsindən qaynaqlanmış, pozuntu baş vermədiyindən, belə pozuntunu təsdiqləyən sübut da iddiaçıda mövcud olmamışdır. Qeyd edilmişdir ki, iş birinci instansiya məhkəməsində olarkən tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət edilərək İddiaçı müraciəti üzrə aparılan araşdırılmanın nəticəsi barədə məlumat təqdim edilməsi xahiş olunmuşdur. Həmin sorğuya xx.xx.2025-ci il tarixli, 3-17-5/2-866131/2025 nömrəli cavab məktubunda Birlik tərəfindən iddiaçının əmək hüquqlarının pozulması faktının öz təsdiqini tapmaması qeyd olunmuşdur. Bu sənəd xx.xx.2025-ci il tarixində təqdim olunduğundan və həmin vaxt işin məhkəmə baxışı yekunlaşdığından onu birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır, hazırda etiraza əlavə edilərək təqdim edilir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X2 Naminə” İctimai Birliyinin nümayəndələri Nümayəndə2, Nümayəndə3, vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

31. Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; (...)

32. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

34. Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

35. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 377.4. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

36. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

37. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

38. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. (...)

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

40. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

41. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

44. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

45. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. İddia tələbindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla, əmrin ləğv edilməsi, işə bərpa olunma ilə bağlıdır.

48. İddiaçı xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.

49. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur.

50. Cavabdeh tərəfin etirazına əsasən iddiaçı tərəfindən Birliyin rəhbərliyinə və işçi heyətinə qarşı təhqiramiz ifadələr işlədilmiş, böhtan xarakterli fikirlər səsləndirilmiş, bu isə işçi kollektivində haqlı narazılığa səbəb olmuş, işçi heyəti tərəfindən rəhbərliyə dəfələrlə şifahi və yazılı şikayətlər edilmiş, iddiaçıya bu barədə bir neçə dəfə xəbərdarlıq olunsa da, o intizam qaydalarına əməl etməmiş və əmək hüquqlarını pozmaqda davam etmişdir. Bununla əlaqədar Birliyin sədri tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsi Həmkarlar İttifaqı Komitəsinə təqdim edilmişdir. Məsələ Komitədə müzakirə olunmuş və razılıq verildikdən sonra Birliyin xx.xx.2025-ci il tarixli, 07 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.

51. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-866131/2025 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti üzrə aparılan araşdırma zamanı Birlik tərəfindən iddiaçının əmək hüquqlarının pozulması faktı öz təsdiqini tapmamışdır.

52. İşdən görünür ki, iddiaçı cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olmasını təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf isə həmin əmrin əsaslılığına dair aktları, yazışmaları və yuxarıda adı çəkilən sənədləri təqdim etmişdir.

53. Digər tərəfdən, iş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı xx.xx.2025ci il tarixdə əmək kitabçasını təhvil almışdır. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası barədə ərizəni xx.xx.2025-ci il tarixdə verilmiş və xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur (iş v. 5). Daha sonra, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddiaçı mövcud iddia ilə məhkəməyə müraciət edənədək artıq iddia müddətini ötürmüşdür.

54. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim edildiyindən, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

58. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4098/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-4098/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar